Öndə getdi, sonda gəldi

Böyük əmim Bəkirov Xalid Şükür oğlu 1915-ci ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. İkinci Dünya müharibəsinin tam iştirakçısıdır…
1939-cu ildə hərbi xidmətə çağırılıb. Fin müharibəsindən tutmuş, Yapon müharibəsinədək şərəfli döyüş yolu keçib. 1947-ci ildə Vətənə qayıdıb. Nadir insanlardandır ki, Vətən müharibəsindən “qara kağızı”ı gələndən sonra özü də sağ-salamat (sağ qolundan şikəstliklə) evinə, doğmalarının yanına dönüb. Döyüş yolu elə özünün keşməkeşli həyat yolu kimi mürəkkəb və rəngarəng olub. Praqayadək artilleriya qüvvələrinin tərkibində fasiləsiz vuruşub, görmədiyi fəlakətlər, üzləşmədiyi dəhşətlər olmayıb…
Odur ki, vəfat edənə kimi (1989-cu il) elə günü yox idi ki, o dəhşətləri xatırlamasın, hər kəlməsi vahimə dolu bir nağıl idi onun.
Öndə getdi, sonda gəldiSağ olsun kənd və rayon ictimaiyyəti, onu da ildə bir neçə müxtəlif tədbirlərə dəvət edərdilər.
Dinləyənlər onun ürəkdən gələn şirin söhbətlərinə qulaq asmaqdan yorulmazdılar. Onu dinləyən hər kəs özünü həmin hadisələrin içində, deyilənlərin baş verdiyi yerdə hiss edərdi. Hərdən özünəaludə hissləri ilə lokal bir hadisəni o qədər ürəkdən və incəliyi ilə təsvir edərdi ki, dinləyicilərdə təbii yorğunluq yaradardı. Ukrayna meşəsinin hansı talasındasa baş vermiş döyüşü o qədər dəqiqliklə təsvir edərdi ki, az qala hər kəs hər ağacı, onun hər budağını, yarpağını gözünün qabağına gətirə bilirdi. Danışığı tam canlı və inandırıcı idi. Sadəcə, son incəliyinədək xırdalamaları nəql etmək qulaq asanların çöhrəsindəki yorğunluğu büruzə verirdi. Döyüşlərdə aldığı kontuziyalardan tez-tez çox əsəbi hala düşməsi vardı. Müəyyən tədbirlərdə onu dinləyənlərdən kimsə gülsəydi, zənn edirdi ki, ona inanmadıqlarından gülürlər. Həmin anda Xalid kişi hiddətlənirdi: “İnanan inanır, inanmayan cəhənnəmə inansın!” – deyib tribunanı küskün şəkildə tərk edib gedərdi. Bu gün də əmimin dediyi bu sözlər kənddə bir məsəl kimi yaşayır: “Rəhmətlik Xalid kişi demişkən …”
Xalid əmi canlı-cüssəli, ucaboy, şux qamətli, söhbətləri duzlu-məzəli bir kişi idi. İnşaat işlərinin yerinə yetirilməsində bacarığı vardı, dövrünün tikinti işlərinin bilicisi idi, onun tikdiyi, təmir etdiyi evlərdə bu gün də yaşayanlar var. Hamı istəyərdi ki, evini Xalid əmi tiksin, nəyisə təmir etsin, təkcə işə görə yox, duzlu-məzəli söhbətlərinə, halallığına, düzlüyünə görə…
Gözəyarı baxmaqla, ölçü götürmədən şüşəni şikəst əli ilə itkisiz və düz kəsməyi hər kəsi heyrətləndirirdi…
Əmimlə fəxr edirəm, inanıram ki, kəndimizdə hamı onu ehtiramla yad edir. Ömrünün son gününə kimi əlini işsiz qoymadı. Kəndimizdə bu gün də kimsə kimə nəyəsə inandıranda yaranan şübhələri “İnanan inansın…” ifadəsi tamamlayır. Allah bütün dünyasını dəyişmiş Vətən müharibəsi iştirakçılarına rəhmət eləsin, sağ qalan, qeyrət və mübarizlik simvolu kimi bir əsrlik həyatin zirvəsinə doğru addımlayan fədailərə isə can sağlığı versin!
İsmayıl Tarverdiyev

Şərh Yaz