Hörmət və ehtiramla xatırlanır

YAP İsmayıllı rayon təşkilatı gənc qadın tibb işçilərinin iştirakı ilə görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş anma mərasimi keçirib.Hörmət və ehtiramla xatırlanırTədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açıb. O, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazıldığını deyib.
Akademik Zərifə Əliyevanın xalqına, peşəsinə daim sadiq olması, onun görkəmli alim, pedaqoq, həm də xalqını, vətənini dərin məhəbbətlə sevən əsl Azərbaycan qadını olduğu vurğulayan Ə.Vahabova qeyd edib ki, göz həkimi Zərifə xanım bütün ömrünü insanlara işıq bağışlamağa həsr edib.
İnsanları zülmət pəncəsindən qoparıb nura qovuşduran bu böyük şəxsiyyətin ömür yolu müasir Azərbaycan gəncliyi üçün də əvəzsiz bir örnəkdir. Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə birgə, ideal bir həkim, alim, xeyirxah və nəcib insan, görkəmli ictimai xadim, böyük bir şəcərənin layiqli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının banisi və yaradıcısı, müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu dahi Heydər Əliyevin ömür yoldaşı, ulu öndərin ideyalarının, siyasi kursunun layiqli davamçısı, xalqımızın etimad göstərdiyi və taleyini, dövlətçiliyini etibar etdiyi, inandığı prezident İlham Əliyevin anası olmaqla xatirələrdə yaşayır və daim yaşayacaqdır.
Mərasimdə həkimlərdən Sevil Məmmədova, Jalə Bağırova, Nərgiz Bağırova, Maya Məmmədova və başqaları çıxış ediblər. Onlar qeyd ediblər ki, Zərifə xanım Əliyevanın yüksək keyfiyyət və məziyyətləri tibb işçiləri üçün həmişə nümunə, örnək olaraq qalacaq, hörmət və ehtiramla xatırlanacaqdır.
İ.Əhmədli

Şərh Yaz