İftira


A nadan, yediyin çörəyi, duzu,
Beləmi gətirir dada iftira?
İlansan, açılmır qanının buzu,
Yazırsan ocağa, oda iftira.
İftira

A nadan, yediyin çörəyi, duzu,
Beləmi gətirir dada iftira?
İlansan, açılmır qanının buzu,
Yazırsan ocağa, oda iftira.

Ömrünü böhtanla etmisən yarı,
Sanırsan özünü bal çəkən arı.
Günbəz qoz saxlamaz, anla sən barı,
Çatmaz hər ünvana, ada iftira.

Bilinmir, bu yolu tutmusan niyə,
Sən nəyə sahibsən, kim sənə yiyə?
Yüz oxşat özünü bəy oğlu bəyə,
İftira – gədalıq, gəda – iftira.

Paxılın, xəbisin qəlbi dar olar,
Yaxına yad olan yada yar olar.
Bəzən saman çöpü xilaskar olar,
Amma heç yetişməz dada iftira.

Həqiqət nə imiş, bilmirsən, lələ.
Onunçün özünü yolursan belə.
Rəngini dəyişir, bilinmir hələ,
Sualdı, yoxsa ki, nida iftira?

Haşa yaxşılardan, düzlərdən haşa,
Bir yol anqırmısan, çəkiblər başa.
Elə zənn eləmə gəlirsən xoşa,
Verəcək evini bada iftira.

Çoxdan kəbinlisən yalana, şərə,
Yaradan hər kəsin haqqını verə.
Həmişə üz tutdun əl çatan yerə,
Bir yol söyləmədin yada iftira.

Köhnə lüleyintək, xoruldayırsan,
Yağış yağar-yağmaz, guruldayırsan.
Bataqlıq görəntək quruldayırsan –
Quruda iftira, suda iftira.

Dönmüsən yağına yanan çırağın,
Papaq gəzdirirsən, çıxartma ağın.
Nə yesin, gələrsə qəfil qonağın?
Süfrəndə duz-çörək, qida – iftira.
Şahməmməd Dağlaroğlu

Şərh Yaz