İngilis dili dərslərində istifadə etdiyim üsullar

İngilis dili dərslərində yeni sözlərin mənimsədilməsində istifadə etdiyim üsullar
Ölkəmizin ümumtəhsil sistemində köklü islahatlar gedir. Kurikulim islahatları şagirdi yükləmədən standartlar reallaşdırmaqla, daha müasir və səmərəli metodlarla öyrədilməsini tələb edir. Dərsin davamlılıq, ardıcıllıq, idraki və linqvistik tələblər səviyyəsində qurulması isə xarici dil kurikulumuna verilən əsas tələblərdəndir. Ingilis dilinin öyrədilməsində qənaətbəxş nəticələr əldə etmək üçün sinifdə şagirdlərə sərbəst atmosferin, onların səhv etməkdən qorxmadan fikirlərini ifadə edərək ünsiyyət qura biləcəkləri etibarlı və dəstəkləyici mühitin yaradılması çox vacibdir. Bu, şagirdlərə öyrəndiyi sözləri nəinki sinifdə dərs zamanı eyni zamanda sinfidən kənarda da müstəqil, şüurlu şəkildə və düzgün istifadə edərək uğurlu ünsiyyət qurmağa imkan yaradır, onlarda sərbəst nitq vərdişləri formalaşdırır və nəticədə dilin öyrənilməsində arzuolunan nəticəyə gətirib çıxarır. İngilis dili dərslərində istifadə etdiyim üsullar
Bir xarici dil kimi, şagirdlərin ingilis dilini daha yaxşı mənimsəməsində yeni sözlərin necə təqdim edilməsi xüsusi önəm daşıyır. Mən xarici dil müəllimi kimi, şagirdlərimin zəngin və sərbəst nitq qabiliyyətlərinə malik olmaları üçün ingilis dilinin öyrədilməsində bu işin daha effektiv üsullarla yerinə yetirilməsinə xüsusi diqqət yetirirəm. Əslində, yeni sözlər şagirdlərə çoxsaylı üsullarla təqdim edilə bilər, əsas odur ki, hansı sözləri hansı üsullar ilə və ardıcıl mərhələrlə necə təqdim edəcəyimi müəyyənləşdirim. Kiçik yaşlı şagirdlərlə işləyərkən bu, daha maraqlı və cəlbedici olur. Artıq beş ildir tətbiq edilən milli kurikuluma əsasən şagirlərə ingilis dilini 1-ci sinifdən tədris edirik və bu yalnız iki məzmun xəttinin standartları – yəni dinləyib-anlama və danışma əsasında reallaşdırılır. Bu siniflərdə yeni sözləri əsasən real əşyalardan, şəkil kartlarından və ya rəqəmsal təsvirlərdən istifadə edərək təqdim edirəm . Amma, bu müəyyən bir qrup sözlərə aiddir, çünki bütün sözlər şəkilllərlə təsvir edilə bilməz. Bu halda müəllimin bəzən dilini – jestlərini, mimikalarını işlətməsi lazım gəlir. Öyrənilmiş sözləri təkrarlama, cümlədə işlətmə, bu cümlələrdən istifadə edərək kiçik dialoqlar qurmaqla möhkəmləndiririk. Bu, şagirdlərə yeni sözləri daha yaxşı yadda saxlamağa, mənə isə onların tələffüzlərinə nəzarət etməyə imkan verir.
İngilis dilinin öyrədilməsində mahnıların, şeirlərin, mövzuya aid video çarxların, kiçik cizgi filmlərinin də rolu danılmazdır. Nisbətən yuxarı siniflərdə (3+) isə dərsə aid təlimatların, tapşırıqların verilməsində ana dilindən istifadə etmirəm, yeni sözləri isə daha fərqli şəkildə təqdim edirəm. Daha effektiv nəticələr əldə etmək üçün hər dəfə yalnız bir deyil, bir neçə üsulu eyni vaxtda tətbiq edirəm.
Dünya praktikasına əsaslanaraq şagirdlərə yeni sözləri əvvəlcədən təqdim etmirəm. Şagirdləri qruplara bölərək mətni oxuyub tanış olmayan sözləri qeyd etməyi və lüğətdən, daha yaxşı olar ki, ikidilli deyil, izahlı lüğətdən istifadə edərək sözlərin mənasını tapmağı təklif edirəm. Bu cür tədqiqatlar şagirdlərin idrak fəallığını artırmaqla yanaşı, onlarda əməkdaşlıq, qarşılıqlı hörmət kimi müsbət keyfiyyətlər formalaşdırır. Sonra bu sözləri aid olduqları nitq hissələrinə və ya kateqoriyalarına (məktəb ləvazimatları, nəqliyyat və s.) görə qruplaşdırmağı, sözlər arasında oxşarlığı tapmağı, sinonim və ya antonimini verməyi tapşırıram və bununla da şagirdlərin sözləri uzun müddət yadda saxlamalarına nail oluram.
