Tarverdiyev Bəhram Bəy oğlu

İsmayıllı ictimaiyyətinə ağır itgi üz vermişdir. Bacarıqlı təşkilatçı və savadlı meşəçi mütəxəssis, gözəl insan, İsmayıllı meşə təsərrüfatının mühafizəsində, həmçinin yeni meşə sahələrinin salınmasında böyük xidmətləri olan Bəhram Tarverdiyev ömrünün 81-ci ilində aramızdan getmişdir.Tarverdiyev Bəhram Bəy oğluBəhram Bəy oğlu Tarverdiyev 1934-cü ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olmuşdur. Kənd məktəbini bitirdikdən sonra sənədlərini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meşəçi fakültəsinə verdi. Təhsilini başa vurub əmək fəaliyyətinə İsmayıllı Meşə Təsərrüfatında başladı. Gənc mütəxəssis fəaliyyəti zamanı təbiətşünas alim Həsən Əliyevlə yaxından tanış olur. Bəhram özünü onun tələbəsi hesab edirdi. B.Tarverdiyev bir müddət bu təşkilatda meşə mühafizə mühəndisi vəzifəsində çalışmışdır. 1975-ci ildə onu irəli çəkərək həmin idarəyə direktor təyin edirlər. İdarədə işlər canlanmağa başladı, təşkilat qabaqcıllar sırasına çıxdı, təsərrüfatın qabaqcıl iş təcrübəsi respublikada yayılmışdır. On il adı dalbadal SSRİ Meşə Təsərrüfatı Komitəsinin Şərəf lövhəsinə yazılmışdır.
B.Tarverdiyev nizam-intizamlı olmaqla yanaşı, onu başqalarından da tələb edən bir insan idi. İşlədiyi illər ərzində dəfələrlə nazirliyin Fəxri fərmanlarını almışdır. SSRİ Meşə Təsərrüfatı Komitəsinin “30 illik qüsursuz və əla xidmətinə görə” döş nişanı ilə təltif edilmişdir. B.Tarverdiyev 22 avqust 1990-cı ildə Əməkdar meşəçi kimi fəxri ada layiq görülmüşdür. Ömrünün 60 ilini İsmayıllı meşələrinin mühafizəsinə həsr etmişdir.
Mehriban ailə başçısı, sevimli baba, tanınmış ictimaiyyətçi Bəhram Tarverdiyevin adı onu tanıyanların xatirəsində uzun zaman yaşayacaqdır.
İsmayıllı rayon İcra Hakimiyyəti

Şərh Yaz