Gündoğar ölkədən xoş təəssüratlar

Gündoğar ölkədən xoş təəssüratlar
Üç ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının xeyir-duası ilə Yaponiyanın Şizioka Prefekturasının İto şəhəri ilə rayonumuz arasında dostluq, qardaşlıq münasibətləri yaranmışdır. Bu münasibətlərin nəticəsidir ki, Azərbaycanda ilk dəfə bizim rayonumuzda “Yapon bağı” salınmışdır. Bundan başqa, Yaponiya dövlətinin dəstəyi ilə rayonumuzun Ruşan, Buynuz kəndlərində məktəb, Zoğallıq kəndində və İsmayıllı şəhərində (keçmiş Mican kəndində) uşaq bağçası, Lahıc qəsəbəsində 450 tonluq su anbarı, eləcə də yeni yaşayış sahəsinə kanalizasiya xətti çəkilmişdir. Bundan əlavə, Qalacıq kəndində həkim məntəqəsi üçün bina tikilmiş, Basqal qəsəbəsində kəlağayı istehsalı müəssisəsi yaradılmış, İsmayıllı şəhərində uşaq poliklinikasının binası və İvanovka kənd xəstəxanasının doğum şöbəsi əsaslı təmir olunmuş, məişət tullantıları poliqonu və İsmayıllı şəhərində 2 artezian quyusu istifadəyə verilmişdir.

Gündoğar ölkədən xoş təəssüratlar

Üç ildən artıqdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının xeyir-duası ilə Yaponiyanın Şizioka Prefekturasının İto şəhəri ilə rayonumuz arasında dostluq, qardaşlıq münasibətləri yaranmışdır. Bu münasibətlərin nəticəsidir ki, Azərbaycanda ilk dəfə bizim rayonumuzda “Yapon bağı” salınmışdır. Bundan başqa, Yaponiya dövlətinin dəstəyi ilə rayonumuzun Ruşan, Buynuz kəndlərində məktəb, Zoğallıq kəndində və İsmayıllı şəhərində (keçmiş Mican kəndində) uşaq bağçası, Lahıc qəsəbəsində 450 tonluq su anbarı, eləcə də yeni yaşayış sahəsinə kanalizasiya xətti çəkilmişdir. Bundan əlavə, Qalacıq kəndində həkim məntəqəsi üçün bina tikilmiş, Basqal qəsəbəsində kəlağayı istehsalı müəssisəsi yaradılmış, İsmayıllı şəhərində uşaq poliklinikasının binası və İvanovka kənd xəstəxanasının doğum şöbəsi əsaslı təmir olunmuş, məişət tullantıları poliqonu və İsmayıllı şəhərində 2 artezian quyusu istifadəyə verilmişdir.
Gündoğar ölkədən xoş təəssüratlar
Dəfələrlə Yaponiyanın nümayəndə heyətləri rayonumuzda olmuş və dostluq, qardaşlıq münasibətlərinin yaradılması istiqamətində çox böyük iş aparmışlar. İndiyə qədər yaranmış münasibətləri rəsmiləşdirmək məqsədilə rayonumuzun nümayəndə heyəti bu günlərdə Yaponiyanın İto şəhərinə səfər etmişdir. Nümayəndə heyətinə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rəhbərlik etmişdir. Bundan başqa, heyətin tərkibinə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Rəsul Balayev, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Azər Abbasov və bu sətirlərin müəllifi daxil idilər.
Azərbaycanla Yaponiya arasında birbaşa təyyarə reysi olmadığı üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə oradan isə Narita şəhərinin eyni adlı hava limanına uçduq. İstanbul və Narita arasındakı 9 min kilometrdən artıq məsafəni 11 saat 15 dəqiqəyə qət etdik. Yaponiyaya yerli vaxtla noyabrın 21-də saat 12-də çatdıq. Azərbaycanla Yaponiya arasında vaxt fərqi 5 saatdır. Narita Hava Limanına enəndə ilk rastlaşdığımız yazı “ANA” sözü oldu. Bu, Yaponiya Hava Yollarının ingilis dilində yazılış formasıdır. İlk rastlaşdığım sözdə bir doğmalıq hiss etdim və səfərimizin sonrakı günlərində bu fikrimin yanlış olmadığının şahidi oldum.
Gündoğar ölkədən xoş təəssüratlar
Narita Hava Limanında nümayəndə heyətimizi Azərbaycanın Yaponiyadakı səfirliyinin ikinci katibi Rövşən Mirzəyev və səfirliyin təsərrüfat müdiri Ələkbər Bayramov qarşıladılar. Narita Hava Limanı İto şəhərindən 200 kilometr məsafədə yerləşir və biz bu məsafəni üç saatdan bir qədər artıq vaxta getdik. Səfər başlayan kimi diqqətimi ilk cəlb edən hər yerin səliqə-sahmanda və təmiz olması oldu.
Bu qədər təmizliyi necə qoruyub saxlayırlar sualıma səfirliyin təsərrüfat müdiri Ələkbər Bayramov belə cavab verdi. “Burada təmizliyə hamılıqla ciddi əməl edirlər. Bu işlə tək hansısa bir təşkilat yox, hamı məşğuldur. Əgər kimsə yolda maşından zibil atarsa, yol polisi əməkdaşları həmin tullantını götürür, ən yaxın posta xəbər verir. Orada həmin sürücü saxlanılır, ona hansı məsafədə zibil atması bildirilir. Əgər sürücü bunu boynuna almazsa, həmin dəqiqə xüsusi ekspertlərlə onun barmaq izləri müəyyən edilir və sürücü çox böyük məbləğdə cərimə edilir”.
Gündoğar ölkədən xoş təəssüratlar
Məlumat üçün bildirmək istəyirəm ki, bizim də barmaq izlərimiz hava limanında pasport qeydiyyatından keçərkən götürülmüşdür və belə bir aqibət təmizlik qaydalarına əməl etmədiyimiz təqdirdə bizi də gözləyə bilərdi.
İto şəhərinin rəhbərliyi tərəfindən rayonumuzun nümayəndə heyətinin səfəri ilə əlaqəli xüsusi hazırlıq işləri görülmüşdü. Səfərdən bir gün əvvəl isə Yaponiya televiziyasında Azərbaycan haqqında 50 dəqiqəlik film yayımlanmışdı.
Gündoğar ölkədən xoş təəssüratlar
İtoya səfərimizin ilk günü şəhər parlamentinin sədri cənab Nishijima Akira tərəfindən nümayəndə heyətinin şərəfinə şam yeməyi verildi. Görüşdə İto şəhərinin meri Hiromi Tsukuda, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İto şəhərinin parlamentinin sədri Nishijima Akira, Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə, “Kosuqi Zohen Co” MM Şirkətinin prezidenti Kosuqi Saki çıxış etdilər.
Bütün çıxışlarda Azərbaycan və Yaponiya arasında yaranmış bu dostluq və qardaşlıq əlaqələri alqışlandı və gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıldı.
Gündoğar ölkədən xoş təəssüratlar
Tədbirdə Yaponiya və Azərbaycan haqqında hazırlanmış video çarx nümayiş etdirildi. Videoçarxda İto şəhərinin meri cənab Hiromi Tsukudanın Azərbaycanda olduğu zaman Bakı şəhərindən, İsmayıllıdan və Lahıc kəndindən hazırlanmış materiallara daha çox yer verilmişdi. Sonra tədbir Yapon milli musiqi və rəqsləri ilə davam etdirildi, görüşün sonunda qarşılıqlı hədiyyə mübadiləsi aparıldı.
