Təcrübəni öyrənməyə təşəbbüs

Azərbaycan Təhsil Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Pedaqogika və Psixologiya” bölməsinin sədri, Dissertasiya Şurasının, “Ən yaxşı məktəb”, “Ən yaxşı müəllim” müsabiqə komissiyası təşkilat komitəsinin, bir sıra elmi jurnal redaksiya heyətlərinin üzvü, “Təhsil və zaman” qəzetinin baş redaktoru, Qafqaz Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası bölümünün rəhbəri, pedaqogika kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əjdər
Ağayev İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində olub.
Təcrübəni öyrənməyə təşəbbüsHörmətli qonaq məktəbin çağırışaqədərki hərbi hazırlıq fənninin imkanlarından istifadə etməklə qazanılan uğurların sirlərini öyrənmək məqsədilə fənn müəllimi, bu sahədə 27 il pedaqoji fəaliyyəti olan Əsgər Manafovun dərslərində iştirak edib. Sonda bu qənaətə gəlib ki, yalnız təlimi və tədrisi bu cür qurmaqla gənclərdə Vətən, el-oba, ata-ana, millət sevgisi, özünüdərk hissləri formalaşdırmaq mümkündür. Bu gün müasir hərb haqqındakı bilgiləri, döyüş taktiki təcrübəsini pedaqoji ustalıqla gənclərə aşılmaq mühüm rol oynayır.
Azərbaycan Respublikası Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, koməkçisi Böyükağa Mikayılov İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində hərbi dərslərin keçirilmə təcrübəsini respublika səviyyəsində yayılması üçün təşəbbüs göstərəcəyini bildirib.
Pedaqogika sahəsində çoxsaylı uğur və nailiyyətlərin, titulların sahibi, qocaman təhsil işçisi Əjdər Agayev təcrübəli müəllim Əsgər Manafovun keçdiyi dərsləri dinlədikdən sonra qeyd edib ki, şagirdlərin təlimə marağının təmin olunmasının əsasında dayanan ən mühüm amillərdən biri müəllimin şəxsiyyəti, şəxsi-mənəvi keyfiyyətləridir.
Müəllimin şəxsi keyfiyyətləri ilə elmi-təfəkkürü, dünyagörüşünün vəhdətindən yaranan mühitdə hərtərəfli vətəndaş hazırlığına malik şəxsiyyətin yetişməsi labüddür. İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin çağırışaqədərki hərbi hazırlıq fənninin müəllimi Əsgər Manafov müəllimlikdən öncə yüksək mənəvi keyfiyyətlərə, vətənpərvərlik hisslərinə malik olan insandır.
Bu ilin mart ayında Təhsil Şurasının keçirdiyi “Qarabağ həqiqətlərinin böyüyən nəslə çatdırılmasının elmi-metodiki və praktik məsələləri” mövzusunda elmi-təcrübi konfransa respublikanın bir sıra qabaqcıl müəllimləri kimi Əsgər Manafov da qatılmışdı. Konfransdan əvvəl onun hansı mövzuda çıxış edəcəyi ilə maraqlandım. O, “Şuşa şəhərinin xanlıq mərkəzi kimi yaradılması və inkişafı” mövzusunda məruzə hazırladığını bildirdi və dedi: “Qarabağın tacı olan Şuşanın tarixinin gənclərimizə öyrədilməsi bu gün müəllimlərin qarşısında dayanan mühüm vəzifələrdəndir. Əgər bu işdə öz töhfəmi verə bilərəmsə, deməli vəzifəmin öhdəsindən az da olsa gəlmiş olaram”
Əsgər müəllim konfransdakı geniş məzmunlu çıxışında Şuşanın tarixi ilə bağlı maraqlı faktlar səsləndirdi, Şuşada doğulmuş, bu şəhərin ədəbi, içtimai, mədəni mühitində formalaşmış görkəmli şəxsiyyətlərin adlarını bir-bir sadalaması konfrans iştirakçılarının diqqətini cəlb etdi. Bu çıxış bir müəllimin vətənpərvərlik hisslərinin ifadəsi idi. O, hər bir cümləyə, ifadəyə, fakta, tarixi hadisəyə incəliklə yanaşmış, mövzu üzərində sanki Şuşa şəhərinin tədqiqatçısı kimi çalışmışdı. Elə bu çıxışı ilə də təsəvvürümdə Əsgər Manafovun vətənsevər müəllim obrazı yarandı və onu daha yaxından tanımaq üçün dərslərini izləməyi qərara aldım. Məktəbdə olarkən eşitdim ki, bir gün əvvəl 6 nömrəli tam orta məktəbinin “Şahin” hərbi idman komandası rayonun 46 məktəbi arasında birinci yerə layiq görülüb.
Hörmətli qonaq məktəbdə təlimə və tərbiyəyə göstərilən yüksək diqqətə və tələbkarlığa görə məktəbin pedaqoji kollektivinə, xüsusilə də direktora dərin təşəkkürünü bildirib.
Gülçöhrə Fərəcova,
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz