Şəhidin anım günü

Şəhidin anım günüÖlüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər.
S.Vurğun

Azərbaycan xalqı torpaqlarının bütövlüyü, toxunulmazlığı uğrunda əsrlər boyu düşmənlərə qarşı ölüm-dirim mübarizəsi aparmış və bu mübarizələrdə çoxlu şəhid vermişdir.
Bu günlərdə məktəbimizdə şəhid A.Aslanovun anım günü keçirildi. O, ömrünü cinayətkarlığa və ədalətsizliyə qarşı həsr etmiş şərəfli ömür yolu keçmiş polis işçisi olmuşdur. Qarabağın azadlığı uğrunda döyüş zamanı həlak olmuş Aslanov Ağahüseyn Ağacəfər oğlu 1950-ci ildə iyun ayının 3-də İsmayıllı rayonunun Əhən kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi, 1977-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Bir qanun keşikçisi kimi müxtəlif məsul vəzifələrdə çalışmış, leytenant-polkovnik rütbəsinə qədər yüksəlmişdir. 1994-cü ilin aprel ayının 25-də Ağdam bölgəsi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.
Biz fəxr edirik ki, məktəbimiz onun adını daşıyır. Biz onun adına layiq olmağa çalışır, vətənpərvərlik ruhunda tərbiyə olunuruq. Bugünkü anım günündə onun həyatı ilə bağlı xatirələr bir daha yada düşür, xoş sözlərlə ifadə olunur. Dostlarının, rayonun bir çox ziyalılarının dilindən eşidilən xatirələr 2006-cı ildə ”Eldən gedən oğul” adlı kitabda toplanaraq nəşr edilmişdir. İndi həmin kitab çoxlarının stolüstü kitabına çevrilmişdir. Hamımız bu igidləri dönə-dönə xatırlamağa borcluyuq.
Ey insanlar!
Dönə-dönə şəhidləri xatırlayın, igidləri xatırlayın,
Öz qanıyla qalibiyyət dastanını yazanları xatırlayın.
Bu torpağı ana kimi qucanları xatırlayın,
Ölümüylə əbədiyyət qapısını açanları xatırlayın.
Xatırlayın, xatırlayın, yenə, yenə xatırlayın!

Vətən yolunda, torpaqlarımızın bütövlüyü naminə şəhid olmuş, vaxtı ilə bizim məktəbimizdə oxumuş Dilqəm Şirinovun, Mahir Hacıyevin, xatirəsi də bizim üçün həmişə əzizdir. Biz onları heç vaxt unutmayacağıq.
Ruhunuz şad olsun. Allah sizə rəhmət eləsin, Vətən oğulları!
Arzu edirik ki, işğal olunmuş torpaqlarımız sülh və ya hərb yolu ilə geri qayıtsın. O zaman hamımız qələbə bayramına yığışaq. Dünyada və vətənimizdə dinclik, əmin-amanlıq olsun.
Gilas Musayeva

Şərh Yaz