İki sənətin ustası

Müəllim haqqında, onun böyüklüyü, müqəddəsliyi barədə zaman-zaman el arasında dəyərli deyimlər, fikirlər söylənmişdir. Ulu öndər Heydər Əliyevin müəllimlik sənəti ilə bağlı dedikləri hər birimizi bu sadə və məsuliyyətli peşə adamına ehtiramla yanaşmağa, ona minnətdar olmağa dəvət edir:
– ”Mən yer üzündə müəllimlikdən yüksək ad tanımıram. Bu gün müəllimlərimiz çox olsa da, yaxşılar barmaqla sayılır. Hər öyrədənə müəllim deyilmir. O adam müəllimdir ki, ondan öyrənirlər”.
İki sənətin ustasıMüəllim haqqında, onun böyüklüyü, müqəddəsliyi barədə zaman-zaman el arasında dəyərli deyimlər, fikirlər söylənmişdir. Ulu öndər Heydər Əliyevin müəllimlik sənəti ilə bağlı dedikləri hər birimizi bu sadə və məsuliyyətli peşə adamına ehtiramla yanaşmağa, ona minnətdar olmağa dəvət edir:
– ”Mən yer üzündə müəllimlikdən yüksək ad tanımıram. Bu gün müəllimlərimiz çox olsa da, yaxşılar barmaqla sayılır. Hər öyrədənə müəllim deyilmir. O adam müəllimdir ki, ondan öyrənirlər”.
Dünyada insan üçün ən böyük hünər yaxşı ad qazanmaqdır. İnsan yaxşı adı yalnız faydalı əməli, yaxşı işi ilə qazanır. İnsanın ləyaqəti məhz onun əməyi ilə müəyyən olunur. Dahi Nizami əməli ilə ucalan insanlar haqqında belə demişdir.
Г‡alış, öz xalqının işinə yara,
Geysin əməlindən dünya zər-xara.
Haqqında söz açmaq istədiyim belə insanlardan biri – əməli, halal müəllimlik peşəsi ilə yetişən nəsli tərbiyə edən, saflaşdıran, elm nuruna qərq edən, bununla yanaşı, həm də əllərinin zəhməti ilə evlərə, mənzillərə gözəllik bəxş edən Abdullayeva Nailə Mahmud qızıdır.
Nailə Abdullayeva 1964-cü ildə İsmayıllının əsrarəngiz təbiətə malik olan Qalacıq kəndində dünyaya göz açıb. Atası Mahmud müəllim kəndin sayılıb-seçilən ziyalılarından olub. Tarix müəllimi kimi onun Qalacıq kəndində gənc nəslin savadlanmasında böyük rolu olub. Səkkiz övladından dördünün məhz atasının yolunu seçməsi bunu açıq-aydın göstərir. Qalan dörd övladı isə həkim, mühəndis və iqtisadçı kimi çalışır. Gözünü açandan müəllimlər əhatəsində böyüyən gənc Nailə
də müəllimlik sənətinin sehrinə düşüb.

İki sənətin ustası

1981-ci ildə Qalacıq kənd orta məktəbini, 1992-ci ildə ADPU-nun riyaziyyat fakültəsini bitirdikdən sonra 1992-1996-cı illərdə Uştalqışlaq, 1996-2004-cü illərdə E.Məmmədov adına şəhər 3 nömrəli orta məktəbdə müəllim işləyib.
2004-cü ildən İsmayıllıda şəhər 5 nömrəli tam orta məktəbdə fəaliyyətə başladı. Yeni məktəbə cəlb olunanlar sırasında N.Abdullayevanın da olması təsadüfi deyildi. Yeni məktəbə seçmə müəllimlərin dəvət olunması bu təhsil ocağının açılmaqda vacibliyini təsdiqləməli idi. Yeni məktəbdə hamı kimi, Nailə müəllim də tədrisə bu məqsədə nail olmaq istəyi ilə başladı. Bu səbəbdən də elə ilk gündən əvvəlki kollektivlərdə olduğu kimi, burada da şagirdləri, həmkarları, məktəb rəhbərliyi tərəfindən sevildi, hörmət qazandı.
