Böyük yolun üfüqləri

İnsan xalqına qırılmaz tellərlə bağlananda, özündə bitib tükənməyən həvəs və güc hiss edir. Bu halda o, mənbəyini uca dağların, nəhəng qayaların dərinliyindən alan duru çeşmələrə bənzəyir. Neçə-neçə maneələrindən keçərək yeni-yeni qaynaqlarla getdikcə güclənən, çağlayan çeşmə bərəkətli tarlalardan, yaşıl çəmənlərdən, bağlı-bağatlı ellərdən çıxaraq daha da bərəkətlənir, durulur, böyük coğrafi əraziləri əhatə edir.
Böyük yolun üfüqləri12-ci yazı
Böyük yolun üfüqləri
İnsan xalqına qırılmaz tellərlə bağlananda, özündə bitib tükənməyən həvəs və güc hiss edir. Bu halda o, mənbəyini uca dağların, nəhəng qayaların dərinliyindən alan duru çeşmələrə bənzəyir. Neçə-neçə maneələrindən keçərək yeni-yeni qaynaqlarla getdikcə güclənən, çağlayan çeşmə bərəkətli tarlalardan, yaşıl çəmənlərdən, bağlı-bağatlı ellərdən çıxaraq daha da bərəkətlənir, durulur, böyük coğrafi əraziləri əhatə edir.
Böyük yolun üfüqləri
Şirinzadələr ailəsinin mənəvi ucalması barədə düşünəndə gözlərim önünə axar-baxarlı bir çay gəlir. Bu çayın başlanğıcı həmin nəslin görüb-götürməklə, xeyirxahlıqla qidalanmış keçmişi, zəngin mənəviyyatı, istək və arzularıdır, təmizlik uğrunda çırpınanların aləmidir. Şirinzadələr ailəsi bu əvəzsiz sərvəti əzizləyib qorumuş, qiymətli estafet kimi övladbaövlad ötürmüşlər. Təkcə qədim Şirvan eli Basqalda yox, Azərbaycanın çox yerində rəhimdillikdən, səxavətdən, yolunu azanlara yol göstərməkdən və bir çox alicənablıqdan söz düşəndə Şirinzadələr soykökünün də adı çəkilir. Bu nəslin yaratdığı gözəl dəstxətt bu gün də yaşayır. Qarşılıqlı nəzakət, ədəb-ərkan gözlənilən, islami dəyərlərə xüsusi hörmət bəslənilən, mehribanlıq üstündə köklənmiş bu ailənin bir neçə üzvü haqqında söhbət açmaq kimi məsuliyyətli missiyanı biz məmnuniyyətlə yerinə yetiririk.
O, əsl elm fədaisi idi
Əlsəftər Şirinzadə – Azərbaycan Respublikasının Əməkdar müəllimi (1909-1998)
Basqala bahar gəlmişdi. Hər yanda otlar titrəmişdi. Zümrüd meşələr, uca dağlar, dərin dərələr yaşıl don geyinmişdi. Yeniyetmə Əlsəftərin də ömrünün baharı idi. Onun da arzuları titrəmişdi, qəlbindəki xoş hisslər bütün vücuduna hakim kəsilmişdi. Belə təzə, pak, kövrək arzularla, safdan saf niyyətlə tərk edirdi. O, qədim Xarabiyan məhəlləsinin şimali-qərbə meyilli sinəsindəki üstü qara dəmirlə örtülmüş, çay daşından hörülmüş ikimərtəbəli ata-baba mülkünü. Qəsəbəni ikiyə bölən dağ çayı, çəmənliklər, yaşıl yamaclar, sıx Əmrəki və Şərnəki meşələri, yalçın qayalar, şəffaf, buz kimi soyuq, dodaqlar donduran su çağlayan bulaqlar bundan sonra Əlsəftərin qəlbində daşlaşacaq, donmuş xatirələrə çevriləcəkdi. Sanki atası Əliqulunun, qardaşları İsmayılın, Həmzənin çox da geniş olmayan həyətində yan-yana tikilmiş evləri də ona xeyir-dua verir, özünü