Yaddas kitabcasi

Poeziya güşəsi

Oyanıb gördüm ki…

Xırda fikirlərlə böyük bir ömrü,
Başa vurmağımdan ağardı başım.
Böyük fikirləri xırdalayan yox,
Xırdaçılıq oldu böyük savaşım.

“Mənə nə” – deməyi heç düşünmədim,
“Sənə nə” – sözündən qulağım batdı.
Oyanıb gördüm ki, düşüncəm qədim,
Haqlısan deyən yox, fikrim boyatdı.

Oyanıb gördüm ki, qatar gedibdi,
Nə qaçmaq bir işdi, nə də ağlamaq.
Məni düz olmağım fağır edibdi,
Cürətli edən də düzlükdür ancaq.
Şahməmməd Dağlaroğlu

Şair andı
Məqsədi olmayan ömür gərəksiz,
Ömrün nə mənası arzu-diləksiz.
Tək bircə kəlməni yazsam ürəksiz,
Şerimdən ö sözü pozacam hələ,
Ən yaxşı şerimi yazacam hələ.

Fikir dəryasından zər çıxaracam,
Aşikar aləmdən sirr çıxaracam.
Neçə xəzinədən dürr çıxaracam,
O ağ vərəqlərə düzəcəm hələ,
Ən yaxşı şerimi yazacam hələ.

Şairi yaşadan bir saf niyyətdi,
Əsil şair ömrü əbədiyyətdir.
Bilirəm, şairlik çətin sənətdir
Nəsimi, Sabir tək dözəcəm hələ,
Ən yaxşı şerimi yazacam hələ.
Südabə Şeyda

Bax dünyanın rənginə
Daim səni şad görüm,
Quş kimi, azad görüm.
Ana yurdda yad görüm? –
Yox, mən buna dözmərəm

Tale – yazı, alında,
Azadlıq amalında.
Vətən, torpaq yolunda,
Bəla çəksəm, bezmərəm.

Tutan varsa əlimdən,
Qorxum yoxdu ölümdən.
Bu torpaqdan, elimdən
Əllərimi üzmərəm.

Bax dünyanın rənginə,
Düş bulaq ahənginə.
Şeirimin çələnginə
Hər nə gəldi düzmərəm.
Şərqiyyə Balacanlı

Sevgimin
Gözlərimdə baxışının izi var,
Ürəyimdə həsrətinin közü var.
Neçə-neçə demədiyi sözü var,
Yazıq olan, nakam qalan sevgimin.
Nalə çəkən, gözü dolan sevgimin.

Duyğularım yetim qalıb nə vaxtdı,
Könlüm səni çox umdu, çox darıxdı.
Gecə-gündüz gözlərindən yaş axdı,
Səni gəzən, haray salan sevgimin,
Nalə çəkən, gözü dolan sevgimin.

Ümidlərim yorğun düşüb, sozalıb,
Sənsiz keçən ömrüm-günüm azalıb.
Sən gedəli qış da ötüb, yaz olub,
Xəzanıdı gülü solan sevgimin,
Nalə çəkən, gözü dolan sevgimin.

Ha arayım, ha axtarım, ha gəzim,
Mən ki səni tapmayacam, əzizim.
Məzarında gedən yolda var izim,
Odu sönüb, sənsiz olan sevgimin,
Nalə çəkən, gözü dolan sevgimin.
Xatın

Bilmirəm
Bir qaranlıq otaq, ulduzlu gecə,
Budurmu göylərin donu, bilmirəm.
Mən sənə o sözü çatdırım necə,
Görərəm o günü, anı, bilmirəm.

Odur göz önündə hər gün dayanan,
Kaş görə biləydim onu bircə an.
Bəlkə görəcəyəm onu bir zaman,
O bəs indi hanı, hanı, bilmirəm?!

Gözlər bir-birinə baxarsa, gülər,
Baxışlar toqquşub, sarıla bilər.
Qəlbə yeni arzu, ümidlər gələr,
Amma necə olar sonu, bilmirəm.

