Şəhərin piyada keçidləri

Yeni dərs ilinin başlaması ilə əlaqədar qayğılarımızın bir hissəsi yenə də artdı. Əslində bu qayğılar dərs ilinə qədər də mövcud idi.
Haqqında söz açacağımız məsələ ilə bağlı redaksiyamıza daxil olan müraciətlərin çoxluğu göstərdi ki, yalnız küçənin bir tərəfindən digər tərəfinə keçən piyadaların deyil, xüsusilə məktəblilərin dərsə gediş-gəliş üçün yolun rahat keçilməsi məsələsi hələ də yetərincə həllini tapmayıb.
Şəhərin piyada keçidləri
Fikrimizcə, valideynlərin narahatlığını nəzərə alıb dərs ili başlayan günə qədər şəhərdəki 1, 2, 3, 4, 5 və 6 nomrəli tam orta məktəblərə olan keçidlərdə piyada zolaqlarını yenidən rəngləmək olardı. Rənglərin yuyulub-silinməsindən bu əməliyyatı ildə 2-3 dəfə də etmək olar.
Valideynlərdən bir neçəsi hazırda paytaxtda nəqliyyatın intensiv hərəkət etdiyi yollarda yeraltı, yerüstü keçidlərin qurulmasına imkan olmayan yerlərdə müasir piyada keçidlərinin qurulduğunu və böyük əhəmiyyəti olduğunu xatırlatdılar. Hətta bu yol nişanının günəş enerjisi ilə qidalandığını xatırladanlar da oldu.
Şəhərin piyada keçidləri
İsmayıllı şəhərində bu sahədə ən ciddi zona 5 nömrəli tam orta məktəbin qarşısıdır. Buradan nəinki məktəbli, hətta onu məktəbə ötürən və ya məktəbdən qarşılayan böyüklərin də canında gündəlik qorxu yaşamaqdadır. Bəlkə də yolun bu hissəsinə işıqfor qoymaq məsələnin həllinə köməklik göstərər.
6-7 il əvvəl həmin ərazidən keçən kanalı dolduranlar bir qədər uzağı görə bilsəydilər, buradakı körpünün tunelini piyada keçidi kimi saxlayar, hər iki tərəfdən düşmə və çıxma pillələri qoyar, dediklərimizi məqsədə uyğunlaşdırar, xeyirxah və yaddaqalan bir iş görmüş olardılar.
Güman edirik ki, əlaqədar təşkilatların mövzu haqqında fikirləşməyi faydalı olacaq.
Ş.Soltanov

Şərh Yaz