təhsilə, elmə həsr edəcək Şirinzadələr nəslinin söykökdən gələn şanlı, şərəfli ənənəsini davam etdirəcək 15 yaşlı Əlsəftəri bahar ətirli arzularla Bakıya yola salırdı. Nağıllardakı kimi illər, onilliklər bir-birini sürətlə əvəz etdi. Bütün vücudu – xarici görünüşü, mədəniyyəti, mənəviyyatı əsl ziyalılıqdan xəbər verirdi. O, sanki anadan müəllim olmaq üçün doğulmuşdu. Davranışında, elmində, zəhmətsevərliyində müqəddəs müəllimlik adının ülviyyətini şərəflə daşıdı, qorudu və heç bir təsir onu bu saf əqidəsindən yayındıra bilmədi. 60 ildən artıq bu şərəfli sənətin yollarında inamla, ləyaqətlə irəlilədi, gözünün nurunu, qəlbinin hərarətini, idrakının gücünü zərrə-zərrə şagirdlərinə bəxş etdi. Neçə-neçə nəsil onun ziyası, aşıladığı sağlam, etik-estetik mədəniyyəti, fikir və tərbiyə ilə həyata vəsiqə aldı. Öz millətinə, xalqına, torpağına min bir tellərlə bağlı ziyalı kimi tariximizi, ədəbiyyatımızı, sənətimizi çox gözəl bilirdi Əlsəftər müəllim. Sanki qədim söz xəzinəsindən qəlbində söz çələngi bağlamışdı. Saatlarla şeir deyərdi. Övladlarına klassik irsimizi aşılayırdı. Ulu Dədə Qorquddan bu yana bütün korifeylərin irsini min bir əziyyətlə, lakin ləyaqətini əzmkarlığını itirmədən, minnətsiz böyütdüyü övladlarına, yetirmələrinə hopdurmaq istəyirdi.
Əlsəftər müəllimin təkamülü, mənəvi yüksəlişi asan əldə edilməmişdi. 1926-cı ildə yaşıdlarından zirəkliyi, savadı, dərrakəsi ilə seçilən və müəllimləri tərəfindən sevilən gənc Bakıda orta təhsilini başa vurur, daha dərin bilik və ixtisas qazanmaq üçün əvvəlcə Pedaqoji texnikumda təhsil alır, müəllimlik ixtisasına yiyələnir.
O vaxt kənd yerlərində müəllim kadrlarına xüsusi ehtiyac duyulurdu. 1929-cu ildə gənc müəllim Əlsəftər də Şəkinin( o zaman Nuxa) Qışlaq, Kiçik Dəhnə kəndlərinə müəllim göndərilir. Çətin vaxtlar idi. Kəndlərin əksəriyyətində məktəb yox idi, var idisə də ya ibtidai, ya da natamam orta idi. Müəllimlər demək olar çox az idi. Yuxarı sinif şagirdlərindən hərifləri tanıyanlardan məktəbə müəllim təyin edirdilər. Kiçik Dəhnədə də 7 illik məktəb idi. Əlsəftər müəllim artıq orta pedaqoji təhsil almış, dərin savada malik, işləmək eşqiylə alışıb-yanan enerjili bir gənc kimi, necə deyərlər, qol çırmayıb işə girişdi. İşləmək çox ağır idi, gərək bu ixtisasa girişənin möhkəm iradəsi, tükənməz mənəvi gücü, mətn iradəsi olaydı. Valideynlər uşaqlarını, xüsusilə qız uşaqlarını məktəbə qoymurdular. Məktəb ləvazimatı yox idi, məktəb binası olmadığından kəndin ayrı-ayrı sakinlərinin evlərində dərs keçirdilər. Əlsəftər müəllim valideynlərlə də geniş iş aparmağa başladı, onları maarifləndirməklə həm övladlarını məktəbə buraxırdılar, həm də özləri savadlanmağa maraq göstərirdilər. Əlsəftər müəllim onlar üçün də əlavə savadlandırma məşğələləri təşkil edirdi.
