Həmişə bizimlədir

Hər bir azərbaycanlı kimi, mənim də qəlbimdə möhtəşəm bir məhəbbət yaşayır – Heydər Əliyev məhəbbəti. Bu məhəbbətimi ifadə etmək bir şagird kimi mənim üçün çox çətindir. Adi bir məktəbli üçün ürəyinin dərinliklərindən coşub-çağlayan duyğulardan söz açmaq o qədər də asan deyil.
Xalqı zirvələrə qaldırmaq üçün,
Sevgi şahlığının taxtına çıxdın.
Oğul xalq üçün, zirvə , dağ üçün,
Nə yaxşı bu xalqın baxtına çıxdın.

Bəli, bu bir həqiqətdir ki, Heydər Əliyev Azərbaycan xalqının mənəvi sərvəti, bəxtinə düşmüş tanrı payıdır. O, müstəqil Azərbaycanın qurucusudur. H.Əliyev tarixi yaradan idi, tarixin özü idi. Azərbaycan xalqı tarixə düşmüş bir sıra şəxsiyyətlər yetişdirmişdir.
Aqillərdən biri demişdir: “Elə yaşa ki, öləndən sonra da ölməyəsən”. Ölməzlik, həmişəyaşarlıq isə ancaq böyük şəxsiyyətlərə nəsib olur. Ulu öndər də belələrindəndir. H.Əliyev “Əsrin müqaviləsi”ni imzaladı. Təhsilimiz, elmimiz dünya sisteminə inteqrasiya olundu, ordu quruculuğunda köklü dəyişikliklər edildi, Yeni Azərbaycan Partiyasını yaratdı, müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olundu, üç rəngli bayrağımız başımızın üstündə yenidən dalğalandı. Çiçəklənən Vətənimizin hər guşəsində onun abidəsi ucalır. Ən böyük abidəsi isə xalqın ürəyindədir.
Mən məktəbliyəm. Onbirinci sinifdə təhsil alıram. İnanıram ki, sabahım bu günümdən də gözəl olacaq. Ali məktəbə qəbul olmaq, oxuyub müəllim olmaq arzusundayam. Bu peşəyə yiyələndikdə isə ilk dərsim əlbəttə ki, “Heydər Əliyev “olacaq.
Nərgiz Əsədli,
R.Novruzov adına Basqal qəsəbə tam orta məktəbinin XI sinif şagirdi

Şərh Yaz