Bu da bir gün idi…

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi problemli ailələrlə işləyir və təbii ki, bu, elə də asan iş deyil. İstər-istəməz ailələrlə birlikdə o problemləri yaşayır, kədərə şərik çıxır, dərd ortağı olur və mənfi enerji ilə yüklənirsən. Nəhayətdə, genişliyə söykənən bir boşluq, dinclik arayırsan. Bu istiqamətdəki növbəti axtarış Mərkəzin kollektivini ailə üzvləri və könüllülərlə birlikdə Azərbaycanın gündən-günə gözəlləşən diyarlarından birinə – qədim tarixə malik Qəbələ rayonuna aparıb çıxardı. Qəbələ elə girişdən gözəllikləri və səliqə-sahmanı ilə bizi heyran etdi. Azərbaycan tarixində mühüm yer tutan Qəbələnin keçmişinə səyahət məqsədi ilə yolumuzu ilk olaraq Çuxur Qəbələyə – 420 ha ərazini əhatə edən, bu gün də arxeoloji qazıntı işlərinin davam etdirildiyi, tarixi tapıntılarla zəngin Qəbələ Dövlət Təbiət Qoruğuna saldıq. Qoruq ərazisi e.ə. IV əsr və b. e. V əsrinin ortalarınadək Qafqaz Albaniyasının paytaxtı və sonralar isə XVIII əsrədək Azərbaycan və Şərqin tarixində əhəmiyyətli rolu olmuş Qəbələ şəhərinin tarixi ərazisidir. Bu zənginliyi və tarixiliyi qoruqdakı hər daşdan, tapıntıdan görmək olurdu. Və bütün bunlar, eləcə də qoruq bələdçisinin söhbətləri, koreyalı arxeoloqların maraqlı açıqlamaları bizi elə cəlb etmişdi ki, gəzintimizin bir neçə saatını məmnuniyyətlə burada keçirdik. Müasir Qəbələni də, Qəbələnin bir çox digər gəzməli, görməli yerlərini də, muzeyi andıran Xanlar istirahət mərkəzini də eyni məmnunluqla gəzdik. Geriyə xoş duyğularla və İsmayıllımızı da belə abad, gözəl görmək arzusu ilə döndük.
Fürsətdən istifadə edib gəzintini maliyyələşdirən Dövlət idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqı İsmayıllı Rayon Komitəsinə razılığımızı çatdırırıq.
Ruziyyə Çələbiyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti

Şərh Yaz