“Şamaxı şairlərinin əsərlərində onomastik vahidlər”

İsmayıllı şəhər İ.Həsənov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Sevda xanım Qasımovanın alimlik dərəcəsi almaq üçün seçdiyi mövzu belə adlanır. Dissertasiya, müdafiə edildikdən sonra kitab halında çap edilmişdir. Kitabın annotasiyasında göstərilir: Monoqrafiyada qədim mədəniyyət mərkəzlərindən olan Şamaxı şəhərində yaşayıb yaratmış görkəmli Azərbaycan şairlərindən S.Ə.Şirvaninin, M.Ə.Sabirin, A.Səhhətin, M.Hadinin əsərlərində təsadüf edilən onomastik vahidlərin linqvistik təhlili aparılır. Dövrün dil normalarının inkişaf qanunauyğunluqları həmin nümunələrin işığında nəzərdən keçirilir.
Kitabın birinci fəslində yuxarıda adlarını çəkdiyimiz Şamaxı çairlərinin əsərlərində işlənmiş onomastik vahidlərin leksik-semantik xüsusiyyətləri araşdırılır. İkinci fəsildə isə onomastik vahidlərin üslubu xüsusiyyətləri tədqiq edilir.
Kitaba filologiya elmləri doktoru, professor Qara Məşədiyev ön söz yazmışdır. Q.Məşədiyev yazır:” …Müxtəlif bölmələrə aid onomastik vahidlər – toponimlər, antroponimlər, zoonimlər və s. bədii fikrin ifadəsi üçün çox zaman əhəmiyyətli bir vasitə kimi çıxış edir.”
Sual oluna bilər ki, tədqiqatın elmi yeniliyi nədən ibarətdir. Bu barədə müəllif monoqrafiyanın girişində bildirir: ”Onomastik vahidlərin öyrənilməsi istiqamətində bir çox tədqiqatlar olsa da, poetik onomastika sahəsində araşdırmalar hissolunacaq dərəcədə azdır və bu sahənin geniş şəkildə öyrənilməsi zərurəti dilçiliyimizdə hələ də qalmaqdadır. Tədqiqat üçün seçilmiş mövzunun elmi yeniliyi onomastikanın formalaşma, inkişaf və işlənmə qanunauyğunluqlarının, üslubi xüsusiyyətlərinin çoxaspektli bir şəraitdə – eyni bir ərazi, dövr və müxtəlif üslublar, janrlar və ədəbi metodları təmsil edən sənətkarların əsərləri üzrə öyrənilməsidir.”
Müəllifin bu tədqiqat işi özündən əvvəlkilərin işinin davamı kimi qəbul olunmalıdır. Bu monoqrafiya müəllifin ilk kitabıdır. Elmi redaktoru yuxarıda adını çəkdiyimiz professor Qara Məşədiyevdir. Monoqrafiyaya filologiya elmləri doktorları Roza Eyvazova və İsmayıl Məmmədov rəy yazmışlar.
Kitab “Nurlan” nəşriyyat-poliqrafiya müəssisəsində nəşr edilmişdir.
Biz ümidvarıq ki, gələcəkdə Sevda müəllimənin yeni-yeni əsərlərini oxuyacağıq. Elmin enişli-yoxuşlu yollarında ona yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz