Ona-buna ərizə yazmaq üzərində biznes quran Kürdeldarbəyli kənd sakini Hüseyn Hüseynova

Yaxın vaxtlara qədər bizə iki nəfər məlum idi ki, az muzdla onun-bunun adından ərizə yazırdı. Bunlardan biri “əmək haqqı”nı səhifələrin sayına görə aldığı üçün iri həriflərlə yazıb, səhifələrin sayını artırırdı. Digəri barədə imkansız bir qadın pulla filankəsə ərizə yazdığını rəsmi izahatı ilə bildirdikdən sonra həmin qara fikirli adam belə əməllərinə son qoydu. Hər ikisinin “ərizə biznesi” uğursuzluqla nəticələndi.
Cənab Hüseyn Hüseynov, biz sizin şər-böhtan müəllifi, qaşınmayan yerdən qan çıxarmaq meylli adam olduğunuzu yaxşı bilirdik. Özünüz öz xoşunuzla torpağınızı satıb, neçə illərdir ki, onu geri almaq istəyi ilə çoxsaylı ərizələr yazırsınız. Qardaşlarınızı və sizi istəkdə olan yaxınlarınızı da başınıza yığıb qəbullarda müxtəlif ünvanlara şər böhtan deyirsiniz. İndi deyəsən başqa gəlir yeri tapmısınız. “Ərizə biznesi” yaradıb, kəndin ehtiyacını ödədikdən sonra şəhərə hücuma keçmisiniz. Kəndə böyük məbləğlər müqabilində sakinlərin adından ünvanlı sosial yardım və maddi köməklik almaq, kiminsə hərbi xidmətdə olan oğlunun yerini dəyişdirmək, kimisə işə qəbul etdirmək, şəhər ərazisindən torpaq almaq, kimisə tutulmaqdan qutarmaq adı ilə ərizələr yazmısınız. Bu işlə, təbii ki, aid orqanlar məşğul olacaq. Belə düşünmək olar ki, kənddə müştəriləriniz tükəndiyi üçün indi “biznesinizi” şəhər ərazisinə köçürmüsünüz. Krılovun bir təmisilindəki hikməti unudanlar (“Olmasaydı cahanda sarsaqlar, ac qalardı yəqin ki, yaltaqlar”) problemlərinin həlli üçün sizə müraciət edirlər. Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar, sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələri təhlillər aparmış, müəyyən etmişdir ki, 10-dan çox ərizə yuxarı təşklilatlara sizin xəttinizlə yazılıb. Bütün ərizələriniz 3 ünvana yazılır. Onların biri RİH-dir. Ərizələrdə “surəti” sözünü “sürəti” yazırsınız, hər birində də “hörmətli məmurlar” ifadəsini işlədirsiniz.
Düşünməyin ki, yazdıqlarımızla əlaqədar faktlara malik deyilik. Yazdığınız ərizələr və yazdıranların izahatları bizdədir. Bircəciyini nümunə gətirmək istəyirik. Siz haqqı, ədaləti, insafı unudub “Qarabağ” qəsəbəsində yaşayan məcburi köçkünü, ikinci qrup əlili, imkansız bir insanı aldadaraq, ondan 50 manat almış və adından “sürəti”, “sürəti”, “sürəti” sözünü təkrar etməklə üç ünvana ərizə yazmısınız. Bu barədə vətəndaşın verdiyi izahat aid şöbədə saxlanılır.
Yekunda deyirik ki, həmişə kimisə şərə salmaq istəmisiniz. Indi isə özünüz öz qara əməllərinizin şərinə düşmüsünüz. Ümid edirik ki, bu əməlinizə görə qanun qarşısında cavab verməli olacaqsınız.
İsmayıllı RİH-nin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi,
İctimai-siyasi və humanitar məsələlər şöbəsi

Şərh Yaz