Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudur

Tarixən hər bir müstəqil dövlətin yaradılmasının, inkişafının, möhkəmləndirilməsi və davamlı olmasını digər tarixi səbəblərlə yanaşı, xalqı bu dövlətin ətrafında sıx birləşdirəcək güclü liderin olması da şərtləndirir.
Müstəqil dövlətçiliyimizin tarixinə nəzər salsaq, 1988-1990-cı illərdə milyonlarla insanı bəzən qara, yağışa baxmadan Azadlıq meydanına toplayan nə idi? Bu sualın yalnız bir cavabı var –“ Azadlıq və Müstəqillik arzusu.
Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusudurBu arzu ideyaya çevrilə bildimi? Milləti vahid məqsədə yönəltmək mümkün oldumu? 1990-cı ilin yanvarında avtomatın, pulemyotun qarşısına əliyalın çıxan insanlar müstəqillik əldə etdikdən az sonra, 1993-cü ilin iyun ayında birləşib qiyamçı dəstəyə qarşı çıxdılar. Ona görə ki, o zaman iqtidarda olan AXCP-Müsavat cütlüyünə xalqın inamı qalmamışdı.
İyun hadisələri yaddaşımızda dərin iz buraxmışdır. O günləri unutmaq mümkün deyil. Azərbaycan xalqının başı üstünü qara buludlar almışdı. Ölkə vətəndaş müharibəsi ərəfəsində idi. Azərbaycana düşmən olan qüvvələr və onlara qul olan insanlarımız millətimizi, xalqımızı diz çökdürmək niyyətində idilər. Respublikamız açıq-aşkar parçalanmaq, məhv olmaq təhlükəsi qarşısında idi. Xalqı və dövləti düşdüyü bu ağır vəziyyətdən xilas etmək üçün ölkə rəhbərliyinə elə bir şəxsiyyət lazım idi ki, xalqı öz ətrafında birləşdirə bilsin.
Azərbaycan xalqının nümayəndələrinin dəfələrlə etdiyi təkidli müraciətlərdən sonra Ümummilli liderimiz Bakıya gəlməyə razılıq verdi. Belə çətin məqamda olum-ölüm dileması qarşısında qalmış və hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalqı ulu öndər Heydər Əliyev xilas edə bilərdi.
Həmin çətin günlərdə Heydər Əliyev xalqi darda qoymadı. 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Azərbaycan xalqı inanırdı ki, yalnız Heydər Əliyev kimi, görkəmli şəxsiyyət xalqı düşdüyü fəlakətdən xilas edə bilər. Respublikanın ərazi bütövlüyünü təmin etmək üçün qəti tədbirlər görülə bilər.
Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə gəldikdən az müddət sonra xalqı üzləşdiyi ağır vəziyyətdən çıxartdı. Ölkəmizi beynəlxalq aləmə tanıtdı. Ulu öndərimizin səyi nəticəsində xalqımızın haqq səsi mötəbər tribunalardan eşidilməyə başladı. Ermənistanla müharibədə atəşkəs elan olundu. Ulu öndərin rəhbərliyi altında dövlət quruculuğu sahəsində mühüm addımlar atıldı. İqtisadiyyatımızın böhrandan çıxarılması üçün islahat proqramları işlənib hazırlandı və həyata keçirilməyə başlandı.
Ulu öndərin gördüyü tədbirlər nəticəsində ölkədə baş verən özbaşınalığa son qoyuldu. Cinayətkarlar tutulub mühakimə olundu. Xalq asudə nəfəs almağa başladı. Bu qayıdış xalqın, millətin, dövlətin qurtuluşu oldu. Bu qayıdış itirilmiş ümidlərin bərpası, milli qeyrətin qayıdışı idi. Mən azərbaycanlı olmağımla fəxr edirəm deyən ulu öndərimiz Heydər Əliyev XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycanın xilaskarı oldu.
Böyük yunan filosofu Sokrat demişdir: “Dahilər müzakirə olunmur, öyrənilirlər”. Bəli, bu gün biz ulu öndərimiz Heydər Əliyevin dövlət quruculuğunu öyrənməli, milli müstəqilliyimizi, Azərbaycançılığımızı, milli, mənəvi dəyərlərimizi, ərazi bütövlüyümüzü qorumalı, siyasi plüralizmi, vətəndaş cəmiyyətinin formalaşmasını, söz və fikir azadlığını dəstəkləməliyik. Bilməliyik ki, Heydər Əliyev çağdaş Azərbaycan dövlətçiliyinin qurucusu, dövlət müstəqilliyimizin memarı, azərbaycanlıların ümummilli lideri, turk dünyasının böyük öğludur.
İyirminci yüzilliyin sonunda Tanrının və tarixin azərbaycanlılara bəxş etdiyi nemətlərdən biri milli Azərbaycan dövlətidirsə, digəri zəmanəmizin ən böyük azərbaycanlısı Heydər Əliyevdir. Fenomen şəxsiyyət olan Heydər Əliyevin dövlətçilik fəaliyyətini qədirbilən xalqımız heç vaxt unutmayacaq. Ulu öndərimiz böyük ideoloq, yenilməz siyasət adamı, vətənpərvər Azərbaycan oğludur. O, ölkəmizdə milli dövlətçilik ideologiyasını, azərbaycançılığın konsepsiyasını verən dahi filosof, həm də onu addım-addım həyata keçirən böyük praqmatik dövlət xadimidir. O, bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Bu tarixi şəxsiyyət xalqımızı bir millət kimi, tarixin ağır sınaqlarından çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini qoymuşdur. Böyük bir həqiqəti dərk etməliyik ki, tarix yaradan şəxsiyyətlər ölmür. Xalqı qarşısında xidmətləri fövqündə zaman Heydər Əliyevi əbədiyaşar etmişdir.
Dünyanın nüfuzlu siyasətçiləri və analitikləri etiraf edirlər ki, müasir dövrdə nəinki Azərbaycanda, hətta dünya miqyasında gedən prosesləri Heydər Əliyev qədər dərindən bilən olmayıb. Bu gün tam qətiyyətlə demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər onun və tarixin ən perspektiv inkişaf mərhələsini təşkil edir. O, qısa zaman kəsiyində Azərbaycanın malik olduğu zəngin intellektual potensialı, təbii resursları, milli gücü cəmləyib ölkənin tərəqqisinə nail oldu. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Hörmətli Prezidentimiz elm, təhsil, mədəniyyət, səhiyyə, iqtisadiyyat və idman sahələrinə xüsusi diqqət yetirir.
Bu gün Azərbaycan Qafqazın inkişaf etmiş, lider dövlətidir. İqtisadiyyatımız yüksələn dinamik xətlə inkişaf edir. Xalqımızın maddi rifah halı gündən-günə yaxşılaşır.
15 iyun xalqımızın Qurtuluş günüdür, millətimizin inamının özünə qayıtdığı gündür. Allah xilaskar öndərimizə -Heydər Əliyevə rəhmət eləsin. Yaxşı bilirik ki, bugünkü sabitliyi, əmin-amanlığı bizə o bəxş edib. Bu gün başlıca vəzifəmiz hörmətli prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləmək, Azərbaycanın inkişafı naminə gördüyü bütün işlərdə ona kömək etməkdən ibarətdir.
İsrayıl İsmayılov,
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini

Şərh Yaz