Gündoğar ölkədən xoş təəssüratlar
22 noyabr 2013-cü il tarixdə günün birinci yarısında İto şəhərinə gəzinti təşkil edildi, şəhərin mərkəzi küçələri, park və xiyabanlarla tanış olduq. Yaponiyanın qüruru və fəxri hesab olunan Fudji dağını seyr etmək üçün kanat yolu ilə yüksəkliyə qalxdıq. Bu yüksəklikdən Fudji dağı daha əzəmətli görünürdü. Eləcə də İto şəhəri bütün gözəlliyi ilə göz oxşayırdı. Sakit Okeanın təmiz havasını udmaqdan doymaq olmurdu. Sonra okeana daha yaxın olmaq üçün minlərlə turisti özünə cəlb edən asma körpüdə olduq və sıldırım qayalıqlara tamaşa etdik. Nəhayət, saat 11:30-da rəsmi görüş üçün İto şəhər meriyasına gəldik.
Nümayəndə heyətini İto şəhərinin meri Hiromi Tsukuda qarşıladı. Qarşılanma mərasimi çox gözəl təşkil olunmuşdu. Meriyanın girəcəyindən tədbirin keçiriləcəyi yerə qədər uzun bir məsafəni əllərində dövlətimizin bayraqlarını tutmuş meriyanın, eləcə də “Kosuqi Zohen Co” MM şirkətinin onlarla işçisi bizi böyük səmimiyyətlə qarşıladı. Meriyada əvvəlcə şəhərin meri cənab Hiromi Tsukuda ilə görüş keçirildi və şəhərlər arasında təhsil, turizm və kənd təsərrüfatı sahələrinin gələcəkdə birgə fəaliyyəti istiqamətində fikir mübadiləsi aparıldı. Görüşün sonunda nümayəndə heyətimiz tərəfindən İto şəhərinin meri cənab Hiromi Tsukudaya hədiyyələr təqdim olundu.
Gündoğar ölkədən xoş təəssüratlar
Həmin gün saat 12-də İsmayıllı və İto şəhərləri arasında dostluq mübadiləsi haqqında saziş imzalandı. İmzalanma mərasimində çıxış edən İto şəhərinin meri Hiromi Tsukuda ötən ilin payızında Azərbaycana səfəri barədə məlumat verdi və bildirdi ki, Azərbaycan qədim və zəngin mədəniyyətə malik olan gözəl bir ölkədir, insanları həddən artıq qonaqpərvər və mehribandırlar. Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olduğunu və hasilatdan əldə edilən mənfəətin insanların rifahı naminə bacarıqla istifadə edildiyini vurğulayan mer İsmayıllı ilə bağlanacaq sazişin hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirdi.
Nümayəndə heyətinin rəhbəri İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sazişin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacağına əminliyini bildirdi. Yaponiyanın təhsil, kənd təsərrüfatı və turizm sahələrində təcrübəsinin Azərbaycan tərəfi üçün maraqlı olduğunu vurğuladı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illər iqtisadi sahədə görünməmiş inkişafa nail olduğu, Ermənistan tərəfindən müharibəyə cəlb edilməyimizə və ərazi işğalına məruz qalmağımıza baxmayaraq ölkə rəhbərinin bu problemin sülh yolu ilə həllinə çalışdığı barədə məlumat verdi.
Gündoğar ölkədən xoş təəssüratlar
Sonra İsmayıllı və İto şəhərləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında saziş imzalandı. Sazişi İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və İto şəhərinin meri Hiromi Tsukuda imzaladı. Sazişin imzalanma mərasimindən sonra mətbuat konfransı keçirildi. M.Sadıqov və H.Tsukuda jurnalistlərin suallarını cavablandırdılar və sazişin əhəmiyyətindən danışdılar. Daha sonra İto şəhərinin meri cənab Hiromi Tsukuda tərəfindən nümayəndə heyətinə nahar verildi. Nahardan sonra İto şəhər parlamentinin iş şəraiti ilə tanış olduq. Nümayəndə heyətinə parlamentin fəaliyyət istiqamətləri haqqında məlumat verildi və xatirə şəkili çəkdirildi.
Gündoğar ölkədən xoş təəssüratlar
Günün ikinci yarısında İto şəhər Turizm Assossiasiyasında olduq. Burada nümayəndə heyətini Assossiasiyasının rəhbəri Masahiko Şibata qarşıladı. Turizm sahəsi İto şəhərində ən geniş yayılmış sahədir və 74 min nəfər əhalisi olan bu şəhərə il ərzində 7 milyondan artıq turist gəlir. Odur ki, bu istiqamətdə işlərin təşkili ilə əlaqədar nümayəndə heyətini maraqlandıran məsələlər barədə ətraflı fikir mübadiləsi aparıldı və gələcəkdə bu şəhərin təcrübəsindən istifadə edərək rayonumuzda turizm sahəsinin perspektiv inkişafı geniş təhlil olundu. Görüşün sonunda Assossiasiyanın rəhbərliyinə hədiyyələr təqdim olundu.
Daha sonra İto şəhərinin ən iri ticarət mərkəzi olan “Skydome” ilə tanışlıq oldu. Qeyd etmək istəyirəm ki, nümayəndə heyətinin qarşılanmasına bütün şəhər hazırlanmışdı. Belə ki, ticarət mərkəzi ilə tanışlıq zamanı şəhər sakinləri, eləcə də satıcılar əllərində Azərbaycanın dövlət bayrağını tutaraq, nümayəndə heyətini salamlayırdılar.
Gündoğar ölkədən xoş təəssüratlar
Yerli radio vasitəsi ilə davamlı olaraq şəhər sakinlərinə ölkəmiz və onun regionları, xüsusilə İsmayıllı rayonu barədə maraqlı məlumatlar verilirdi.
Ticarət mərkəzi ilə tanışlıqdan sonra İto şəhərinin orta məktəblərindən birində olduq. Yüksək fəallığı ilə seçilən məktəbin pedaqoji kollektivi Azərbaycana böyük maraq və ehtiramını olduqca səmimi şəkildə bildirdi. Bu məktəbin şagirdləri artıq bir neçə ildir ki, İsmayıllı şəhərinin 1 nömrəli məktəbinin şagirdləri ilə məktublaşaraq sıx dostluq əlaqəsi qurmuşlar. Məktəbin dəhlizində İsmayıllı məktəblilərinin İto şəhər məktəblilərinə yazdıqları məktublardan ibarət stend asılmışdır.
Məktəbin direktoru Qokava Yukio bildirdi ki, hazırda məktəbdə 680 nəfər şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 45 nəfər müəllim məşğul olur. Sonra rayonumuzun məktəbliləri ilə məktublaşan şagirdlərin bir qrupu ilə görüş oldu. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov məktəb şagirdləri arasında qarşılıqlı səfərlərin təşkili, azərbaycanlıların İto məktəblilərinin evində, eləcə də yapon məktəblilərinin İsmayıllı rayonuna gələrək Azərbaycan ailələrində yaşamasının qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərəcəyini qeyd etdi və onları ölkəmizə dəvət etdi. Görüşdə şagirdlərin Azərbaycanla bağlı suallarına ətraflı cavab verildi və şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin İto məktəblilərinə yazdıqları məktublar və İsmayıllı məktəbliləri ilə məktublaşan 20 nəfər şagirdə, eləcə də məktəbin rəhbərliyinə hədiyyələr təqdim olundu.
Günün sonunda “Kosuqi Zohen Co” MM Şirkətinin Prezidenti cənab Saki Kosuqi tərəfindən nümayəndə heyətinə şam yeməyi verildi. Şam yeməyinin sonunda Kosuqiyə hədiyyələr təqdim olundu və xatirə şəkilləri çəkdirildi. Cənab Kosuqi Azərbaycana xüsusi hörməti olan bir insandır. O, dəfələrlə bizim rayonumuzda olmuşdur. H.Əliyev adına mərkəzi istirahət parkında yaradılmış “Yapon bağı”nın təşkilatçısıdır.
Gündoğar ölkədən xoş təəssüratlar
Məlumat üçün bildirmək istəyirəm ki, gün ərzində keçirilmiş bütün görüşlər barədə yerli qəzetlərdə silsilə yazılar dərc olunmuş və bu görüşün əhəmiyyətinə xüsusi önəm verilmişdir.
Rayonumuz İto şəhəri ilə yanaşı digər şəhərlərlə də qardaşlıq, dostluq münasibətləri qurmuşdur. Bu şəhərlərdən biri Belorus Respublikasının Nesvij şəhəridir. Dəfələrlə bu şəhərə səfər etmiş nümayəndə heyətinin tərkibində mən də olmuşam və hər dəfə rayonumuzun nümayəndə heyətinə xüsusi diqqət və qayğının göstərilməsinin şahidi olmuşam.
Mən bu yanaşmanı iki dövlət arasında yaranmış dostluq münasibətlərinin yüksək səviyyədə olması ilə əlaqələndirərdim. Lakin, uzaq Yaponiyada Azərbaycanı təmsil edən nümayəndə heyətinə bu qədər yüksək hörmət və ehtiramın göstərilməsinin əsl səbəbinin dövlətimizin gücündə olduğunu, dövlət rəhbərimizin zərgər dəqiqliyi ilə həyata keçirdiyi xarici siyasətin uğurunda gördüm. Ümumiyyətlə, Yaponiyada Azərbaycanı tanıyır və hörmət edirlər. Dövlətimizin Yaponiyadakı səfiri və səfirliyin işçiləri çox fəaldırlar və gündoğar ölkədə Azərbaycan dövlətinin siyasətini çox uğurla həyata keçirirlər.
23 noyabrda günün birinci yarısında “Kosuqi Zohen Co” MM Şirkətinin tədris mərkəzində olduq. Burada cənab Kosuqinin rəhbərliyi ilə məhdud ərazidə ən səmərəli yerləşmə modelinin qurulması ilə tanış olduq və gələcəkdə bu sahədə İto şəhəri ilə rayonumuz arasında qarşılıqlı münasibətlərin yaradılması istiqamətində fikir mübadiləsi apardıq. Həmin günün ikinci yarısında Tokio şəhərinə qayıtdıq və şəhərin görməli yerləri ilə tanış olduq.
24 noyabrda gün ərzində Tokio şəhərinin görməli yerləri, parkları, meydanları, mərkəzi küçələri ilə tanış olduq, dünyanın ən hündür teleqülləsi olan Tokio qülləsinə qalxdıq. Tokio şəhəri dünyanın ən böyük şəhərlərindən biridir. Hal-hazırda Tokioda 14 milyona yaxın adam yaşayır və hər gün daimi iş yeri bu şəhərdə olan 7 milyon insan da buraya işləməyə gəlir. Şəhərlə tanış olarkən digər şəhərlərdə gördüklərimizdən fərqli məqamlarla üzləşdik. Belə ki, iş vaxtı şəhərdə az adam gözə dəyir, hamı öz işində olur. Elə ki, iş vaxtı qurtardı şəhərdə insan seli yaranır. Şəhərin ən mərkəzi hissəsində belə böyük şəhərə xas olmayan sakitlik, səssizlik hökm sürür. Şəhərdə nə insan səs-küyü, nə də maşınların siqnal səsləri eşidilir. Hamı çox səliqəli şəkildə öz işi ilə məşğul olur. Sürücülər tərəfindən yol hərəkəti qaydalarına çox ciddi əməl olunduğu üçün tıxaclar yaranmır. Şəhərdə ideal təmizlikdir. Bütün küçələri, səkiləri elə bil indicə silib-süpürüblər. Heç yerdə toz, palçıq yoxdur. Şəhərin havası həddindən artıq təmizdir. İctimai yerlərdə papiros çəkmək qadağandır. Bunun üçün şəhərdə xüsusi ayrılmış yerlər var. İnsanlar həddindən artıq sakit və mehribandırlar. Kimliyindən asılı olmayaraq hər hansı bir ünsiyyətin sonunda baş əyib minnətdarlığını bildirirlər.
Günün sonunda Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gursel İsmayılzadə tərəfindən nümayəndə heyətinə şam yeməyi verildi.
