İnsan hüquq və azadlıqlarının müdafiəsi

İnsan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən sahibkarların hüquqlarının müdafiəsinin daha da möhkəmləndirilməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli 2231 nömrəli Sərəncamı ilə hər il iyunun 18-i “İnsan hüquqları günü” kimi qeyd olunur və bu Sərəncamın icrası ilə bağlı hər il mayın 18-dən iyunun 18-dək respublikada “İnsan Hüquqları aylığı” keçirilir.
Məlum olduğu kimi, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılmasında, bu sahədəki tədbirlərin daha mütəşəkkil həyata keçirilməsində Dövlət Proqramları, Strategiyaları və Milli Fəaliyyət Planları böyük əhəmiyyət kəsb edir.İnsan hüquq və azadlıqlarının müdafiəsiİnsan hüquqlarının və azadlıqlarının təmin olunması istiqamətində qəbul edilmiş normativ sənədlər sırasında ümummilli lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı və 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı»nı xüsusilə qeyd etmək lazımdır. Belə ki, bu sənədlərdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm tədbirlərin həyata keçirilməsi, o cümlədən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması, ölkəmizin insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulmuş, daha sonralar həmin aktlarda təsbit olunmuş məsələlərin həlli istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.
Bu islahatların məntiqi davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilmişdir.
Ötən müddət ərzində hər il Milli Fəaliyyət Planının icrasına məsul olan dövlət qurumlarından olan Vergilər Nazirliyi tərəfindən planın icrası istiqamətində müvafiq işlər görülmüş və görülməkdədir. Bu sahədə həyata keçirilən layihələrdən biri də Vergi Apellyasiya Şurasının yaradılmasıdır. Şuranın yaradılmasında məqsəd vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) vergi ödəyicilərinin şikayətlərinə (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) məhkəmədən kənar (məhkəməyə qədər) baxılmasıdır.
Vergi Məcəlləsinin 62-ci maddəsində vergi ödəyicisinin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə şikayət etmək hüququ təsbit edilmişdir.
Odur ki, hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin tətbiqi ilə bağlı vergi orqanlarının qəbul edilmiş qərarları və ya verilmiş cavabları ilə razılaşmadıqda məhkəməyə müraciət etmədən birbaşa Vergilər Nazirliyinin Vergi Apellyasiya Şurasına müraciət edə bilər.
Şikayətlərin və ya mübahisələrin məhkəmədən kənar, Vergi Apellyasiya Şurasında baxılmasının aşağıdakı üstün cəhətləri vardır:
* şikayətlərin baxılması prosedurunun və formasının sadəliyi;
* rüsumların olmaması;
* məsələlərə aid vergi orqanının mövqeyinin daha tez müəyyən edilməsi.
Vergi ödəyicisi aşağıdakı hallarda Vergi Apellyasiya Şurasına şikayətlə müraciət edə bilər:
* səyyar vergi yoxlamaları zamanı tərtib edilmiş aktların müddəaları ilə razılaşmadıqda;
* kameral vergi yoxlaması zamanı vergilər düzgün hesablanmadıqda;
* vergi borclarının alınması zamanı qanuna zidd hərəkətlərə görə;
*vergi uçotuna alınma və uçotdan çıxarılma üzrə;
* vergi qanunvericiliyinin tətbiqi ilə bağlı digər şikayətlər.
Şikayət vergi ödəyicisi tərəfindən şəxsən və ya poçt rabitəsi vasitəsilə təqdim oluna, habelə Vergilər Nazirliyinin internet səhifəsində (www.taxes.gov.az) yaradılmış xüsusi bölmə vasitəsilə elektron formada göndərilə bilər.
Vergi ödəyicisinin şikayət ərizəsində aşağıdakılar əks olunmalıdır:
* soyadı, adı və atasının adı və ya hüquqi şəxsin tam adı, yaşadığı (yerləşdiyi) ünvanı;
* VÖEN-i, bank rekvizitləri;
* şikayət edilən vergi orqanının (və ya onun əməkdaşının) adı və əvvəlki cavab məktubunun nömrəsi və tarixi;
* şikayətin verilmə tarixi. Şikayət vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir.
Vergi ödəyicisi şikayətin araşdırılması üçün zəruri olan sənədləri də şikayət ərizəsinə əlavə edir.
Vergilər Nazirliyinə daxil olan şikayət qəbul edildikdən sonra icraya qəbul edilir və qısa müddətdə baxılaraq həll olunur. Bununla yanaşı, tərəflərin məhkəməyə müraciət etmək hüququ saxlanılır. Həmçinin, Vergilər Nazirliyinin internet səhifəsində “Video qəbul” bölməsi yaradılmışdır. Hər bir vergi ödəyicisi bu bölməyə daxil olmaqla nazirliyin məsul vəzifəli şəxsləri ilə birbaşa video əlaqə yarada bilər.
Eyni zamanda, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək qanunvericilikdə vergi orqanlarının vəzifələrinə aid edilmişdir.
10 saylı Ərazi Vergilər İdarəsi

Şərh Yaz