Uğurlu nəticə

Uğurlu nəticəAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi, məktəblilərin ekoloji maarifləndirilməsinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 oktyabr 2012-ci il tarixli əmrinə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə 2012-2013-cü tədris ilində Respublika məktəbliləri arasında keçirilən “Ekoerudit” breyn-rinq ekoloji bilik yarış yekunlaşdı. Tədbir 3 may 2013-cü il tarixdə Bakı şəhərində Azərbaycan Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin Qala kəndində yerləşən Eko-Parkında keçirilmişdir.
Bu mərhələdə 10 zona mərhələsində birinci yeri tutmuş qalib komandalar iştirak edirdi. Gərgin və maraqlı keçən bilik yarışında İsmayıllı rayonunu M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbinin Babadağ komandasının 5 nəfər şagirdi – Aydan Ağazadə, Murad Şahlarlı, Ramtiq Alızadə, Ləman Ağalı, Nazpəri Əzizli təmsil edirdi. “Meşələrin qorunması və davamlı istifadəsi” mövzusu üzrə layihəni komandanın kapitanı Aydan Ağazadə uğurla təqdim etdi. Komanda üzvlərinin və komandanın rəhbəri məktəbin coğrafiya müəllimi Elşad Vahabovun bilik yarışına yüksək səviyyədə hazırlaşmaları öz bəhrəsini verdi. Münsiflər heyətinin yekdil qərarı ilə 139 bal topladıqlarına görə bilik yarışının Respublika mərhələsində Babadağ komandası II yerə layiq görüldü və komandanın hər bir üzvü mükafatlandırıldı.
Bilik yarışı iştirakçıları Eko-Parkda olan alternativ enerji qurğuları, müxtəlif bitki növləri ilə tanış oldular. Eko-Parkda yaradılmış 5000 kvadratmetr sahəsi olan istixanada becərilən müxtəlif növ bitkilər məktəblilərin böyük marağına səbəb oldu. Həmin gün məktəblilər həm də Qala kəndində açıq səma altında təşkil olunmuş muzeydə olan canlı və cansız eksponatlarla da tanış oldular.
Yaşar Nuriyev,
İsmayıllı rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru

Şərh Yaz