“İsmayıllı–etnolinqvistik yaddaş”

İsmayıllı şəhər 1 saylı tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi, filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almış Sevda xanım Qasımovanın eyni adlı kitabı çapdan çıxmışdır. Bakıda “Elm və təhsil” nəşriyyatı tərəfindən buraxılmış kitab müəllifin gərgin əməyinin məhsuludur. Müəllif doğma İsmayıllı rayonunun ərazisindəki yer adlarının tarixi-linqvistik təhlilini vermişdir. Müəllif rayon ərazisindəki toponimlərin həm leksik-semantik, həm qrammatik, həm də areal xüsusiyyətlərini öyrənmiş, eyni zamanda Azərbaycan və ümumtürk areallarında onların paralellərini axtarmışdır.
Əsər bu sahə ilə maraqlananlar üçün çox maraqlı olacağına şübhə etmirik.
Kitab ön söz, giriş hissəsindən və dörd fəsildən ibarətdir. Kitaba ön sözü yazmış filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli (o həm də kitabın redaktorudur) yazır: “Hər bir toponimin semantikasında əsrarəngiz tarix şifrələnib. Yetər ki, bu əsrarəngizliyin sehrinə dalıb o şifrəni açmaqdan, adın tilsimini sındırmaqdan ötrü hərəkətə keçəsən.
Sevda Qasımovanın kitabında biz tarixin sehrini gördük. Müəllif artıq uzun illərdir tarixi özündə yaşadan adların cazibəsindədir və bu təsirdən, müsbət mənada, çətin ki, qurtulsun.”
Redaktorun yazdığı kimi, həqiqətən də Sevda müəllimənin kitabı ilə tanış olan hər kəs təsirə düşə bilir.
Kitabın birinci fəsli İsmayıllı toponimlərinin leksik-semantik xüsusiyyətlərindən bəhs edir. İkinci fəslində İsmayıllı toponimlərinin qrammatik xüsusiyyətləri göstərilir. Üçüncü fəsli İsmayıllı toponimlərinin areal xüsusiyyətlərinə həsr edilmişdir. Sonuncu – dördüncü fəsildə İsmayıllı rayonu toponimlərində işlənmiş topoterminlərdən söz açılmışdır.
Kitabda bu sahədə əvvəllər müəyyən tədqiqat işləri aparmış müəlliflərə də istinad edilmişdir. Yaxşı haldır ki, kitabda yerli mətbuatda dərc edilmiş (“Zəhmətkeş” qəzeti nəzərdə tutulur) “Yol gedər sizə, dağlar”, “Adların dili olsaydı” (müəllifi M.Rzayev) və sair yazılardan da istifadə edilmişdir. Ümumilikdə götürsək, bu sahə genişdir, araşdırıcılar üçün fəaliyyət meydanı daha əhatəlidir.
Bilirik ki, Sevda xanım araşdırmalarını davam etdirir, biz də ona bu işdə yeni uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz