Energetik içkilərin qəbulu hansı fəsadlara gətirib çıxarır?

Energetik içkilər hazırda dünyanın bir çox ölkələrində istifadə olunur. Bu içkilərdən istifadə son zamanlar Azərbaycana da ictimai maraq kəsb edən məsələlərdəndir. İlk dəfə olaraq 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri, xüsusilə gənclər arasında çox məşhurdur. Bəziləri bunları naharda, günorta və axşam yeməklərində, yaxud qəlyanaltılarda qəbul edirlər. Bu içkilərin zərərli, yaxud xeyirli olması daim dünya ölkələrini düşündürməsinə baxmayaraq, günü-gündən energetik içkilərin qəbulu artmaqdadır.
Enerji içkisi nədir?
Öncə aydınlaşdırmağa çalışaq ki, bu enerji içkiləri adlanan şey nə deməkdir. Enerji içkiləri dayanıqlılığı və fiziki performansı artırmaq baxımından ortaya çıxarılmış içkilərdir. Bəzi enerji içkiləri xüsusilə atletlər üçün nəzərdə tutulub, amma çoxu ümumi istifadəyə istiqamətlidir. Bəs bu içkilərin tərkibi nədir, təməl maddələri nələrdir ki, belə enerji yaradır insanda? Enerji içkilərinin təməl maddələri kofein, taurin və qlukuronolaktondur. Kofein mərkəzi sinir sisteminə təsir edərək, beyinə gedən və beyindən gələn mesajları sürətləndirir. Beləcə, adamın daha oyanıq və aktiv olmasını təmin edən bir xəbərdarlıqçıdır. Taurin isə bədəndə təbii olaraq olan bir amin turşusudur. Amin turşuları zülal istehsalında iştirak edirlər. Xüsusilə, bədəni zərərli maddələrdən, toksinlərdən təmizlədikləri də əldə edilən tapıntılar arasındadır. Stressli zamanlarda və sıx fiziki fəaliyyətlərdə bədən az miqdarda taurin itirə bilər. Buna görə də bəzi adamlar enerji içkilərini bədənlərindəki taurin miqdarını köhnə səviyyəsinə çevirmək, ya da artırmaq üçün içirlər.
Energetik içkilərin tərkibindəki üçüncü əsas maddə qlukuronolaktondur. Qlukuronolakton da bədəndə təbii olaraq mövcud olur. Bədəndə təbii bir metabolit və qlikoz parçalanarkən yaranan karbonhidratdır. Bu maddə bədəndən zərərli maddələri atmağa kömək edir və anında bədənə enerji verir. İndi isə gəlin bəzi məşhur enerji içkilərinin 250 ml-də olan kofein miqdarı ilə tanış olaq: Rədd Bull-80 mq, V-78 mq, Coca-Cola-48.75 mq, Diet Coke-48 mq, Pepsi-40 mq, Diet Pepsi-44 mq, Pepsi Max – 44 mq.
Enerji içkilərinin fəsadları
Bəs bu qədər idarəsiz istehlak edilən enerji içkilərinin zərərlərindən xəbərdarıqmı? Bu içkilər hər keçən gün daha çox istehlak edilir. Hələ “Fortune” jurnalında 2006-cı ildə nəşr olunan bir hesabata görə, enerji içkiləri bazarı Amerikada 2000-ci ildən bəri yüzdə 700 nisbətində böyümüş və illik satış rəqəmləri 5,4 milyard dollara çatmış vəziyyətdə olub. Halbuki, “Drug and Alcohol Dependence” jurnalının son sayında nəşr olunan araşdırma enerji içkilərinin şüursuz istifadələrilə bağlı olaraq gənclər arasında kofein zəhərlənməsinin hər ötən gün sürətlə artdığını ortaya qoyur. Bundan başqa, enerji içkilərinin maddə asılılığına gətirib çıxarmasından və spirtlə birlikdə alınmasının yaradacağı zərərlərdən ciddi narahatlıq duyulur. Kofeinin asılılığı və kofeinin məhrumluğu da gəncləri gözləyən digər təhlükələrdən sayılır. Enerji içkilərinin bəzilərinin bir şüşəsində ancaq 14 qutu kola içməklə alınacaq miqdarda, yəni 505 milliqram kofein mövcuddur. Kofein zəhərlənməsi isə çox ciddi bir haldır. Bu zəhərlənmə əsəbilik, narahatlıq, baş ağrısı, ritm pozuqluğu, yuxusuzluq, tərləmə, əllərdə titrəmə, sinir sistemi pozğunluğu ilə yanaşı, mədə ağrısı, sinədə yanma, ürəkbulanma, qusma, ishal kimi həzm sistemi əlamətlərinə səbəb olur. Çox miqdarda kofein xüsusilə də hipertansiyon, ürək qeyri-kafiliyi, ritm pozuqluğu kimi xəstəlikləri olanlarda ürək və yüksək təzyiq böhranlarına yol aça bilir.
Kofein asılılıq edən bir maddə olduğundan müəyyən bir müddət kofeinin ehtiva edən yemək və içkiləri istehlak edənlərdə zamanla kofeinin asılılığı inkişaf edir və bu şəxslər kofeinin qəbul etmədikdə narahatlıq, əsəbilik, yorğunluq, baş ağrısı kimi əlamətləri də göstərə bilirlər. Elm adamları isə kofeinin beyinə təsir edə biləcəyini, bədəndəki immunitetin azalmasına səbəb ola biləcəyini ifadə edirlər. Dünyada məşhur “Memorial” Xəstəxanasının Ürək və Damar Cərrahiyyəsi mütəxəssisi Dr.Harun Arbatlının energetik içkilərlə bağlı dünya mediasında səsləndirdiyi fikirlər belədir: “Kalorili yeməklər yedikdən sonra enerji içkisi kimi içkilərin istehlak edilməməsi lazımdır. Bu içki spirtlə birlikdə qəti olaraq qəbul olunmamalıdır. Bu içkilərin ürək xəstələrinə mütləq pis təsiri olur. Xüsusilə, yaşlıların yüksək təzyiq, hətta infarkt keçirməsinə səbəb ola bilər”. Mütəxəssislərin sözlərinə görə, enerji içkiləri haqqında edilmiş sanballı araşdırma olmadığından, onun sağlamlıq üzərinə təsirləri qəti olaraq bilinmir. Ümumi olaraq bu qənaətə gəlinir ki, bu məhsulların istehsalçıları, məhsullarının, fiziki dayanıqlılığı, zehini mənada oyanıqlığı və konsentrasiyanı artırdığını, adamın reaksiyalarını sürətləndirdiklərini, maddələr mübadiləsini canlandırdıqlarını və toksinlərin bədəndən atılımını asanlaşdırdıqlarını iddia edirlər. Bu içkilər sağlam, əyləncəli, cavanlaşdırıcı bir imiclə satışa çıxarıldıqlarından, xüsusilə uşaqlar və gənclərdə böyük marağa səbəb olur. Halbuki, bəzi tapıntılar, bu içkilərin istehlakında diqqətli olmaq lazım olduğunu göstərir.
Kimlər enerji içkilərindən qaçmalıdır?
Araşdırmalara görə, enerji içkisi istehlak edən uşaq və gənclər yuxusuzluq, yatağını islatma və anksiyete kimi problemlərlə üzləşə bilirlər. Gündə iki, ya da daha çox enerji içkisi içən uşaqlar əsəbi, narahat və gərgin ola bilirlər. Bu səbəbdən 10 yaşa qədər olan uşaqlara kofein ehtiva edən içkilər, xüsusilə də enerji içkiləri vermək təhlükəli ola bilər. Daha böyük uşaqlar və gənclər də diqqətli davranmalıdır. İnsan beyni 16 yaşına qədər (bəziləri bunun 21 də olduğunu iddia edir) inkişafı davam edir. Kofeinin inkişaf halındakı beyinə təsir etdiyi bilinir, amma bu təsirin müsbət, ya da mənfi olduğuna dair bir məlumat yoxdur. Yaşlı adamların bu içkini içməsinin isə, ümumiyyətlə, çox təhlükəli olduğu bildirilir.