Vaxt, zaman dərmandı hər an bizlərə,
Bizi qovuşdurar yeni yazlara.
Yazdım bu şeiri qara gözlərə,
Anlayar, anlamaz, onu bilmirəm.
Turanə Səfərli

Mindilli
Xitabət kürsüsündən
Yapışıb ikiəlli,
Ağzına sığmır dili
Bu minsifət ditdili.
Danışdıqca qızışır,
Nə utanır, nə çaşır.
Özündən böyükləri,
Vicdanı çürükləri,
Bir-bir öpür, yalayır,
İt tək quyruq bulayır.
İrişir qırıq-qırıq,
Guya ki, tanımırıq.
Sən bundakı nırxa bax,
Altındakı arxa bax.
Deyir aydan arıdır,
Guya sudan durudur.
İslanmış pal-paltarın
Sərib günə, qurudur.

Çanağını bəyənmədi
Tısbağa çanağından
Çıxıb, kənarda durdu.
İyrəndi çanağından
Sonra bir təpik vurdu.
Xalıq Yusifoğlu

Səni gördüm
Taleyimin varağında,
Bu könlümün otağında,
Gözlərinin çırağında,
Səni gördüm, səni gördüm.

Çiçək üstə düşən şehdə,
Yanağıma dəyən mehdə,
Gah gülüşdə, gah da ahda,
Səni gördüm, səni gördüm.

Nəğməmdə də, sözümdə də,
Doğrumda da, düzümdə də,
Axtardım, mən özümdə də,
Səni gördüm, səni gördüm.

Olmasan da heç yanımda,
Sən bir cansan bu canımda.
Qəlb evimdə hər anımda,
Səni gördüm, səni gördüm.

Nailəyəm, könlümdə də,
Çiçəyimdə, gülümdə də,
Dən-dən olmuş telimdə də,
Səni gördüm, səni gördüm.
Nailə Yırğançaylı

Getməliyik
Artıq getməliyik, zaman yetişib,
Çoban müəllimdir, müəllim çoban
Gədalar vurduğu calaq bitişib,
Gəl belə zamanın içində dolan.

Aranın, yaylağın görkəmi hanı,
Mənsəb sahibi də sürü bəsləyir.
Adam var lap ona versən dünyanı
Nə imana gəlir, nə dinə gəlir.

Görmüşdük çobanın papağı olar,
Çoban çomağından, atından bəlli.
Qışlağı, yaylağı, oylağı olar,
Çoban da əslindən, zatından bəlli.

Yaylağa cığırla, izlə qalxarlar,
İndi helekopter qonur arxaca.
Şəhəri həmişə kəndlə saxlarlar,
Kəndi qurban verdik biz ehtiyaca.

Nə yağda yağlıq var, nə şorda şorluq,
Şor kəsmik olubdur, yağ da super-sun.
Kor nə istəyər ki, qoy olsun bolluq,
Hər şey öz yerində dadında qalsın.
Rüstəm Məbudoğlu

Gülürəm mən
Nə olsun, gülürəm mən,
Qəlbim qəmlə doludu.
Ah çəkib ağlayıram,
Bu yaşamaq yoludu?
Bir gün qanayar yaram,
Baş qaldırar əzablar
Yol gedib aram-aram
Məni axtarıb tapar.
Kədərim, gülüşüm də,
Bilinməz bir ürəkdi.
Nə tapdım gəlişimdə?
Kədər həyat deməkdi?
Nə var mənim əlimdə,
Gülüş! Həyat onsuzdu.
Yaşamaq da, ölüm də
Bu həyatda sonsuzdu.
Görəsən, hansı üstün,
Ölüm, yoxsa, yaşamaq?
Yaşayaydım beş-on gün
Qəfil ölməzdən qabaq.
Olum, ölüm – əkizdi,
Bunu artıq bilirəm.
Kədər yaman ucuzdu,
Mənsə dözüb, gülürəm.
Pərvinə Fətəliyeva

Min şükür
Aşıq Cavid Əmiraslanova
Aləmə düşdü avazı
Vəsf elədi yayı, yazı.
Aşıq Cavid əldə sazı,
Gəzir mahalı, min şükür.

İsindirdi ürəkləri,
Bara düşdü diləkləri.
Eşqə saldı çiçəkləri,
Dildəki balı, min şükür.

Mövlud vurğun təmiz ada,
Odu dövlət bu dünyada.
Qardaş kimi, dostluqda da,
Çıxdı vəfalı, min şükür.
Mövlud Teymur

Əsgər oğlan
Bu dünyanın zərrəsiyik
hər birimiz,
Bu dünyanın zərb səsiyik
hər birimiz.
Bu zərrələr yaratmışdır,
Yaşatmışdır vətənimi.
Əsgər oğlan!
Bu zərrəni gəzdirirsən
Öz qəlbində dünya kimi.
Qoru onu Xətaidən
Miras qalan məram kimi.
Beşiyində layla çalan
Anan kimi,
Əsgər oğlan!
Bu dünyanı qurmaq çətin,
Keşik çəkmək, silah tutmaq,
Səngərlərdə olmaq çətin
Unutma sən
Öz qəlbində gəzdirdiyin,
Dünyamızı – anamızı,
Ölkəmizi, xalqımızı.
Bunlar səni öz qəlbində,
Əllərində məram tutan,
Silah tutan sözün olsun!
Əsgər oğlan!
Unutma sən tarixləri,
Şanlı olan bir dünyan var!
O hayqırar,
Alovlanar,
Şölələnər,
Qəlbimizdə asan edər
Çətinləri, müşkülləri.
Əsgər oğlan!
Bu dünyanı qəlbimizdə
Gəzdirərək hər birimiz
Sanmalıyıq yurd yerimiz –
Sərhəddimiz,
Əsgər oğlan!
Turac Teymurova

Ey əsgər
Ey əsgər, cəsur ol, get sən irəli,
Gözünü açmağa qoyma düşməni.
Bu yerin övladı, igidi, əri
Gərəkdir qorusun gözəl vətəni.

Ey əsgər, vaxtıdır, göstər hirsini,
İçində uyumuş pələngi oyat.
Göstər xainlərə qəzəbi, kini.
Qaralsın düşmənin gözündə həyat.
Xəyal Hüseynov

Düşübdü
Min töhfə gətirib səxavətli yaz,
Marala çeşmədən ayna düşübdü.

Ot çölə yaraşıq, bənövşə kola,
Yamaca çiçəkdən cuna düşübdü.

Dağların başını alıb çən, duman
Gölə yolun azan sona düşübdü.

Meşə başqa rəngdə, dağ başqa rəngdə,
Dərələr fərqli bir dona düşübdü.

Ötür səhər-səhər qaratoyuqlar,
Gur, şaqraq bəstələr ona düşübdü.

Göllərə qaz-ördək, çaylara ahəng,
Hop-hop quşlarına şana düşübdü.

Bir az aralıda açıb lalələr,
Elə bil düzəngah qana düşübdü.

Görün, göy qurşağı necə bərq vurur
Göyün xanasına xına düşübdür.

Nə yaxşı, nə yaxşı bahar sevgisi
Daşdəmir gəzdirən cana düşübdü.
Daşdəmir Zülfüqarov

Nişanlıyam deyəndə sən
Məhəbbətsiz bu nə gündü,
Gedən yollar geri döndü.
Gözlərimdə Günəş söndü,
Nişanlıyam deyəndə sən.

Dünya boyda var itirdim,
Yar olmamış yar itirdim.
Bir dönük ilqar itirdim
Nişanlıyam deyəndə sən.

Daha çıxmır səsim, ünüm,
Qara geyib gələn günüm.
Dərd-qəm oldu arxam, önüm,
Nişanlıyam deyəndə sən.

Daha yoxdur sənə sözüm,
Ölümümə razı özüm.
Qan ağladı iki gözüm,
Nişanlıyam deyəndə sən.

Hərə bir cür həsrət dadan,
Ayrı dünya eşqin, qadan.
Ziyəddin getdi dünyadan,
Nişanlıyam deyəndə sən.
Ziyəddin Qasımov

Şərh Yaz