Klassik ədəbiyyatımızı gözəl bildiyindən Əlsəftər müəllim kənddə keçirilən yığıncaqlarda, izahat işlərində dahi sənətkarlarımızın kəlamlarına istinad edir, söz xəzinəmizin incilərindən yerində bacariqla istifadə etməsi onun hər dərsini, çıxışını çox cazibədar, həm də təsirli edirdi. Bu üsullarla o, yerli əhali arasında tədricən nüfuz qazanmağa, ziyalı kimi qəbul olunmağa, sözü eşidilməyə başladı. İctimai şüura təsir etmək çox çətin idi, əhalinin demək olar ki, hansı xurafatın, mövhumatın təsiri altında idi, elmə aparan yolları keçilməz hesab edirdilər. Əlsəftər müəllim öz mütərəqqi fikirli həmkarları ilə birlikdə əhalini savadlandırma yolu ilə kütləvi geriliyə, cəhalətə son qoymaq, xalqın övladlarını elmə, təhsilə yiyələndirməklə böyük xoşbəxtliyə cığır açmaq kimi müqəddəs yola həmişə sadiq qaldılar. Şagirdlərinin, həm də yerli əhalinin yaddaşlarında ən nurlu, namuslu, təmənnasız insan kimi qaldılar.
Elmə, inkişafa sonsuz maraq Əlsəftər müəllimi aldığı təhsillə kifayətlənməyə qoymurdu. Bir neçə il kənd yerində işlədikdən sonra təhsilini davam etdirmək üçün Bakıya dönür, o vaxtlar yenicə açılmış Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olundu. Əlsəftər müəllim hamının hörmətini qazanmaq, hamıya gərəkli olmaq, ziyasından nur parlayan müəllim olmaq arzusunun dalınca büdrəmədən getdi. Nə Bakıda kirayənişin həyatı, nə yarıac-yarıtox həyat, nə də tələbə həyatının müxtəlif çeşidli çətinlikləri və problemləri onu ruhdan salmadı.
Əlsəftər Şirinzadə 1933-cü ildə Pedaqoji İnstitutu bitirib ali təhsilli fizika-riyaziyyat müəllimi ixtisasına yiyələndi, xalqın övladlarına fizika-riyaziyyatı əsaslı surətdə öyrətməyə başladı. Bakıda ilk fəaliyyətə başladığı məktəb o vaxtki Lenin (indiki Sabunçu) rayonunun Bülbülə qəsəbəsindəki 13 nömrəli məktəb oldu. Eyni zamanda müəllim çatışmadığından qonşu kəndlərin – Balaxanı, Ramana və Zabratın məktəblərində də işləməli olurdu. 1936-cı ildə Əlsəftər müəllim əslən Şamaxıdan olan, sadə həyat tərzi keçirən, və əməksevər ailədən olan, Əbdülqasım və Münəvvərin qızı Firuzə xanımla ailə qurur. Artıq uzun illərin arzusu olan müəllimliyə qovuşmuşdu, həm də həlim təbiətli, təhsil almasa da düşüncə və dərrakəsi ilə fərqlənən, onu qəlbən duyan bir xanımla ailə qurması onun xoşbəxtliyə gedən yoluna yaşıl işıq yandırdı.
Əlsəftər müəllimin ömür-gün yoldaşı Firuzə xanım çox səliqəli, mehriban insan idi. Mükəmməl təhsil almamışdı, lakin yüksək mərifəti, məntiqli mühakiməsi ilə alimlərdən seçilmirdi. Analar oxumamış alim olurlar. 1937-ci ilin mart ayında onların ilk övladı dünyaya gəldi. Adını qəlbən sevdiyi, dəfələrlə görüşdüyü Hüseyn Cavidin qəhrəmanı Səyavuş qoydular.
Ailələri müəllim məvacibi ilə çətin dolanırdı. Ağır maddi vəziyyət isə davam edirdi. 1940-cı ildə qızı Zemfira, 1942-ci ildə oğlu Azər, 1945-ci ildə isə Lətifə dünyaya göz açdı. 1941-ci ildə başlanan müharibə insanların həyatını “göy əsgiyə” bükdü. O ailə yox idi ki, kimisəmüharibəyə yola salmasın. Müharibə zamanı müəllimlərə və neftçilərə xüsusi diqqət yetirirdilər. Onlara müharibədən azad olmaq hüququ verirdilər.
Əlsəftər müəllimi də ordudan azad etdilər və o, Bakıdakı 3, 69, 155, 148 nömrəli məktəblərdə pedaqoji fəaliyyətini davam etdirdi.
1944-cü ildə pedaqoji ustalığını, peşəkarlığını nəzərə alaraq 1944-cü ildə Ə.Şirinzadəni İrana-Təbriz şəhərinə ezam etdilər. O vaxt antihitler koalisiyasının birgə sazişi ilə İranda Sovet qoşunlarının hissələri yerləşirdi. Əlsəftər müəllim Təbrizin mərkəzində yerləşən Sovet məktəbində fizika dərsi deyirdi. Böyük oğlu Səyavuş da bu məktəbdə oxuyurdu. Təbrizdə o, 1944-1947-ci illərdə fəaliyyət göstərdi.
Bakıya qayıtdıqdan sonra Ə.Şirinzadə Azərbaycan Maarif Nazirliyinin inspektoru, bir qədər sonra isə Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunda fizika kabinetinin müdiri təyin edilir. Peşəsinin vurğunu olan Ə.Şirinzadə 1977-ci ilədək yorulmaq nə olduğunu bilmədən gənc nəslin təlim-tərbiyəsi sahəsində çalışdı. Fizikanı ustalıqla tədris etdi. 50 ildən artıq təhsil sahəsində saç ağartmış, gözünün nurunu sərf etmiş tanınmış müəllim üçün öz ərizəsinə əsasən işdən çıxmaq və qanuni istirahətə getmək çox çətin olsa da, qayğıkeş övladları belə məsləhət gördülər.
İxtisasca Fizika müəllimi olsa da, Əlsəftər müəllim Hüseyn Cavidi, Cəfər Cabbarlını, Məhəmməd Hadini, Mikayıl Müşfiqi, Abbas Səhəti, Sabiri, Hacı Seyid Əzim Şirvanini sevirdi, onların əsərlərindəki obrazları öz ailəsinə gətirmişdi: Səyavuş, Azər özü də hansı illərdə? – 1937-1942-ci illərdə, o zaman ki, Cavidin adını çəkməyə qorxurdular. Kiçik oğlunu isə qədim türk sərkərdəsinin adı ilə Alçın adlandırmışdı.
Nicat yolunu elmdə, bilikdə, təhsildə gördü, 6 övladının hamısına ali təhsil verdi. Onların üçü dünya şöhrətli alim oldu. Belə köklü tələbkarlığın, şüurlu tərbiyənin bəhrəsidir ki, ailənin övladları, get-gedə böyüyən sonrakı nəsillər də ictimaiyyət tərəfindən böyük ehtiramla, sevgi ilə qəbul olunur.
Əlsəftər Şirinzadə əməkdar müəllim, “Qabaqcıl maarif xadimi”, “Təhsil əlaçısı”, fərdi pensiyaçı adlarını şərəflə daşıyırdı. O vaxtki Maarif naziri, görkəmli pedaqoq, akademik Mehdi Mehdizadə çıxışlarının birində demişdi: “Əlsəftər Şirinzadənin şagirdi olmaq böyük şərəfdir”.
Halallığı, düzlüyü, mərdliyi, əyilməzliyi, səxavəti Əlsəftər müəllim hamıya – özününkülərə də, özgələrə də tövsiyə edərdi. Böyük tərbiyə məktəbi miras qoyub çox arxayınlıqla 89 yaşında köçdü dünyadan, övladlarının, nəvələrinin çiynində.

Böyük yolun üfüqləri
Miryavər Hüseynov

Şərh Yaz