Yaddas kitabcasi

Uğurlar müvəffəqiyyətlərin rəhnidir

Uğurlar müvəffəqiyyətlərin rəhnidirMüstəqillik yolunda uğurla addımlayan Azərbaycanımızda ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kimi müdrik kəlam ilə bünövrəsi qoyulan təhsil siyasəti bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hər bir təhsil işçisi bilir ki, müstəqil Azərbaycanın yeni təhsil sistemi bugünkü dünyanın tələblərinə cavab verməli, zəmanəmizin düşüncə tərzinə uyğun olmalı və bir şəxsiyyət kimi formalaşması əsas vəzifələrdən biri olaraq qarşıya qoyulmalıdır.
Yeniləşən Azərbaycanımızın hüquqi dövlət qurulmasına təkan verən fiziki, mənəvi, idrakı, hissi, sağlam düşüncəsi, sözün həqiqi mənasında yüksək biliyi, təfəkkür və tədqiqatçılığı olan müasir gənclərə böyük ehtiyacı vardır. Bu gənclər öncə təhsil ocaqlarında bir vətəndaş və şəxsiyyət kimi formalaşmalı və həyata vəsiqə almalıdırlar.
İsmayıllı rayonu respublikada təhsilə xüsusi önəm verən, bu sahədə ön sıralardan birini tutan və bu qalibiyyəti qoruyub saxlayan qabaqcıl regionlardan biridir.
Fəxrlə deyə bilərik ki, tarixi köklərə söykənən şəhər 2 saylı tam orta məktəbi bu gündə Milli Təhsil Sisteminin yeniləşən prinsiplərinə cavab verən təhsil ocaqlarındandır. Belə ki, məktəb ilk növbədə şagirdlərin təlim-tərbiyəsinə, onların təhsilinin və yaradıcılıq potensialının artmasına yönələn bütün vacib imkanlardan istifadə edərək, nümunəvi vətəndaş, ziyalı gənclər yetişdirilməsinə çalışır.
Son iki illik fəaliyyətində məktəbin qazanılan yüksək və yaddaqalan uğurları yeni rəhbərin yeniləşən Milli Təhsil Sisteminin konsepsiyasına uyğun olaraq məqsədli, məqsədinə inanaraq mübarizə aparan və buna layiqincə nail olan təhsil işçisinin rəhbərlik missiyasının təzahürüdür. 2010-2011-ci tədris ilində müasir təhsil sisteminin keyfiyyətlərinə əsaslanaraq 10 nəfər şagirdimiz yüksək balla respublikanın ali təhsil ocaqlarına qəbul olundu. Məktəb onları bir vətəndaş və şəxsiyyət kimi formalaşdırdı, onlara həyata vəsiqə verdi. Bu, məktəb-şagird münasibətlərinin, təhsilin keyfiyyətinə məktəbdə yaranan yüksək psixoloji atmosferin daha yüksəlməsinə təkan verdi.
2011-2012-ci dərs ilinin son ayı məktəbin tarixində daha önəmli və yadda qalan oldu. İl ərzində çəkilən zəhmət öz bəhrəsini verdi.
Məktəbə arzu olunan, xoş xəbər yayıldı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2011-2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandığına görə A.Aslanov adına İsmayıllı şəhər 2 saylı tam orta məktəbinə Fəxri fərman və 10000 manat məbləğində birdəfəlik pul mükafatı verildi. Məktəbin kollektivi böyük sevinc içində idi.
29 iyun 2012 tarixdə İTK-dən istifadə üzrə “Ən yaxşı metodika” nominasiyası müsabiqəsində fərqləndiyinə görə müəllim Dünyabəyim Eminova Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Diploma layiq görüldü. O, orta məktəbi qızıl medalla, ADU-nin kimya fakültəsini qırmızı diplomla bitirib. Dünyabəyim müəllimə kollektivdə yüksək hörmət və məhəbbət, özünə inam qazanmış bir şəxsdir. Onun iş təcrübəsi, qazandığı nailiyyətlər hamımızın sevincidir. Onun dərs dediyi şagirdlər hər il olimpiada qalibləri arasında yüksək yerlər tuturlar. D.Eminova İsmayıllı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə 2 dəfə Fəxri fərmanla təltif olunub. Rəhbərlik etdiyi sinifdən 2010-2011-ci tədris ilində XI sinfi bitirən 22 şagirddən 10 nəfəri ali məktəblərə yüksək balla daxil olub. Həmin sinfin şagirdi Talıbzadə Sevinc Oqtay qızı 600-dən yuxarı bal toplayıb.
31 avqust 2012-ci il tarixdə keçirilən “İsmayıllı günü” bayramı məktəbimiz üçün daha əlamətdar oldu. Tədbirdə RİH başçısı Nizami Ələkbərov “Ən yaxşı ümumtəhsil müəssisəsi” nominasiyasında qalibiyyətə görə, məktəb rəhbərliyinə Fəxri fərman təqdim etdi. Bir şagirdimiz – Mahmudova Zeynəb Əmirxan qızı 658 balla tələbə adını qazanıb. Bayram günü o da Diplom və hədiyyələrlə təltif olunub. Zeynəb Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olmuşdur.
Son nailiyyətlər məktəbin müəllim, şagird və valideyn heyətinin çəkdiyi zəhmətin sevindirici bəhrəsidir.
Qarşıda gələn illərdə də millətin gələcəyi olan şagirdlərə yüksək təhsil vermək üçün durmadan yeniləşən İTK-dən geniş istifadə edəcəyik. Qazanılan nailiyyətlərə görə kollektivin fəaliyyətinə verilən qiymət məsuliyyətimizi artırır.
Sonda çəkdiyimiz zəhmətə dəyər və qiymət verənlərə minnətdarlığımızı bildiririk.
Gültəkin Abdulova,
məktəbin psixoloqu

Şərh Yaz