İctimai birliklərin sədrləri ilə görüş

“Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin (ƏSTİB) sədri Mirzə Məmmədvəliyev, “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin (VSRGDİB) sədri Venera Əsgərova və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin rəhbəri, sülhməramlı səfir, həkim Aleksander Şapiro Suliman İsmayıllı rayonuna səfərləri çərçivəsində İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovla Uşaq kitabxanasında görüşüblər.
İctimai birliklərin sədrləri ilə görüş
Qonaqları rəhbərlik etdiyi rayonda görməkdən məmnunluğunu ifadə edən M.Sadıqov İsmayıllıda aparılan quruculuq işləri, yeniliklər barəsində geniş məlumat verib. İcra başçısı qeyd edib ki, respublikada əlilliyin səviyyəsi, reabilitasiya işinin vəziyyəti onlara göstərilən diqqət və qayğı bir çox hökumət və qeyri-hökumət təşkilatlarının, aidiyyəti nazirliklərin birgə fəaliyyətindən çox asılıdır. O, əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsinin Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanıldığını və bu sahədə kifayət qədər iş görüldüyünü də vurğulayıb.
İcra başçısı rayonda əlillərin sosialaşması, rifahının yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası ilə bağlı bütün məsələlərin diqqət mərkəzində olduğunu və onlara hər bir işdə dəstək verdiyini qonaqların nəzərinə çatdırıb.
O, ƏSTİB-nin sədri M.Məmmədvəliyevə və digər qonaqlara Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı rayonundan olan 22 nəfər fiziki əngəlli insanın pulsuz tibbi müayinəsini təşkil etdikləri üçün təşəkkür və minnətdarlığını bildirib.
M.Məmmədvəliyev öz növbəsində İcra Hakimiyyətinin başçısına səmimi qəbula görə təşəkkür edib və rəhbərlik etdiyi təşkilatın İsmayıllı rayon şöbəsinin artıq fəaliyyətə başladığını bildirib. O, Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin dəstəyi ilə indiyədək 1000-ə yaxın əlilin tibbi müayindən keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, İsmayıllı rayonunda da əlillərin sağlamlığının və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra sosial layihələr həyata keçiriləcəkdir.
İctimai birliklərin sədrləri ilə görüş
VSRGDİB-nin sədri V.Əsgərova və Azərbaycan-İsrail Beynəlxalq Tibb Mərkəzinin rəhbəri, sülhməramlı səfir, Aleksander Şapiro Suliman da çıxış edərək göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlığın yolları ilə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlardan söz açılıb, bu fəaliyyətlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Sonda fiziki əngəlli insanların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Ş.Soltanov

Şərh Yaz