Fellərdən isim, isimlərdən şəkilçilər artırmaqla sifət düzəltmək və ya əksinə şəkilçiləri atmaqla sözün kökünü tapmaq kimi tapşırıqlar da dərsdə şagirdlərin yaradıcılıq qabiliyyətlərini artıran məqamlardandır. Şagirdlərimin yeni sözlər üzərində yoldaşları ilə kiçik dialoqlar quraraq gözəl ünsiyyət bacarıqları nümayiş etdirmələri isə mənim dərsdə qarşıya qoyduğum sosial məqsəddir.
Söz ehtiyatını artırmaq və düzgün tələffüzlə nitqlərini zənginləşdirmək məqsədi ilə dərsdənkənar məşğələlər təyin edir və şagirdlərə əlavə oxu materialı verirəm. Müxtəlif hekayələri oxuyub yeni sözləri sinifdə hamı ilə bölüşməklə bu məqsədə birgə nail oluruq. Yeni sözlərin mənimsədilməsində tətbiq etdiyim maraqlı və şagirdlərdə sağlam rəqabət yaradan bir üsulu qeyd etmək istərdim. Şagirdləri 3 nəfərdən ibarət 4 qrupa bölürəm və hər qrupa boş kartlar paylayıram. 2 həftə ərzində qrup öyrəndikləri yeni sözləri bu kartlara yazırlar və öyrənirlər. 2 həftə tamamında qalib 2 qrup olur: 1) ən çox kartı olan qrup, 2) ən çox yeni söz bilən qrup.
Dilin öyrənilməsində 4 məzmun xəttinin biri və birincisi dinləyib-anlamadır və dərsdə dinləmə materiallarının yerinə yetirilməsini də ön plana çəkirəm. Çünki, bir müəllim kimi, hiss edirəm ki, bütün siniflərdə şagirdlərimin ilk ehtiyacı budur. Şagirdin dinləmə tapşırıqlarını öz müəllimi deyil, doğma dildə danışanın dilindən eşitməsi isə daha perspektivli olur. Ola bilsin ki, müəllimin çox mükəmməl tələffüzü var, amma, şagirdin fərqli səs dinləməsi onun xarici dili eşidib-anlama qabiliyyətlərinin formalaşmasını tezləşdirir. İnterenet vasitəsilə dünya ölkələrindən olan müəllim, təlimçi və ekspertləri ilə mütəmadi olaraq apardığımız vebinarlar, forumlar və ya video konfranslardakı fikir mübadiləsindən şahidi oluram ki, şagirdlər ingilis dili dərslərində xüsusilə də ingilis dilinin ana dili olmayan ölkələrdə tədrisi zamanı hər dərs dinləmə tapşırıqları yerinə yetirirlər. Mən keçilən mövzulara aid dinləmə tapşırıqlarını özüm tərtib edirəm, amma, istərdim ki, şagirdlərimizin ingilis dilini hərtərəfli öyrənmləri üçün dərsliklərimizdə dinləmə tapşırıqlarına çox yer verilsin və onların audio yazısını əks etdirən disklər olsun.
İngilis dilini öyrənmək üçün müasir dövrdə şagirdlər üçün geniş imkanlar açılmışdır, onlardan səmərəli və məqsədyönlü şəkildə istifadə etməyə şagirdləri isitqamətləndirmək isə biz müəllimlərin üzərinə düşür. Azərbaycan İngilis dili müəllimləri birliyi (AzETA) və Britaniya Şurasının dəstəyi ilə yeni başladığımız EGP 5 (English Global Products) layihəsinin də məqsədi qloballaşan dünyamızda hər cür informasiya ilə əhatə olunan yeniyetmələrin, məktəb yaşlı şagirdlərin internetdən düzgün və faydalı şəkildə istifadəsini yönləndirmək və Britaniya Şurasının rəsmi saytı olan www.britishcouncil.org saytından istifadə edərək ingilis dilini müstəqil və mükəmməl öyrənməyi öyrətməkdir. Şagirdlər saytın çox geniş imkanlarından istifadə edərək leksik və qrammatik biliklərini artırır, kiçik hekayələr və video materialları dinləyərək verilmiş tapşırıqlarla öz ingilis dili biliklərini yoxlayır və eyni zamanda müxtəlif ölkələrdən olan həmyaşıdları ilə fikirlərini bölüşürlər. Şagirdlərə ingilis dilinin informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək bu şəkildə öyrədilməsi isə inkişaf etməkdə olan doğma vətənimizə bacarıqlı və savadlı şagirdlər yetişdirmək kimi məqsədimizə çatmaqda bizə kömək edir.
Ruhiyyə Mahmudova,
İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin ingilis dili müəllimi

Şərh Yaz