Abdullayev İlyas Xanalı oğlu

İsmayıllı rayon ictimaiyyətinə ağır itki üz vermişdir. Uzun illər dövlət qulluğunda, dövlətçiliyin qorunması və inkişafı sahəsində səmərəli fəaliyyət göstərmiş, səmimiyyəti, mehribanlığı, obyektivliyi, işə məsuliyyətli münasibətilə seçilən dövlət qulluğu veteranı İlyas Abdullayev vəfat etmişdir.
İ.Abdullayev 03 mart 1952-ci ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, orta təhsil aldıqdan sonra D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1971-ci ildə Azərbaycan Yerli İstehsal Nazirliyinin Əli Bayramlı Yağ Ekstrakt zavodunda iqtisadçı, bir il sonra isə həmin zavodda plan şöbəsinin rəisi işləmişdir. Sovet ordusunda – Ukraynada hərbi xidmətdən sonra doğma yurda qayıtmış, “Azərtextəminat” İsmayıllı Rayon Birliyində böyük iqtisadçı vəzifəsində çalışmışdır. 1980-ci ildən İsmayıllı rayon Kənd Təsərrüfatı İdarəsinin plan-maliyyə şöbəsində şöbə rəisi və baş mühasib işləmişdir.
1982-ci ildə İsmayıllı Rayon Partiya Komitəsinə şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1986-cı ildə Bakı Ali Partiya Məktəbinə göndərilmişdir. 1985-1990-cı illərdə Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin katibi vəzifəsini icra etmişdir.
İlyas Xanalı oğlu Abdullayev Azərbaycan BDVM-nin İsmayıllı rayon Vergi Müfəttişliyində 1990-1993-cü illərdə rəis vəzifəsində işləmişdir. 1993-cü ildən İsmayıllı rayon İcra Hakimiyyətində RİH başçısının Sosial-iqtisadi məsələlər üzrə müavini olmuşdur. 2008-ci ildə o, Dövlət qulluğunun kiçik müşaviri kimi pensiyaya çıxmışdır.
Harada işləməsindən, tutduğu vəzifənin dərəcəsindən asılı olmayaraq İlyas Abdullayev işgüzarlığı, həssaslığı, insanlara səmimi münasibəti, cavabdehlik məsuliyyətini dərindən dərk etməsi ilə fərqlənmişdir.
İlyas Abdullayevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin.
İsmayıllı rayon İcra Hakimiyyəti

Şərh Yaz