Meyvə tinglərini necə əkməli

Meyvə tinglərini necə əkməliMeyvə tinglərini əkmək üçün əvvəlcə əkiləcək yer, əkin sxemi müəyyənləşdirilməli və sahədə çalalar qazılmalıdır. Çalaların eni 70-80 santimetr, dərinliyi isə 60-70 santimetr olmalıdır.
Meyvə tingləri payızda və yazda əkilir. Payız əkini daha yaxşı nəticə verir və bitiş faizi yüksək olur. Tinglər payızda əkiləcəksə, çalalar əkinə 15-20 gün qalmış hazır olmalıdır. Tinglər yazda əkiləcəksə, çalaların payızda qazılması məsləhətdir.
Tinglər əkilməzdən əvvəl çalaların dibinə qida qarışığı verilməlidir. Bunun üçün 10-15 kiloqram peyin, 75 qram ammonium şorası (azotlu gübrə), 150 qrqm superfosfat, 50 qram kalium duzu qarışdırılır və üzəri nazik, gübrəsiz torpaq qatı ilə örtülür. Tingi çalaya yerləşdirdikdən sonra köklərin üzərini dənəvər və gübrəsiz torpaqla doldurmaq lazımdır.
Ting əkilməzdən qabaq qazılmış hər çalanın mərkəzinə, əkiləcək ağacı bağıamaq üçün ştampın hündürlüyündən asılı olaraq, təxminən 130-140 santimetr hündürlükdə düz mıxça vurulur.Tingi əkməzdən öncə kökləri əvvəlcədən hazırlanmış peyin-gil horrasında isladılır. Bundan sonra tinglərin kökləri diqqətlə nəzərdən keçirilir, kök sistemində olan kiçik zədələr və kök boğazından çıxan pöhrələr kəsilir. Sonra tinglərin ştampı mərkəzdə olmaqla çalaya yerləşdirilir. Çala torpaqla doldurulur və hər tərəfdən tapdanıb bərkidilir, əkilmiş ting səkkiz rəqəmi şəklində mıxçaya bağlanır.
Calaqaltısı hündürboylu tingləri elə əkmək lazımdır ki, əkəndən sonra kök boğazları torpağın səthi ilə bir səviyyədə qalsın. Kök boğazı dərin əkilən tingin gövdə qabığı torpaqda çürüyür. Əksinə, dayaz əkilən tingin isə kökü torpaq yatdıqdan sonra üstdə qalıb çürüyür.
Calaqaltısı alçaq və ortaboylu olan tingləri elə əkmək lazımdır ki, onların yalnız calaq edilən yeri açıqda saxlanılsın və qalan aşağı hissəsinin üzərinə torpaq tökülüb tapdansın.
Əkilən ting suvarılmalıdır.
Akif Əsədov,
aqronom

Şərh Yaz