Hamilə qadınlara da enerji içkilərindən uzaq dayanmaları təklif edilir. Xüsusilə də, hamiləliyin ilk üç ayında. Bunun səbəbi çox dozada kofeinin aşağı, çətin doğum və kilosu normaldan az körpə doğurma risklərini artırmasıdır. Aktiv idmançılar da həmçinin enerji içkilərindən uzaq durmalıdırlar. Məşq əsnasında idmançının bədənindən xeyli miqdarda su və mineral itir. Bu vaxt kofein tərkibli enerji içkisi içmək əksinə, susuzluğa səbəb ola bilər. Susuzluq və məşq kombinasiyası isə təhlükəli bir kombinasiyadır. Onu da deyək ki, bir çox ölkələrdə insanlar ağır idmandan sonra enerji içkisi içməmələri barədə xəbərdar edilirlər, bəzi ölkələrdə isə satışları belə qadağan olunur.
Diyet edənlər də bu içkilərdən uzaq durmalıdırlar. Çünki, enerji içkiləri ehtiva etdikləri yüksək miqdardakı şəkərlə də diqqət çəkir. Əgər kilo verməyə çalışırsınızsa, şəkərdən uzaq dayanmanız lazımdır. Bu vəziyyətdə enerji içkilərindən də uzaq dayanmalısınız. Bundan başqa, ürək xəstəliyi olanlar, kofeinə həssas olanlar da enerji içkisi içməməlidirlər.
Enerji içkiləri xaricdə və Azərbaycanda
İngiltərədə yayımlanan “İndependent” qəzeti energetik içkilərin uşaqlara verilməməsinin lazım olduğunu yazır. Bu xəbərə görə ABŞ-da aparılan araşdırmada məlum olub ki, Amerikada uşaqlar energetik içkilərdən çox istifadə edirlər. Araşdırmanın rəhbəri Dr.Benjamin uşaqların energetik içki və sport içkilərini qəbul etmələri onların ciddi formada çəkilərinin artması və bədənlərində kofein miqdarının çoxalmasına səbəb olduğunu qeyd edir. Türkiyədə isə satılan energetik və sportiv içkilərin önəmli sağlıq riski daşımadığı bildirilir. Mütəxəssis Dr. Göknelin bildirdiyinə görə, bu tip içkilərin əvəzinə tərkibində vitamin və minerallarla birlikdə funksional qida ilə gücləndirilmiş, kalorisiz və ya daha az kalorili içkiləri qəbul etmək daha yaxşıdır (world.az).
Hazırda isə bir çox Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da energetik içkilərin gətirilməsinə və satışına qadağa qoyulması təklif edilir. Azərbaycan Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov yaxın günlərdə TREND-ə bildirib ki, bu içkilər Fransa, Danimarka, Norveçdə qadağan edilib. Rusiya Dövlət Duması tərəfindən də energetik içkilərin ölkə ərazisində satışının dayandırılması məsələsi qaldırılıb. Dövlət Məmmədov hesab edir ki, Azərbaycanda da energetik içkilərin satışının dayandırılmasının vaxtı çoxdan çatıb. Bu içkilərin əsasən gənclərin kütləvi toplaşdığı yerlərdə satıldığını deyən ASİB sədrinin sözlərinə görə, tərkibində süni kofein olan energetik içkilər əslində deyildiyi kimi, insanlara heç bir enerji vermir. Bu içkinin qəbulundan sonra onun tərkibindəki kimyəvi preparatlar hesabına insanın enerjisi həddindən artıq gücləndirilir, 4-5 saatdan sonra isə insan düşkün vəziyyətdə qalır. Buna görə də insan özü yenidən enerji yığmağa başlayır. Energetik içki ilə arağın insan orqanizminə göstərdiyi təsirlər də fərqlidir. Arağı çox içən insan müvazinətini itirdiyi halda, energetik içkini çox içən şəxs artıq özünü dünyanın ən güclü insanı hesab edir, qarşısındakı bütün insanlar ona cılız görünür. Bu içki birbaşa beynə təsir etdiyi üçün onu qəbul edən insanların mərkəzi sinir sistemi gələcəkdə pozulur.
Ekspertin sözlərinə görə, energetik içkidən istifadə edən insanlar gələcəkdə narkomana da çevrilə bilərlər. Dövlət Məmmədov onu da bildirib ki, bu içkiləri ölkəyə idxal edən şəxslər məhsulun tərkibi və istifadəsi ilə bağlı məlumatların Azərbaycan dilində verilməsini təmin etməməklə qanunvericiliyin tələblərini pozurlar. Nəticədə də, bu içkilərdən kimlərin istifadə edib-edə bilməyəcəyi məlum olmur.
Elgün Mənsimov

Şərh Yaz