Ümummilli liderin xatirəsinə həsr olunmuş şahmat festivalı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar İsmayıllıda rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon Təhsil Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin, Rayon Mədəniyyət və Turizm Şöbəsinin, yerli idman federasiyalarının fəal iştirakı ilə müxtəlif mövzulu müsabiqələr, idman yarışları keçirilib.
Ümummilli liderin xatirəsinə həsr olunmuş şahmat festivalı
Rayon Şahmat məktəbinin, yerli şahmat federasiyasının, rayon Gənclər və İdman İdarəsinin 6 may 2016-cı il tarixdə təşkil etdiyi ümumrayon şahmat festivalı bu tədbirlərin daha maraqlılarından olub.
Geniş tərkibdə təmsil olunan İsmayıllı şahmatçılarının festivalını dövlət qulluğu və təhsil veteranı Valeh Salehov açıb.
Rayon şahmat federasiyasının sədr müavini Hafiz Kərimov ümummilli lider Heydər Əliyevin dövlət idman siyasətinin müəyyən edilib həyata keçirilməsindəki xidmətlərindən danışıb.
Şahmat məktəbinin direktoru Nadir Hacıyev yarışlara start verib. Olimpiya sistemi ilə keçirilən yarışların nəticəsi olaraq şəhər 7 nömrəli tam orta məktəbinin müəllimi Cahangir Niftalıyev birinci yeri tutub. Qarabağ müharibəsi veteranı Mikayıl Məmmədov ikinci olub. C.Niftalıyevin şagirdi Şamil Fətəliyev isə üçüncü yerə sahib olub.
Qaliblərə Azad Təhsil İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin hədiyyə və fəxri fərmanları, Gənclər və İdman İdarəsinin medal və diplomları təqdim olunub.
Şahmat festivalının qaliblərinin digər nominasiyalarda qalib gələnlərlə birgə mükafatlandırılması mərasimi rayon Mədəniyyət Mərkəzində keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müxtəlif yarışlarda və müsabiqələrdə qalib olanları təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Şövqi Əhmədov

Şərh Yaz