Səmədov Saday Ağalar oğlu

Səmədov  Saday  Ağalar  oğluİsmayıllı ziyalılarına ağır itki üz vermişdir. Təcrübəli jurnalist, səmimi yoldaş və dost olan, “Girdiman” qəzetinin sabiq redaktoru Saday Səmədov aramızdan getmişdir.
Saday Ağalar oğlu Səmədov 1942-ci ildə rayonumuzun Qalagah kəndində anadan olmuşdur. Qonşu Hacıhətəmli kəndində orta məktəbi bitirərək iki il kolxozda işləmişdir. 1962-ci ildə Bakı şəhərinə gələrək Azboşifer və Keramika Məmulatları Kombinatında işə düzəlmişdir.
1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsinə daxil olmuş, 1968-ci ildə universiteti bitirərək təyinatla Ağdaş rayonunda çıxan “Əmək” qəzetində ədəbi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1970-ci ilin fevralınadək burada işləmişdir. Həmin ildən İsmayıllı rayonunda çıxan “Zəhmətkeş”qəzetində baş ədəbi işçi kimi fəaliyyətə başlamışdır. Bir müddət sonra həmin qəzetin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.
1975-ci ildə S.Səmədov İsmayıllı Rayon Partiya Komitəsinə təlimatçı, 1978-ci ildə isə rayon partiya komitəsində siyasi maarif kabinetinə müdir təyin edilmişdir.
O, bir neçə ildən sonra yenidən redaksiyaya qayıtmış, burada kənd təsərrüfatı şöbəsinin müdiri, 1981-ci ildən “Zəhmətkeş” qəzetinin redaktor müavini işləmişdir. Bu qəzet1991-ci ildə “Cavanşir yurdu” adı ilə çıxmağa başlamış, 2001-ci ildə bağlanmışdır.
2002-ci ildə rayonda “Girdiman”adı ilə yeni qəzet nəşrə başlayanda Saday Səmədov həmin qəzetin redaktoru təyin edilir. 2011-ci ildə pensiyaya çıxanadək həmin vəzifədə çalışıb.
S.Səmədov 2012-ci il dekabrın 27-də vəfat etmişdir. O, mehriban insan, yaxşı ziyalı kimi dostlarının və tanışlarının qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Yoldaşlarından bir qrup.

Şərh Yaz