Yaddas kitabcasi

Suvarma suyu deyil, içməli sudur

Bizə bəxş edilən bu sərvəti təyinatına işlədirikmi?
Əziz oxucular, sudan istifadə edən hörmətli İsmayıllı sakinləri, içməli su problemi ilə rastlaşanda bir anlığa dayanaq, düşünək və ilk növbədə həyət-bacamıza baxaq, məhləmizi nəzərdən keçirək, görək içməli su xəttinə neçə yerdən suvarma üçün rezin və ya kapron boru qoşulub? İnsafa gələk, qonşunu da, qonşu kənddə yaşayanı da nəzərə alaq. Nə üçün, niyə, nədən ötrü biz yardımçı təsərrüfatımızda sudan geninə-boluna istifadə etməli, qapı bir qonşunu, həmkəndlini içməli suya həsrət qoymalıyıq? Eyni kəmərə qoşulu olan qonşu kəndin əhalisinin suyunu kəsib, şikayət üçün qapılara salmalıyıq? Dəyərli soydaşlarımız, bütün işlərdə diqqətli olmaq, məsələlərin mahiyyətini aydın görmək işin xeyrinədir. Gəlin biz də diqqətli olaq.
Prezident İlham Əliyevin 29 noyabr 2009-cu il tarixli sərəncamına diqqət yetirək. Sərəncam belə adlanır: “İsmayıllı rayonunda əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”.
Həqiqətən sərəncama qədər İvanovka, Uştal, Soltankənd, Qalagah, Hacıhətəmli, Ruşan, Vəng kəndləri içməli su ilə təmin olunurdu. Yeni sərəncamla ayrılmış vəsait isə bu təminatı daha da yaxşılaşdırmağı nəzərdə tuturdu. Gəldiyimiz, hamımızın qəbul edəcəyimiz nəticə ondan ibarətdir ki, köhnə xətdən də istifadə etməli, onu qorumalı və yeni xətdən isə ancaq təyinatına uyğun istifadə etməliyik.
Tərəvəz, bor-bostan sulamaq üçün hər kəs fərdi qaydada tədbirlər görməlidir. Yenə də diqqətli olmalıyıq. Sərəncamda söhbət suvarma suyundan yox, içməli sudan gedir. Elektrik enerjisinə, qaza qənaət etdiyimiz kimi, içməli suya da qənaət etməliyik. Su da tükənə bilən sərvətdir, böyük sərmayə qoyuluşu ilə gəlib həyətimizə çıxır, evimizə rahatlıq, sosial həyatımıza zənginlik gətirir. Münasibətimiz elə olmalıdır ki, hamı bu əvəzolunmaz sərvətdən – içməli sudan bərabər qaydada istifadə etsin, kimsə kiminsə haqqını tapdamasın.
Bir daha o həqiqəti öz düşüncəmizə həkk edək ki, təbii, milli sərvətlərdən qanunla istifadə etməkdə hamımız bərabər hüquqluyuq.
Ziyalılarımız, kəndlərimizdə olan ictimai fəallar, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri bu həqiqəti əhaliyə daim xatırlatmalı, mütəxəssislər sudan istifadədə qayda yaratmalıdırlar.
Sudan israfçılıqla istifadə edənlərə qarşı qanunla müəyyən olunmuş münasibət göstərilməlidir.
Bir daha yadda saxlamalıyıq ki, ölkəmizdə heç bir sahə, heç bir sərvət və ya xidmət növü sahibsiz deyildir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu yaxınlarda yeni İvanovka, Hacıhətəmli su xəttini öz balansına götürəcək və sudan istifadədə tam qayda yaradacaqdır. Buna qədər isə yadda möhkəm saxlamalıyıq: bizə içməli su verilir. Onu suvarmaya yönəltməklə kimlərisə narahat etmək qanun pozuntusu kimi qiymətləndirilir.
Hər birinizə dərin hörmətlə və fikirlərimə şərik olacağınıza böyük ümidlə:
Valeh Salehov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərh Yaz