Xidmət və qayğı artır

Hər il olduğu kimi, İsmayıllı rayonunun Suvarma Sistemləri İdarəsinin işçiləri peşə bayramlarını qeyd etməyə ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıblar. Abidə önünə gül-çiçək dəstələri düzən meliorasiya işçiləri dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Mərasimdə çıxış edən İsmayıllı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Fazil Həsənov bildirib ki, 2015-ci ildə suvarmanı mütəşəkkil təşkil etmək məqsədi ilə 40 hidrotexniki qurğunun carı təmiri nəzərdə tutulub. Yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə bəndqurma işləri bu il də davam etdirilib. 8 artezian quyusunun qazılıb istifadəyə verilməsi də cari ilin iş planına daxildir.
Suvarma qurğularının lildən təmizlənməsində 267 min kubmetr ekskavator işi , 60 min kubmetr buldozer işi nəzərdə tutulub. 2015-ci ilin iyun ayına kimi bu sahədə 154 min kubmetr iş görülüb. Daşqın və selə qarşı mübarizə üçün çay məcrasının təmizlənməsi sahəsində işlər görülüb. İdarənin rəsmisi onu da qeyd edib ki, görülən işlər ildən-ilə çoxalır. Bu da əhaliyə, ölkə vətəndaşlarına göstərilən xidmət və qayğının artması deməkdir.
Tədbirdə çıxış edənlər meliorasiya və su təsərrüfatı işlərinin əhəmiyyətindən, bu sahədə çalışan işçilərin respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatındakı rolundan danışıblar.
Ənənəyə uyğun olaraq Ulu öndərin abidəsini ziyarətdən sonra melioratorlar dahi şəxsiyyətin adını daşıyan Mərkəzi ziyarət ediblər. Onlar Ümummilli liderin həyatını, ömür yolunu əks etdirən foto-şəkillərə, tarixi sənədlərə baxdıqdan sonra xatirə şəkli çəkdiriblər.
S.Rəhimova

Şərh Yaz