Güllələnmiş “Vağzalı”, yaxud , “Gecələr yuxuma gəlmə”

“Vağzalı” çalınırdı. İllərin o tayından anaların həzin dualarının pıçıltısı eşidilirdi.
“Vağzalı” çalınırdı. Qoşa addım atan gənclərin, intəhasız həyatın qoynuna atılmağa hazır olan cavanların ürəkləri köksünə sığmırdı. Üzlər gülür, gözlərdə sevinc damlaları parlayırdı. Qohumlar bir-birinə gözaydınlığı verir, neçə ilin arzuları dilə gəlirdi: “Xoşbəxt olsunlar! Qoy bütün övladlarımız muradlarına çatsınlar!”
Bəylə gəlinin boynuna qırmızı parçalar salınır. Bu qırmızılar bir anlığa xəyalımı yaxın keçmişə aparır. Sinəsi şəhid məzarları ilə qazıq-qazıq edilmiş vətən torpağı, bu məzarların önündə kədərin, dərdin sonsuzluğundan, əlacsızlığından sanki lal olmuş, beli bükülmüş, həyatlarında ən müqəddəs arzularından məhrum olmuş, toy arzuları gözündə qalmış, toy xonçalarını aparmağa yer tapmayıb bura gətirmiş analar dünyada söykənəcəkləri, arxalanacaqları ən böyük dağ həsrəti ilə alışıb-yanan boynubükük bacılar gözümün önündən keçir.
Güllələnmiş “Vağzalı”, yaxud , “Gecələr yuxuma gəlmə”“Vağzalı” çalınırdı. İllərin o tayından anaların həzin dualarının pıçıltısı eşidilirdi.
“Vağzalı” çalınırdı. Qoşa addım atan gənclərin, intəhasız həyatın qoynuna atılmağa hazır olan cavanların ürəkləri köksünə sığmırdı. Üzlər gülür, gözlərdə sevinc damlaları parlayırdı. Qohumlar bir-birinə gözaydınlığı verir, neçə ilin arzuları dilə gəlirdi: “Xoşbəxt olsunlar! Qoy bütün övladlarımız muradlarına çatsınlar!”
Bəylə gəlinin boynuna qırmızı parçalar salınır. Bu qırmızılar bir anlığa xəyalımı yaxın keçmişə aparır. Sinəsi şəhid məzarları ilə qazıq-qazıq edilmiş vətən torpağı, bu məzarların önündə kədərin, dərdin sonsuzluğundan, əlacsızlığından sanki lal olmuş, beli bükülmüş, həyatlarında ən müqəddəs arzularından məhrum olmuş, toy arzuları gözündə qalmış, toy xonçalarını aparmağa yer tapmayıb bura gətirmiş analar dünyada söykənəcəkləri, arxalanacaqları ən böyük dağ həsrəti ilə alışıb-yanan boynubükük bacılar gözümün önündən keçir. İstər-istəməz hələ çox-çox illər əvvəl -1975-ci ildə çox böyük uzaqgörənliklə yaddaşlarımızda əbədi binə quracaq, milli ideallara işıq saçacaq şəhidləri əsl Vətən oğlu kimi tərənnüm edən, özü də hər addımda, hər əsərində bir vətənpərvərlik simvolu olan Bəxtiyar Vahabzadənin ölməz misralarını xatırlayıram:
Şəhid məzarları … Düşmən qənimi.
Vətənin köksündə vüqarla durub.
Mənim varlığımı bir təsdiq kimi,
Yurdun sinəsinə möhürlər vurub.
Bəli, nə qədər qeyrətli Vətən övladı bu musiqinin – yeni həyatın başlanğıcı simvolu olan “Vağzalı”nın
həsrəti ilə dünyadan nakam getdi. Neçə-neçə xoşbəxtlik beşikdəcə boğuldu. Analar bütün həyatları boyu arzuladıqları bu sevincli dəqiqələrə həsrət qaldılar.
Neçə-neçə ismətli, qeyrətli Vətən qızının “Vağzalı”sı gülləbaran oldu, arzusu ürəyində qaldı, xəyalları pərən-pərən oldu. Neçə-neçə nişanlı qızın gedəcək ünvanı dəyişdi. Atalar demişkən: “Gəlin atlandı, kimə düşdü?” Eynilə mənim yazımın qəhrəmanı kimi tale yaşadı. Nişanlısının muradı gözündə qaldı. Bu taleni yaşadı ki, onun kiçik soydaşlarının toy arzuları, xoşbəxtlik arzuları gözündə qalmasın. Yaşadı ki, bir daha anaların oğul həsrətli gözləri yollara dikilməsin.