Müəllimliyi həyatının mənası hesab edən N.Abdullayeva dərs dediyi şagirdlərlə işləməkdən yorulmur və uşaqlarla tez dil tapa bilir. Söhbət zamanı riyaziyyata bir o qədər də marağı olmayan, şagirdlərində bu fənnə sevgisi artır, onunla ciddi məşğul olmağı qarşısına məqsəd qoyan şagirdinin olub-olmaması ilə maraqlandım.
– 3 nömrəli tam orta məktəbdə yenicə işə başlamışdım. Məcburi köçkün ailəsindən, Ramin adlı şagirdim var idi. Beşinci sinifdə oxuyurdu. Riyaziyyatdan xoşu gəlmədiyini etiraf edirdi. Məktəbi qurtaranda mənə: – Riyaziyyatı sizin sayənizdə sevdim. Sənədlərimi 1-ci qrupa verəcəyəm, – dedi. Ali məktəbə qəbul olunandan sonra da gəlib mənə xüsusi təşəkkürünü bildirdi. Müəllim üçün bundan böyük mükafat nə ola bilər?
Nailə müəllim 5 nömrəli tam orta məktəbdə işlədiyi müddətdə də peşəkarlığı, mehribanlığı ilə tez bir zamanda sayılıb-seçildi. Onun şagirdlərlə apardığı iş gözəl bəhrə verdi. Belə ki, məktəbin 10 illik tarixində 1-ci qrup üzrə ilk 500-dən yuxarı bal toplayan məzun məhz onun dərs dediyi şagird oldu. 2006-2007-ci tədris ilində məktəbi bitirən Rəşad Hacıyev repetitorsuz 530 bal toplayaraq BDU-nun riyaziyyat fakültəsinə daxil oldu. Həmin il Nailə müəllim dərs dediyi və sinif rəhbəri olduğu sinifdən 5 nəfər ali məktəbə, 3 nəfər isə kollecə qəbul olmuşdu. 2012-2013-cü tədris ilində isə dərs dediyi 11 c sinfindən 4 nəfəri, onlardan biri 600-dən, biri 500-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşdur. 2013-2014-cü tədris ilində dərs dediyi və sinif rəhbəri olduğu 11 b sinfindən müxtəlif ali məktəblərə sənəd vermiş 21 nəfər şagirddən 16 nəfəri ali məktəb, qalanları müxtəlif kolleclərin tələbəsi adını qazanmışdır.
Şəhla Abdullayeva məktəbi qızıl medalla bitirmiş və 674 balla Azərbaycan Tibb Universitetinə, Ləman
Abbasova 3-cü qrup üzrə 682 bal toplayaraq Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunmuş və Prezident təqaüdünə layiq görülmüşdür. Mələk Babayeva 653 balla Azərbaycan Tibb Universitetinə, Aytac Əliyeva 582 balla BDU-nə, Kəmalə Şükürova 580 balla Azərbaycan Tibb Universitetinə, Aybəniz Bədəlova 487 balla ADPU-nə, Qızbəs Alızadə 484 balla Qafqaz Universitetinin riyaziyyat fakültəsinə, Aytac Dadaşova 469 balla BDU-un fizika fakültəsinə, Fənusə Səlimli 430 balla ADPU-nə, Sona Salehova 403 balla ADPU-nin riyaziyyat fakültəsinə, Səxavət Mirzəliyev 382 balla BDU-ya qəbul olunmuşdur.
Bu sinifdən iki şagird bir il öncə digər sinfə köçürülsə də, uğurlarının təməlini 11 b sinfində qoyublar.
