Müqəddəs söz günü

Müqəddəs söz günü“İnsan özgələri tanımaqda dahi, özünü tanımaqda cahildir” .Bu sözlər şair Oqtay İsmayıllıya məxsusdur. Belə bir dialoqu da var şairin:
– Hansı fikirlər mütləq səhv olur?
– İnsanın özü haqqında fikirləri.

Doğru deyir şairimiz. O, özü haqqında təvazökarlıqla tez-tez: “Mən kiməm ki, adi bir adamam, şair də deyiləm dərdimi dağıdıram, məni tərifləyənlər məndə özlərini görürlər, yəqin özləri böyük insandırlar” – deməsi bunu sübut edir.
Oqtay İsmayıllının “Müqəddəs söz günü” kitabının təqdimatına yığılanların isə onun haqqında dedikləri əsl həqiqət idi. Bu imza günü əslində şairin bütövlükdə yaradıcılığına işıq tutdu. Aydın oldu ki, Oqtay İsmayıllı uşaq yaşlarından başlayaraq şeirə könül vermişdir. Sonrakı bütün həyatı və xalqının həyatında baş verənlər onun poetik dünyasına iz salmış, qələmindən səhifələrə süzülmüşdür.
Müqəddəs söz günüKitabın təqdimatı şairimizin uzun zamandan bəri çalışdığı Diyallı kənd tam orta məktəbində reallaşdı. Məktəbin direktoru Şəmsiyyə Əhmədovanın təşəbbüsü və rəhbərliyi, kollektivin səyi ilə hazırlanmış tədbir onun həyat və yaradıcılığı haqqında qısa məlumatdan sonra şagirdlərin çıxışları ilə başladı. Kiçik şagirdlərin böyük ürəkləri ilə təqdim olunan şeirlər, kiçik səhnəcik-dialoqlar, musiqi nömrələri şair-müəllimin həm şagirdləri tərəfindən sevilməsinin, həm qavranılaraq dərk edilməsinin nəticəsi idi.
Görünür ki, Oqtay İsmayıllının bir şair olmaqdan başqa, müəllim kimi də zəhməti hədər getməmişdi: şagirdləri onun sehirli qələminin cazibəsi altında idi. Məktəbin dil-ədəbiyyat müəllimi şairin yaradıcılığını bir ədəbiyyatçı gözü ilə nəzərdən keçirərək incələdı, əsərlərini forma, məzmun, ideya, bədii keyfiyyət baxımından təhlil edərək iştirakçılara təqdim etdi. Şövkət və Rəhilə İsmayılovalaar şairi şair diliylə, yəni ona yazdıqları şeirlərlə təbrik etdilər.
Şairin könül süfrəsinə başqa yerlərdən həkim və müəllimlər, yazarlar, sözə-sənətə dəyər verənlər də gəlmişdilər. Qonaqlar şair haqqında xatirələrini və düşüncələrini söyləməklə şairə, onun güclü qələminə heyranlıqlarını bildirdilər.
Müqəddəs söz günüQeyd etdilər ki, Oqtay İsmayıllı özünü və dünyanı dərk etməyə çalışan bir şair olmaqla yanaşı, elmi-publisistik məqalələr müəllifi olan publisistdir. Onun yazıları və ümumən təfəkkürü Azərbaycanın və Şərqin mifik təfəkküründən, ”Avesta”dan, ”Kitabi-Dədə Qorqud”dan, xalq ictimai fikrindən qaynaqlanır. Məqalələrində xalq dilində olan qanadlı sözlər, atalar sözləri, inanclar fəlsəfi, elmi, linqvistik və mifoloji cəhətdən təhlil edilərək mənalandırılır.
Məktəbin direktoru Şəmsiyyə müəllimə şəhər 1 nömrəli tam orta məktəbinin direktoruna ilk olaraq onun təşəbbüsü ilə rəhbərlik etdiyi məktəbdə bu istedadlı şairin yaradıcılıq gecəsinin keçirildiyinə görə təşəkkür etməklə ona söz verdi. Şəfaqət Rəsulov şairin yaradıcılığının mövzu dairəsini, əsərlərində toxunduğu problemlərin nə qədər aktual və vətənin, xalqın taleyi ilə bağlı olduğunu önə çəkdi, şairin bir rübaisinə diqqəti çəkdi:
Tanrının hər əmri dünyaya candır,
Kəlmeyi-şəhadət insana şandır.
Allahsız hökmdar tac qoyan bir qul,
Allaha qul olan tacsız sultandır.
Məclisin daha maraqlı məqamlarından biri Oqtay İsmayıllının ona hər zaman dəstək olmuş, kitablarına redaktorluq etmiş Şahməmməd Dağlaroğlu ilə deyişməsinin şagirdlər tərəfindən söylənməsi oldu. Ş.Dağlaroğlu qələm dostunun şeirlərindən parçalar söyləməklə hələ bundan sonra da onun neçə-neçə kitabına redaktorluq edəçəyini qeyd etdi.
Oqtay İsmayıllının yaradıcılığındakı kədərli notlarla, qələm dostu Şahməmməd Dağlaroğlunun nikbin əhvali ruhiyyəsi bizə böyük Vaqiflə Vidadini xatırlatdı.
Tədbirdə böyük bir məktəb yaratmış, neçə-neçə gənc şairlərə yol-çığır açmış Musa Yagub həm şair, həm də qonaqlar tərəfindən xatırlandı.
Şair onun “Müqəddəs söz günü”nə gələnlərə təşəkkür etməklə təvazökarcasına olsa da yaradıcılıq planlarından danışdı. Demək olar ki bu möhtəşəm söz ustadı şərlə vuruşmaqda davam edəçək, gözəl əsərləri ilə könülləri oxşayacaqdır.
Tanrı bəxşişi deyil qətiyyən,
Ağır ömür yolunda
Gündəlik qəzadır şairlik.
Ən kövrək adamlara
Ən ağır cəzadır şairlık.
Cəzanız mübarək, Oqtay müəllim!

Sevda Qasımova

Şərh Yaz