“Dünya bir pəncərədir, hər gələn baxar gedər”, – demişlər müdrik babalarımız. Müdriklik rəmzi olan bir filosof şairimizin bənzərsiz fikirləri də tanrının ən böyük önəm verdiyi və yaratdığı qiymətli varlıq olan insan haqqındadır:
Kimi gəlir, bu dünyanın
Nəşəsini yaşamağa.
Kimi gəlir, bu dünyanın
Dərdlərini daşımağa
Kimi gəlir, bu dünyadan
Umduğunu götürməyə
Kimi gəlir, bu dünyaya
Öz adından nur verməyə
Kimi gəlir, bu dünyada
Olanlara daş atmağa
Kimi gəlir, bu dünyada
Olmayanı yaratmağa
Bəli, dünyaya gəlib uzun ömür yaşayıb cismani ölümü ilə unudulanlar, yaddan çıxanlar var. Qısa, lakin dəyərli ömrünü yanar çırağa, işıq dağına döndərib əbədiyyətə qarışan, yaddaşlarda ölməzlər cərgəsinə yazılanlar da.
Söhbət açacağım insan – Vətən fədaisi haqqında yazını bu fikirlərlə başlamağım da təsadüfi deyil. O, yüzlərlə başqaları üçün sanki bir etalon olan şəhid və qəhrəmandır. Bəli, hər ölən “Şəhid” adlanmır. Müqəddəs bir işə – Vətənə qurban gedibsə, şəhid olubsa, ona da “Öldü” deməzlər və nə vaxtsa, kimsə tərəfindən deyilən aşağıdakı sözlər igidlərin, əzənlərin əbədiyyət abidələrinə verilmiş ən dəyərli qiymətdir: “Qəhrəmanlar üçün dünyanın bir qapısı var: onlar dünyaya gələr, ancaq getməzlər”. Bizim qəhrəmanımız kimi.
1960-ci il yanvarın birində Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində Abbasovlar ailəsində bayram bayrama qarışmışdı. Ailədə yeni bir övlad-oğlan uşağı dünyaya gəlmişdi. Ad qoydular uşağa və zarafatlarından da qalmadılar: “Mehdi işimizi asanlaşdırdı. Bir də ad gününə uzaq yerdən gəlməyimizə ehtiyac qalmayacaq. Onsuz da, bayram günü hamı bir yerə yığışır”.
Onda ailənin heç bir üzvü, qohumlar heç ağıllarına da gətirmirdilər ki, tale onları hansı uzaqlıqlara atacaq, hansı sınaqlardan çıxaracaq. Hələlik ömrünün ən xoş çağlarını, qayğısız uşaqlıq illərini yaşayırdı Mehdi. Elə bu qayğısızlıq içində 1976-cı ildə kənd orta məktəbini müvəffəqiyyətlə bitirdi.
İş elə gətirdi ki, ailə Qazaxıstana köçəsi oldu. Tülkübas rayonunun Kulan kəndinə gələndə 21 yaşı vardı. Bir il kənddəki sovxozda işləyir. 1978-1980-ci illərdə hərbi xidmətdə olur. Xidməti borcunu yerinə yetirdikdən sonra Karaqanda Pedaqoji İnstitutuna qəbul olunur.
İbtidai hərbi-hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnərək,1985-ci ildə təyinatla Tülkübaş rayonunun Miçurin kəndindəki Y.Qaqarin adına məktəbə göndərilir. Məsuliyyətlə çalışması, mehriban və səmimi olması heç kəsin nəzərindən qaçmır. Tezliklə pedaqoji kollektivin və şagirdlərin sevimlisinə çevrilir. Bu da ona ruh verir, üzərində işləməyə həvəsləndirirdi. İdman da sanki həyatı idi. Yeni-yeni nailiyyətlər qazanırdı: Qazaxıstanda sərbəst güləş üzrə çempion, SSRİ idman ustası idi. İdmanın 13 növünə qədər keçirilən yarışlarda mükafatlanmışdı. Atıcılıq, sürücülük, karate, sambo, cüdo və s. idman növlərini daha çox sevərdi. Eyni zamanda şagirdlərinə yaxından kömək göstərirdi. Bir neçə idman ustası və ustalığa namizəd yetişdirmişdi.