Pərvin Əliyev 633 balla Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Sənan Şahalıyev BİU-ya qəbul olunmuşlar. Bundan əlavə, dərs dediyi 11 c sinfindən biri 606 bal toplamaqla, 5 nəfər ali məktəblərə qəbul olunub. Bu uğurların hər birinin qazanılmasında Nailə müəllimin şərəfli əməyi böyük rol oynayıb desək yanılmarıq.
Bəzən müəllimlər dərs saatının, aldıqları maaşın azlığından şikayətlənirlər. N.Abdullayevanın belə bir problemi yoxdur. O, müəllim işləməklə yanaşı, evlərimizə yaraşıq verən gözəl pərdələrin dizayneri, ustasıdır. İki sənətin də öhdəsindən bacarıqla gələn Nailə müəllim böyük uğurları ilə yaxınlarını və onu tanıyanları sevindirir. Keçdiyi ömür yolunda bir çox sınaqlara məruz qalsa da, seçdiyi, sevdiyi peşələri ona əsl mənəvi dayaq, sınaqlardan çıxmağa stimul verən həyat qaynağı olub.
Əslində hər insan bir sənəti, bir peşəni seçir. Ancaq Nailə müəllim sanki bugünkü zamanın nəbzini xeyli əvvəldən tutub. Müəllimlik atasından aldığı estafetdirsə, tikiş işinə marağı anasından keçib. Anası Gülövşə Abdı qızı Qalacıq Xalça Fabrikinin ən yaxşı xalçaçı ustalarından olub.
Rayonumuzda Qalacıq Xalça Fabrikinin açılması xeyli əvvəlki tarixlə bağlıdır. Ağsaqqallar deyirlər ki, Mircəfər Bağırov FK-nin rəhbəri işləyərkən İsmayıllıya gəlir. Qalacığa gələndə onun ayağı altına hörmət əlaməti olaraq kəndin ətəyindən mərkəzinə kimi xalça döşəyirlər. Biri-birindən əlvan xalçaları, kənd qadınlarının el sənətinə bu sayaq bağlılığı gələn nümayəndələrin diqqətini cəlb edir. Böyük Vətən müharibəsindən sonra Qalacıqda xalça fabrikinin açılması məsələsi gündəmə gəlir. Bu sahədə bacarığı olan qadınların əl işlərinə baxış keçirilir. Baxış zamanı Gülövşə Abdullayevanın, Zəlixa İsmayılovanın və Əminə Babayevanın ustalığına yüksək dəyər verilir. Fərqlənənlərə o vaxt qiymətli hədiyyə sayılan tirmə şal bağışlayırlar.
Sonralar fabrikin açılmasına sərəncam verilir.

İki sənətin ustası

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Qalacıq Xalça Fabrikində toxunan xalçalar SSRİ-də istehsal olunan məhsul kimi dünyanın bir sıra ölkələrinə göndərilirdi. Fabrikin yüzlərlə işçisi, xalçaçısı vardı. Bu da təkcə Qalacığın deyil, rayonda yaşayan işəqadir qadın və qızların böyük əksəriyyətinin işlə təminatını ödəyirdi. Yeni iş yerlərinin açılması milli-mədəni irsin qorunması və inkişaf etdirilməsi sahəsində müstəqil ölkəmizin rəhbərliyi tərəfindən həyata keçirilən çoxsaylı layihələr sayəsində Qalacıqda xalçaçılığın yenidən bərpa olacağı xəbərini eşidənlər çox seviniblər. Onlardan biri də elə bu kəndin yetirməsi Nailə Abdullayevadır.
Bir vaxt Azərbaycanda istehsal olunan xalça nümunələri arasında Qalacıq Xalça Fabrikində toxunmuş xalçaların da özünəməxsus yeri vardı. Fabrikdə çalışan qadınların əl işləri – xalça, heybə, qadınlar üçün naxışlı yun corablar Azərbaycan İncəsənət Muzeyində sərgiyə qoyulmuşdu. Gülövşə Abdullayevanın dəfələrlə müsabiqələr qalibi olması, Fəxri fərmanlar alması bu ailədə göz açan Nailəni ilk növbədə məhz sənətə bağlamışdır. İndi həmin təltiflər ailənin sandığında ən dəyərli əşyalar kimi qorunub saxlanılır.
