Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

İsmayıllı şəhəri ərazisində yenidənqurmadan sonra istifadəyə verilən kərpic zavodunun açılış mərasimində iştirak edən rayon sakinlərinin
M ü r a c i ə t i

Möhtərəm cənab Prezident!
Biz yeni kərpic zavodunun açılış mərasimində iştirak edən rayon sakinləri Sizin 14 avqust 2013-cü ildə rayonumuza etdiyiniz səfəri, bu səfər zamanı görülən işlərə verdiyiniz yüksək qiyməti minnətdarlıqla xatırlayırıq. Səfərinizdən sonra başlanan işlərin davamı üçün öz ehtiyat fondunuzdan vəsait ayırmağınız gələcəyimizi bir daha ümidli etdi. Qəlbən sevindik, fərəh duyduq ki, Sizin kimi dünya dəyərli bir insanın rəhbər olduğu ölkənin vətəndaşıyıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Siz 2014-cü ili sənaye ili elan etmisiniz. Bu ilin tələblərindən irəli gələn vəzifələr rayonumuzda müvəffəqiyyətlə icra olunur. Respublikamız üçün ilk olan velosiped zavodunun tikintisinə başlanmışdır. Bu gün də yeni texnologiya əsasında qurulmuş kərpic zavodu açılır. Hər şeydən əvvəl, bu zavodda işləyəcək 110 nəfərin ailəsinin həyat səviyyəsinin yüksəldilməsi, işsizliyinə son qoyması və fəal həyat mövqeyinə gəlməsi deməkdir.
Bizim çoxumuz 1990-cı illərin əvvəllərini yaşamış insanlarıq. Bu günü qiymətləndirməyi bacarırıq. Xoşbəxt həyatımıza, ailələrimizin firavanlığa qovuşmasına görə Sizin şərəfli adınıza alqışlar göndəririk. Ümummilli liderimiz, xilaskarımız Heydər Əliyevin insana qayğı siyasətini ən yüksək səviyyədə davam etdirdiyiniz üçün Sizə hədsiz minnətdarlığımızı bildiririk.
Möhtərəm cənab Prezident!
Onu da vətəndaş məsuliyyəti ilə deməyi özümüzə borc bilirik ki, İsmayıllı Sizin sərəncam, tapşırıq və tövsiyələriniz əsasında tikilməkdə, qurulmaqda, abadlaşmaqda, yeniləşməkdə davam edir. Rayonumuz bundan sonra da Ulu öndərimizin verdiyi böyük dəyərə layiq inkişaf edəcək və yüksələcək.
Uca şəxsiyyətinizə dərin hörmət və ehtiramla:
İsmayıllı şəhəri ərazisində istifadəyə verilən kərpic zavodunun açılışında iştirak edən İsmayıllı rayon sakinləri.

Şərh Yaz