Lakin bütün bunlar onu qane etmirdi. Gənclik enerjisini, qəlbindəki vətənpərvərlik duyğularını daha böyük işlərə sərf etmək arzusu ilə çırpınırdı. 1990-cı ildə Stavropol şəhərində keçmiş SSRİ Daxili İşlər Nazirliyinin ali məktəbini bitirib həmin orqanlarda işləməyə göndərildi.
Lakin Mehdinin qulağı səsdə idi: qürbət ona dar gəlirdi. Ürəyi Azərbaycanla döyünürdü. Xüsusən, Qarabağ hadisələri, görünməmiş xainlik qəlbini ağrıdır, rahatlıq tapa bilmirdi. Bir fürsət axtarırdı ki, vətənə dönsün, bütün bacarığını sərf edib övladlıq borcunu şərəflə yerinə yetirsin.
Nəhayət, ürəyincə olan bir fürsət ələ düşür. Təsadüfən ora yolu düşmüş yüksək çinli bir vətənpərvər insanla rastlaşır. Ürəyindən keçən hissləri duyaraq və yüksək dəyərləndirərək onun kimi oğullara ehtiyacımız olduğunu bildirir və vətənə dönməyi məsləhət bilir. Başqa övladlarla birgə bu ağrılı, çətin gündə ona dayaq olmağı təklif edir. Ürəyindən xəbər vermirdimi bu təklif?!
1991-ci il iyun ayının 28-də Azərbaycan Respublikası DİN-nin sərəncamına göndərildi. Г‡ox tezliklə döyüşə getmək, bu nankor, xəyanətkar düşmənə gücünü göstərmək, həddini bildirmək istəyi ona rahatlıq vermirdi. Nəhayət, bu istəyi gerçəkləşdi: hərbi hazırlıq cəhətdən təcrübəli bir dəstəyə rota komandiri kimi döyüşlərə qatıldı.

Güllələnmiş “Vağzalı”, yaxud , “Gecələr yuxuma gəlmə”

Həmişə, hər yerdə birinci olmağa alışmışdı. Buna görə də döyüşlərdə ən çətin və qorxulu əməliyyatlara hamıdan qabağa düşür, cəsarətlə hərəkət edirdi. Komandirlərinin belə qorxmazlığı onun əsgərlərini də ürəkləndirirdi. İgidliyi ilə fərqlənən Mehdi tez-tez kəşfiyyata da gedir, erməni quldurlarının mövqelərini ətraflı öyrənirdi
Vətənə, torpağa sonsuz bağlılıq hər döyüşdə ona mənəvi güc və qüvvət verirdi. Hər dəfə döyüşə girəndə sanki düşməni son nəfərədək məhv edəcəyinə inanırdı. O, Ağdam, Goranboy, Füzuli bölgələrində keçirilən döyüş əməliyyatlarında fəal iştirak edir, erməni silahlı birləşmələrinə sarsıdıcı zərbələr vururdu
1991-ci ilin sentyabr günlərindən biri idi. Mehdi öz dəstəsini helikopterlə növbəti əməliyyata qaldırır. Lakin düşmənin güclü atəşi ilə qarşılaşan pilot məcbur olub düşmən əhatəsində yerə enir. Helikopterdən enən Mehdi ermənicə: “Bunları qəbul edin,” – deyərək yaranan ani çaşqınlıqdan sonra onları gülləbaran edir. Fürsətdən istifadə edərək kömək gələnə qədər öz dəstəsini təhlükəsiz yerə çatdırır.
Dostlarının “Mixaylo”, düşmənlərin isə “Qara canavar” –“ deyə çağırdıqları Mehdinin belə döyüş şücaətləri çox idi. Buna görə o, DİN-nin “Əla xidmətə görə” döş nişanına, dəfələrlə mükafatlara layiq görülmüşdü.
Böyük arzularla yaşayan Mehdi üçün 1992-ci il yanvar ayının 13-də Məlikcan postu ətrafındakı döyüş həyatının sonu oldu. Qızğın döyüş getdiyi anda yenə Mehdi ön xətdə vuruşurdu. Bu döyüşdə erməni snayperinin gülləsi ilə başından ağır yaralanır. Onu böyük çətinliklə döyüş meydanından çıxarırlar. Həmin gün elin bir mərd övladının sonu olur.
Sonralar qəzetlər də bəhsə girmiş kimi, onun qəhrəmanlığından yazırdı:
“Г‡aykəndin azad edilməsində Mehdi və onun rotası xüsusi xidmət göstərmişdir”(“Azərbaycan” qəzeti, yanvar 1994).