25 noyabrda günün birinci yarısında yenə də Tokio şəhərinin görməli yerləri ilə tanışlıqdan sonra saat 16-da Yaponiya Xarici İşlər Nazirliyində nazir müavini Takao Makino ilə görüş keçirildi. Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə, səfirliyin ikinci katibi Rövşən Mirzəyev, Yaponiyanın Azərbaycanda fəaliyyət göstərmiş sabiq səfiri Şusuke Vatanabe və digər şəxslər iştirak edirdilər.
Nazir müavini T.Makino nümayəndə heyətini Tokioda salamlamaqdan məmnun olduğunu bildirdi və qeyd etdi ki, bu əməkdaşlıq cənubi Qafqaz regionu ölkələri ilə Yaponiya arasında ilk sazişdir və bu sazişin imzalanması ikitərəfli münasibətlərin genişləndirilməsinə öz töhfəsini verəcəkdir. T.Makino İsmayıllı və İto şəhərlərinin məktəblilərinin bir-birləri ilə məktublaşdıqlarından xəbəri olduğunu bildirdi. Azərbaycanın sürətli inkişafının Yaponiyada maraqla izləndiyini, İto və İsmayıllı şəhərləri arasında təhsil, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlıq istiqamətində yaxşı imkanlar yarandığını vurğuladı və özünün də ölkəmizi ziyarət etmək istəyində olduğunu bildirdi.
Gündoğar ölkədən xoş təəssüratlar
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov səmimi qəbula və Yaponiyada olduğumuz müddətdə bizə yaradılmış əlverişli şəraitə görə Takao Makinoya minnətdarlığını bildirdi. O, Azərbaycanın son illərdəki nailiyyətlərindən danışdı və bu uğurların qazanılmasında ölkədəki ictimai-siyasi sabitliyin mühüm rol oynadığını qeyd etdi, ölkə rəhbəri İlham Əliyevin Yaponiya ilə əməkdaşlığa yüksək qiymət verdiyini və bunu diqqət mərkəzində saxladığını vurğuladı.
Görüşün sonunda nazir müavini Takao Makinoya Azərbaycan nümayəndə heyəti tərəfindən hədiyyələr təqdim olundu.
Noyabrın 25-də səfər proqramımız başa çatdı. Yerli vaxtla saat 22:30-da Tokiodan İstanbula oradan isə Bakıya uçduq. Qəribə də olsa, Tokio Hava Limanında İstanbula uçuşdan əvvəl son dəfə təyyarədən şəhərə baxdıqda gördüyüm son yazı yenə də “ANA” sözü oldu.
Gedəndə 11 saata uçduğumuz yolu qayıdanda 12 saata qayıtdıq. Yaranmış boş vaxtdan istifadə edərək gördüklərimin konturlarını cızmağa başladım. Səfər zamanı keçirdiyimiz görüşlər və getdiyimiz yerlər bir kino lenti kimi gözümün önündən keçdi. Yaponiyada gördüklərim məni çox təsirləndirmişdi. Buranın təbiətinin gözəlliyi, insanların mehribanlığı və işgüzarlığı yaddaşımda dərin iz buraxmışdı. Lakin, bütün bunlara baxmayaraq, vətənimiz üçün, İsmayıllı üçün çox darıxırdım. Doğma rayonumuza çatmağa tələsirdim. Çünki hər bir insana öz vətənində əziz olan elə dəyərlər var ki, onu dünyanın heç bir yerində heç nə ilə əvəz etmək mümkün deyil. Azərbaycan xalqında isə belə dəyərlər çoxdur.
Yaponiyaya səfər proqramı başa çatdı, iqtisadi əlaqələrin qurulması və dərinləşməsi üçün geniş imkanlar yarandı. Şəhərlər arasında imzalanmış saziş bu münasibətlərin inkişafı üçün geniş perspektivlər açır. Aidiyyəti təşkilatlar Yaponiyada turizm, təhsil, kənd təsərrüfatı və digər sahələrdə tətbiq olunan yenilikləri öyrənməli, istehsalata tətbiq etməlidirlər. Bunun üçün isə səmərəli işləmək lazımdır.
Həsən Həsənov,
RİH başçısının müavini, aqrar məsələlər şöbəsinin müdiri

Şərh Yaz