Nailə müəllimə sənətə bağlılıq məhz anasından keçib. O, xalça toxumağı bacarsa da, bu sənəti dərziliklə davam etdirib. Həm xalçaçılıq, həm də tikiş işi böyük səbir, dözüm, incəlik, dəqiqlik tələb edən
sənət növləridir. Uşaqlıqdan tikməyə olan həvəs onu ali təhsil alarkən Volodarski adına Bakı 1 nömrəli
Tikiş Fabrikinin nəzdindəki dərzilik məktəbinə aparıb. İnstitutda oxuya-oxuya oranı da bitirib, iki sənətin sahibi olub.
SSRİ-nin dağılması müstəqilliklə bərabər şüurlara bir yenilik gətirdi. Gündəlik vaxtının bir hissəsini müəllimliyə sərf etməklə kifayətlənməyən Nailə xanımı tikiş işinə olan böyük marağı 2003-cü ildə onu Türk pərdələrinin İtaliya üslubu ilə tikişini öyrənmə kursuna apardı. O, pərdələrin tikilişinin sirləri ilə tanış olduqdan sonra 2007-ci ilin iyun ayında xeyli çətinlikdən sonra İsmayıllı “Kapsella” tül mərkəzinin açılışına nail oldu. Hazırda “Qala” pərdə tül mərkəzi adı altında fəaliyyət göstərir. ”Gülüstan”, ”Turan”, ”Elay”, ”Talıstan” şadlıq saraylarının pərdələrini ilk dəfə məhz Nailə müəllim dizayn etmiş və tikmişdir. İsmayıllıda müasir üslubda tikilən evlərin əksərini N.Abdullayevanın zövqlə tikdiyi pərdələr, evlərə yaraşıq verən cehizliklər, yataq örtükləri bəzəyir.
Zövqlərin müxtəlif olması məlum məsələdir. Nailə xanım sifarişlərin qəbulu zamanı sifarişçini diqqətlə dinləyir, onun bəyənəcəyi formanı özünəməxsus şəkildə təqdim edə bilir. Bunun nəticəsidir ki, hamını razı yola salır və rayonda gəlin köçən qızlarımızın çoxunun cehizlərinin hazırlanmasında Nailə xanımın payı var.
– Müəllimlikdən yorulmaq olmaz. Pərdə tikməkdən zövq alıram. Tikiş işlərindən yorulanda müəllimlikdə dincəlirəm. Bu peşələrin ikisindən böyük həyat eşqi alıram, – deyir Nailə müəllim.
Nailə müəllimin gözəl ailəsi var. O, üç övlad anasıdır. Böyük qızı Nərminə Gəncə Texnologiya Universitetinin turizm fakültəsini bitirib, təhsilini magistraturada davam etdirir. Hal-hazırda “AccessBank”da işləyir. Qızı Sevinc və oğlu Nicat 5 nömrəli tam orta məktəbində oxuyurlar. Dərs əlaçısıdırlar. Onlar da valideynlərinin zəhmətini uca tutan övlad, babaları Mahmud müəllimin adına layiq nəvə olmaq arzusundadırlar.
Bu kiçik yazıda qəlbi xoş arzularla döyünən bir zəhmətkeş ziyalı haqqında məlumat verməyə çalışdıq. Onu az da olsa, oxuculara tanıtdıq. Sonda Nailə müəllimə can sağlığı, hər iki sənətində böyük uğurlar, davamlı nailiyyətlər arzulayırıq. Qoy şagirdlərinin sorağı dünyanın ən nüfuzlu ali məktəblərindən gəlsin. Tikdiyi pərdələr, hazırladığı əl işləri həmişə evlərə yaraşıq, sevinc və xoşbəxtlik gətirsin.
Yasəmən Ağayeva,
şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi

Şərh Yaz