Fəaliyyətə layiq yubiley

28 aprel 2015-ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin yaradılmasının 20-ci ildönümünə həsr edilən dəyirmi masa keçirilib.Fəaliyyətə layiq yubileyTədbiri Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq, Gənclər və İdman İdarələrinin yaradılma tarixindən söz açıb, gənclərimizə və idmançılarımıza ölkə Prezidenti tərəfindən verilən yüksək diqqət və qayğının uğurlu nəticələrindən danışıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova tədbirdə çıxış edib. O, idarənin əməkdaşlarını yubiley münasibətilə ürəkdən təbrik edərək, onlara işlərində uğurlar diləyib. Eyni zamanda, rayon rəhbərliyinin gənclərə və idmançılara göstərdiyi qayğıdan söz açaraq Dünya və Avropa çempionu idmançımız Əliyev Tuncay Mübariz oğlunun müsabiqədən kənar daxili işlər sisteminə işə qəbul edildiyini bildirib.
Müxtəlif vaxtlarda idarə rəisi vəzifəsində işləmiş Rüstəm Səmədov və Vüqar Muradəliyev öz təbriklərini, ürək sözlərini səsləndiriblər. Onlar ilk dövrlə indiki dövrü müqayisə edərək hal-hazırda istər gənclərə, istərsə də idmançılara gözəl şəraitin yaradıldığını vurğulayıblar. Bunun üçün rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqova minnətdarlıq ifadə ediblər.
Tədbirdə rayonumuza gənclik nəfəsi gətirən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor əvəzi Sevda Qasımova, daim Gİİ ilə sıx əməkdaşllıq şəraitində işləyən Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, Uşaq Gənclər Şahmat Məktəbinin direktoru Nadir Hacıyev, İsmayıllı Olimpiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətov, Uşaq Gənclər İdman Məktəbinin direktoru Nəriman Alıyev, məşqçi-müəllimlərdən Anar Həsənov və Tuncay Əliyev də öz növbələrində Gənclər və İdman İdarəsinin kollektivini təbrik edib, uğurlar arzulayıblar.
İdarənin əvvəlki və indiki əməkdaşlarının iştirakı ilə yubiley tortu kəsilib. İdarə yaradılandan bu günədək işləyən məsləhətçi-mühasib Kamilə Bağırovaya Həmkarlar təşkilatının Tərifnaməsi və qiymətli hədiyyə verilib. Tədbir boyu İdarənin fəaliyyətinin ən uğurlu səhifələrini əks etdirən slayd nümayiş etdirilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz