Neftçi Ağasəf

Ağasəf Əlihasil oğlu Bağırov – SSRİ Dövlət mükafatı laureatı, Azərbaycanın Əməkdar neftçisi
Qapının zəngi çalındı. Ev sahibi qapını açanda çiyini çantalı, əlində bir yığın qəzet olan poçtalyon qızı gördü.


Neftçi Ağasəf

Ağasəf Əlihasil oğlu Bağırov – SSRİ Dövlət mükafatı laureatı, Azərbaycanın Əməkdar neftçisi
Qapının zəngi çalındı. Ev sahibi qapını açanda çiyini çantalı, əlində bir yığın qəzet olan poçtalyon qızı gördü.

– Sabahınız xeyir, Ağasəf müəllim, deyə qız onu salamladı, – buyurun qəzetlərinizi.
Məşhur neftçi qəzetləri alıb təşəkkür etdi, içəri girmək istəyərkən qız ona:
– Dayanın, – dedi, – sizə bir məktub da var.
O, əlini çantasına saldı, oradan çıxartdığı məktubu ev sahibinə verdi.
Neftçi Ağasəf

Ağasəf Bağırov zərfin üzərində səliqə ilə yazılmış ünvana və oradakı ad və soyada baxdı: “ Tümen, Surqut, Teymur Zeynalov…” Lakin nə qədər fikirləşdisə də, məktubu yazanın kim olduğunu yadına sala bilmədi. Əziz və hörmətli Ağasəf müəllim! Neftçi peşəsini öyrətdiyiniz və bu peşəyə qaynar məhəbbət yaratdığınız şamaxılı Fərhad kişi yadınızdadırmı? Zarafatyana siz ona “Şirvan pəhləvanı” deyərdiniz. Mən onun yeganə oğluyam. Atam ömrünün son günlərinə kimi özünü nişan verəndə iftixarla “Mən Ağasəf Bağırovun şagirdiyəm”- deyirdi. Neftçi olmağım, özümü azacıq da olsa sizə oxşatmaq arzusundan yaranmışdır. Atam sizdən danışmaqdan yorulmurdu. Sizin gənclər üçün əsil örnək olan həyat kitabınızın bütün səhifələri, ictimai nüfuzunuz mənə yaxşı bəllidir”…
Təşəkkürlə dolu olan bu səmimi məktub Ağasəfin qəlbində xoş duyğular oyatdı. Məktubu oxuduqca, əllinci illərdə, o zaman “Leninneft” adlanan trestdə işləmək üçün gəlmiş cılız, ucaboy, qarayanız gənc xəyalında canlandı. “Yerli, gəlsənə, nə sənə əziyyət verim, nə də mən avara olum. Qoy çıxım gedim rayona. Kəndli babayam. Qayıdım ata-baba işimin qulpundan yapışım”. Fərhad dəfələrlə bu fikrə düşmüş, lakin neft ustası Ağasəf Bağırovun nəsihətləri, təsəllisi, son dərəcə səbir və təmkinlə sənətini öyrətməsi bu qüvvətli, fərasətli gənci saxlamışdır. Sonralar Fərhad Zeynalov öz ustası kimi həyatın və sənətin çətin, sərt imtahanlarından keçib tanınmış neftçi olmuşdu…
90 yaşı olmasına özü də inanmırdı. Elə bil hər şey dünən, srağa gün olub. Ağasəf atası Əlihasil əmini, hamının el ağbirçəyi kimi tanıdığı, anası Eşvə xalanı xatırladı. Əlihasil kişi mahir kəlağayı ustası idi. Onun toxuduğu zərif, nəfis kəlağayıları həmişə arteldə birinci növ kimi qəbul edər, Orta Asiya respublikalarına satış üçün göndərməyə layiq bilərdilər. Elinə, xalqına, sənətinə qəlbən bağlı olan bu dünyagörmüş kişi övladlarının yaxşı sənət sahibi, əsil insan kimi yetişməsi üçün dəridən-qabıqdan çıxırdı.
Basqal bazarı evlərindən azacıq yuxarıda idi. O zaman dükanda, bazarda neftin əhəmiyyətindən danışmaq dəbdə idi. Bığ yeri təzəcə tərləmiş Ağasəf atasının gətirdiyi yeniliklərə maraqla qulaq asırdı. Tədricən onda bu hadisələrin cərəyan etdiyi yerə – Bakıya getmək, neftin ecazkar sirlərinə bələd olmaq həvəsi oyandı. Elə atası da bunu istəyirdi.
– Mən Bakıda çox olmuşam, – deyə Əlihasil əminin üzündə təbəssüm qırışları göründü, – Bakı dəryadır. Bu dəryada batmamaq üçün gözüaçıq olmalısan. Çətinliklər səni həvəsdən salmamalıdır. Büdrəyəndə gücünü topla ki, yıxılmayasan.
Yeddinci sinfi yenicə bitirən, 16 yaşlı Ağasəf ilk dəfə gördüyü Bakıya gəldi. İki aydan sonra həmyerliləri Cavid Hacıyev və Ağabədəl Ağayevlə sözbir olub Lassal adına Bakı Neft Texnikumuna daxil oldu. İllər keçdi. Ağasəf təhsilini başa vurub əmək fəaliyyətinə “Leninneft” trestində qazmaçı peşəsi ilə başladı. Yeni mühit, isin çətinliyi onu yorur, qorxudurdu. Lakin gəncin arıq sinəsində odlu, inadlı bir ürək döyünürdü.
1940-cı ildə Ağasəfi ordu sıralarına çağırdılar. Bir ildən sonra isə aydın səmamızı müharibələr bürüdü. O, döyüşən ordu ilə birlikdə od-alov içərisində uzun bir yol keçdi.
Moskva yaxınlığında, Ukrayna, habelə Qərbi Avropanın bir sıra ölkəsində faşistlərlə vuruşdu, böyük qurbanlar, fədakarlıqlar bahasına basa gələn müqəddəs qələbənin qazanılmasında onun da payı oldu. Ağasəfi ordudan bir qədər gec – 1946-cı ilin qış aylarında buraxdılar. O, min bir arzu ilə Bakıya gəldi. Gənc texniki dərhal “Leninneft” trestinin 3-cü mədəninə usta təyin etdilər.
Neft ustası sahəni təhvil alan kimi ürəklə isə girişdi. O, işi dərindən təhlil etmək nəticəsində qət etdi ki, neft hasilatını artırmaq üçün kompleks briqada yaratmaq lazımdır. Elə briqada ki, oraya həm neftçıxarma, həm də yeraltı təmir işçiləri daxil olsun və bu kollektivə neftçıxarma ustası başçılıq etsin. Bu isə neftçıxarma briqadasının işində kök salmış köhnə üsulları alt-üst etmək idi. Onun bu təşəbbüsü hərtərəfli öyrənilərək bəyənildi. Bu trestdə ilk kompleks briqada belə yarandı. Az müddətdən sonra kompleks briqadanın təşkili iqtisadi və təşkilati cəhətdən faydalı olduğuna görə təkcə Azərbaycan neftçiləri arasında deyil, bir necə ölkədə bəyənildi. Bu tədbir Azərbaycanda neft istehsalının inkişafı üçün imkanları artırdı.
Ağasəfin şöhrəti artdı, adi dillərdə gəzməyə başladı. “Neftçıxarma işində inqilab”, “A.Bağırovun böyük ixtirası ”, “Neftçi əsgər cəbhədən qayıtdı ” , “Kompleks briqada nə deməkdir ? ”… Onun barəsində qəzetlərdə yazılanları oxuyanda, radioda deyilənləri eşidəndə adama elə gəlirdi ki, Ağasəf Bağırov fövqəladə bir insandır. Lakin sadə, həlim xasiyyətli, qayğıkeş bir insan olan bu tanınmış neftçini daim isin ən ağır yerlərində görmək olurdu.
Mədəndə təsərrüfat hesabi ilə işləyən kompleks briqadalarının yaradılmasında göstərdiyi təşəbbüsə görə 1950-ci ildə Ağasəf Əlihasil oğlu Bağırova SSRİ Dövlət mükafatı laureatı adi verildi. 1960-cı ildə o, “Azərbaycanın Əməkdar neftçisi ” fəxri adına layiq görüldü.
Ağasəf Bağırov 3-cü, 4-cü, 5-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. Dövlətin, xalqın geniş hörmətini qazanmış bu fədakar, ictimaiyyətçi neft ustası, Respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olmaq etibarı ilə dövlət əhəmiyyətli vacib işlərin həllində iştirak etmişdir.
Hazırda təcrübəli neftçi layiq olduğu fərdi pensiyadadır. Lakin yaşının bu ixtiyar çağında da gənclik ehtirası ilə yenə də ictimai işdən ayrılmır, tez-tez doğma mədənə baş çəkir, buruqların işindən, neft hasilatını vəziyyətindən xəbər tutur, xarici ölkələrdən gəlib Bakıda neftçi peşəsini öyrənən tələbələrə dərs deyir, onlarla təcrübə aparır.
Bayramlarda, əlamətdar şadyanalıq günlərində ailə ilə bir yerə toplaşır. Uşaqlar atalarının bayramsayağı paltarını gətirir, döşünə iki Qırmızı Əmək Bayrağı ordeni, laureat nişanı, çoxlu döyüş və əmək medalı, fəxri döş nişanları taxılmış pencəyi onun əyninə geydirirlər.
Hansı sənətin daha gərəkli, daha qiymətli olması barədə zarafat, yumorla dolu şən mübahisə başlanır. Vaqif və Arif öz sənətlərinin – mühəndisliyin, Tamella və Zemfira isə həkimliyin daha faydalı olmasını sübut etməyə çalışırlar. Mübahisəyə nəvələr yekun vururlar: “Bütün peşələr faydalıdır – təki sən namusla xalqına xidmət etmək istə”. Ata belə vaxtlarda özünü xoşbəxt hesab edir. Övladlarının mənəvi-fiziki kamilliyini gördükcə, o elə sevinir ki, bu sevinc anları onu cavanlaşdırır, narahat dəmlərini, kədərli məqamlarını unutdurur.
Doğma yurd həmişə şirin olur, insanı özünə çəkir. Ağasəf Bağırov doğulduğu, boya-başa çatdığı qədim Basqalı unutmur. O, tez-tez buralara qonaq gəlir, sanki uşaqlıq, yeniyetməlik çağlarına qayıdır. Dost-tanışlar, qohumlar Ağasəfi tək buraxmır, onu dövrəyə alırlar. Şöhrətli neftçinin söhbətləri onların dərin marağına səbəb olur.
Neftçi Ağasəf
Miryavər Hüseynov,
İsmayıllı rayonu, Basqal qəsəbəsi

Şərh Yaz