Layiqli nəsil yetişir

Layiqli nəsil yetişirŞəhər 6 nömrəli tam orta məktəbdə bir-birindən maraqlı tədbirlər keçirmək ənənəsi var. Belə tədbirlərdən biri də bu yaxınlarda baş tutdu. Məktəbin iclas zalının səhnəsi xüsusi bəzədilmişdi. Burada ulu öndərin 90 illik yubileyinə həsr edilmiş tədbirin təşkili məqsədilə xeyli iş görülmüşdür. Səhnədə Heydər Əliyevə həsr edilmiş guşə yaradılmış, buraya çoxlu foto sənədlər, ulu öndərin güllərlə bəzədilmiş portreti, gül-çiçək və sair qoyulmuşdu. Əsl bayram əhval-ruhiyyəsi duyulurdu.
Məktəblilər yerlərini tutudular. Məktəbin direktor müavini Səxavət Əliyev ulu öndər haqqında qısa məlumat verdikdən sonra tədbiri açıq elan etdi. Səhnədə yerlərini tutmuş şagirdlərin ifasında Azərbaycanın Dövlət himni ifa olundu. Məktəbin tarix müəllimi Gülnarə Mitəlova Heydər Əliyevin həyat və yaradıcılığı haqqında məruzə etdi. O, ulu öndərin fəaliyyəti dövründə həyata keçirilmiş geniş quruculuq işlərindən, Azərbaycanda kadrların hazırlanması – hərbi məktəblərin açılması, neft strategiyasının həyata keçirilməsi, təhsilə qayğı göstərilməsi və sair məsələlər barədə söhbət açdı.
Növbə şagirdlərə çatdı. Onlar Vətənə, torpağa, ulu öndərə həsr edilmiş şeirlər səsləndirdilər.
İlboyu məktəbdə həyata keçirilən tədbirlərdən biri də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi “ Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsi olmuşdur Məktəbin şagirdləri bu müsabiqədə uğurla çıxış etmişlər. Uşaqların yaradıcılıq müsabiqəsində “Əl işləri” nominasiyası üzrə məktəbin iki şagirdi – Murad Hacalıyev və Leyla Ağayeva birinci olmuşlar. Hər iki şagird FHN-nin Fəxri fərmanını və qiymətli hədiyyəsini almışdır. Hər ikisi V sinif şagirdidir. Digər bir şagird – Əlağalı Sevinc Oqtay qızı isə RTŞ-nın və rayon Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri “Ən yaxşı rəsm əsəri” müsabiqəsinin qalibi olub. Sevinc də hər iki təşkilatın tərifnaməsi ilə təltif edilmişdir.
Tədbirdə dünyanın siyasi liderlərinin, tanınmış dövlət xadimlərinin H. Əliyev haqqında dediklərindən sitatlar da gətirdilər. Prezident İlham Əliyevə həsr edilmiş mahnı məktəblilər tərəfindən xorla oxundu və alqışlarla qarşılandı.
Məktəbin direktor müavini Əşrəf Hüseynov H.Əliyevin İsmayıllı səfərlərindən, onun rayon əməkçilərinə göstərdiyi qayğılardan, aparılan tikinti-abadlıqlardan, prezident İlham Əliyevin onun bu siyasətini layiqincə davam etdirməsindən söz açdı.
RTŞ-nın aparıcı məsləhətçisi Ramiz Baloğlanov ümummilli liderin təhsilə, gənclərə göstərdiyi qayğıdan danışdı və vurğuladı ki, yetişməkdə olan gənc nəsil ulu öndərə layiq böyüməlidir. O, tədbirə əmək sərf edənlərə təşəkkürünü bildirdi.
Sonda məktəbin direktoru Qalib Bəşirov tədbir barədə yekun söz söylədi. Tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. O qeyd etdi ki, layiqli övlad, vətəndaş olmaq üçün hər kəs üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməlidir. Q.Bəşirov müsabiqə qalibi olan uşaqlara Fəxri fərmanları təqdim etdi.
Aqil Qasımov

Şərh Yaz