… Səkkiz il vuruşsa da, o, ömrünün sonunadək Azərbaycan vətəndaşı ola bilmədi. Ermənistanda doğuldu, Qazaxıstanda yaşadı, Azərbaycanda şəhid oldu” (Ə.Qonaqlı. “Zirvədə duran oğlan”. “Ədalət” qəzeti, yanvar 1994-cü il).
Bəli, gözəl hərbçi, yaxşı idmançı, kövrək və həzin təbiətli şeirlər müəllifi olan qəhrəmanın özünün dediyi kimi oldu:
İstəyirsən çox yaşa, istəyirsən də az,
İnan ki, bu dünya heç kimə qalmaz.
Hamıda olduğu kimi, o da öz ömür payını yaşadı. Az yaşadı – cəmi 31 il. Minlərlə başqa övladlarımız kimi nakam ömür yaşadı. Ananın müqəddəs arzusunu yerinə yetirmədi: bəy stolunda oturmadı. Bir el sonasının – nişanlısının gözünü yolda qoydu. Mehdi axırıncı dəfə evə gələndə anasının boynunu qucaqlayıb demişdi ki, növbəti gəlişdə sarı saçlı Qarabağ gözəlini sənə gəlin gətirəcəyəm. Bəlkə də, böyük bir şəcərənin, qəhrəman bir nəslin başlanğıcını qoyacaqdı. Bu arzu beşikdəcə boğuldu.
Amma mənalı, yaddaşlarda, könüllərdə qalacaq, ruhu ilə vətən göylərində əbədi pərvaz edəcək ömür yaşadı. Məxsus olduğu xalqın, millətin sınağından mərdanəliklə çıxdı. Qismətini, alın yazısını yaşadı. Lakin xalq qəlbində yaşamaq, əfsanələşmək heç də hər kəsə nəsib olan tale deyildi. Ən ülvi, ən müqəddəs iş üçün – Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda şəhid oldu. Məkanca da, mənəviyyatca da uca yerdə – Şəhidlər xiyabanında dəfn olundu. Vətəndə qeydiyyata düşə bilməsə də, Bakının əbədi sakininə, Azərbaycan qəhrəmanına çevrildi.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə ölümündən sonra Abbasov Mehdi Yusif oğluna Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi
Mehdi bir vaxt cəbhədən nişanlısına yazırdı:
Yaxın gəl, məlhəm et sən öz sevgini,
Hə vaxtdır qəribəm – görmürəm səni,
Nişan üzüyünü tax barmağına
Toyumuz gözləyir son qələbəni.
Gecələr uzaq düş, yuxuma gəlmə,
Yoxsa diksinərsən güllə səsindən
Uzaqdan-uzağa yada sal məni
Yaram məlhəm tapsın xoş nəfəsindən
Özünü, sevgisini qurban verən nakam bir igid minlərlə yeni sevgilərə rəvac verdi, onları qorudu. Bu gün doğulan körpələr, toy edən yeniyetmələr, sevən-sevilən gənclər bu xoşbəxtliyə görə Mehdi kimi igidlərə borcludurlar.
Bu anda məktəbli ikən dərs kitablarımızda qəhrəmanlığı əks olunan Mehdi Hüseynzadəni, onun haqqında yazılanları xatırladım. Adları da, təxəllüsləri də eyni olan bu adaşları birləşdirən bir çox cəhətlər var. Lakin təsadüfdəndirmi, nədəndir M.Hüseynzadənin qəbri üstündəki epitafiya adaşına da çox uyğundur: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi azadlıq uğrunda göstərdiyin fədakarlıqlar dostlarının qəlbində əbədi yaşayacaqdır” (Bu dəyərli qiymətə hər ikisi üçün Azərbaycan xalqının qəlbində ifadəsini də əlavə edərdim).
Mehdinin valideynləri qaçqınlıq həyatını İsmayıllıda keçiriblər. Mərcan ana oğul dərdinə dözmədi Allah dərgahına qovuşdu. Atası Yusif kişi, ailənin digər üzvləri bu ağır dərdi sızlaya-sızlaya ürəklərində çəkirlər.
Fizuli rayonundakı Cuvarlı kənd orta məktəbi bu igidin adını daşıyır.
Qoy Mehdi kimi qəhrəmanların ruhu narahat olmasın. O gün gələcək ki, belə ərənlərin ömürlərini fəda etdikləri Vətən torpaqları yağı düşməndən təmizlənəcək, suverenliyimiz, ərazi bütövlüyümüz təmin olunacaq. Bu da onlara, ruhlarına ən qiymətli töhfə olacaq.
Rəna Mirzəliyeva

Şərh Yaz