Yaddas kitabcasi

Yas mərasimi lovğalıq, imkanların nümayiş yeri deyil

Yas mərasimlərinin necə keçirilməsi barədə rəsmi və ya qeyri-rəsmi yerlərdə çox söhbətlər gedir. Məsələ hətta qanunvericilik dairələrində də müzakirə mövzusuna çevrilir.
İlk olaraq onu qeyd edim ki, hüzr məclisinə gəlir mənbəyi kimi baxan savadsız mollanın təqsiri üzündən mərasim bəzən sosial məsələlərin qeybət səviyyəsində müzakirə meydanına çevrilir. Bu, dünyasını dəyişənin ruhuna, mərasim yiyəsinin özünə hörmətsizlik kimi qiymətləndirilir. Belə hallara az da olsa rast gəlinir.
Bu yaxınlarda Gəraybəyli kəndinə yas mərasiminə getmişdim. Uzun illər bundan əvvəl tanıdığım, tarlalarda, zəmi kənarlarında, üzüm bağlarında bir tikə halal çörəyi birgə kəsdiyim aqronom Cəfər Səfərov bu dünyayla vidalaşıb, əbədi dünyaya qovuşmuşdu. Məclisi idarə edən din xadimi (sözün həqiqi mənasında din xadimi idi) Ağsudan gəlmişdi. Mağarda 200-dən çox adam vardı. Heç kim yanında və qarşısında əyləşənlə həmsöhbət deyildi. Molla Quran ayələrini bu günümüzə layiq səviyyədə şərh edir, gələcəklə, axirətlə ilahiyyat elminə əsaslanaraq əlaqələndirirdi. Hamı tərəfdən dünyasını dəyişənə, hüzr sahibinə ehtiram göstərilirdi. Rayonumuzda yalnız Şahzadə Bilalov olan məclislərdə bu halı müşahidə etmək mümkündür. Qalan mollalar tez-tez, tələsə-tələsə dua verməklə vəzifələrini bitmiş hesab edirlər.
Hacıhətəmli kəndində də yas yeri var idi. Çoxdan yoldaşlıq münasibətində olduğum hörmətli bir şəxsin qardaşı rəhmətə getmişdi. Gələn ziyarətçilər dəstə-dəstə gözləməli olurdular. Çünki əvvəl oturanlar mütləq bozbaş, dolma yeyib, sonra durmalı idilər. Kəndin mollası da, zatən Şeyx nəslindən olan Kürdeldarbəyli kənd sakini Abdurrahman baba da məclis başında idi. Sorğu xarakterli müraciətim ikinciyə oldu. Çünki o islami dəyərlərə dərindən bələddir.
– Abdurrahman baba, dana kəsmək, qazan qaynatmaq, zəngin süfrə açmaq şadyanalıq əlaməti deyilmi? Yas mərasiminə kədərə, yoxsa yeməyə şərik olmağa gəlirlər?
Hörmətli din xadimi də cavabında bildirdi ki, biz öz kəndimizdə qayda yaratmışıq. Ehsan – vəfat edənin üçü, yeddisi və qırxında çaydan, limondan, və halvadan ibarət olur. Çalışırıq ki, kimsə kimdənsə fərqlənməsin. Hamının bərabər olduğu dünyaya köç edənlər üçün eyni qaydada ehsan verilməsi savab əməllərdəndir.
Abdurrahman babanın bu sözlərini məmnunluqla dinləyib, fikrən Lahıca, Basqala, Təzəkəndə və təziyə məclislərini sadə keçirən digər kəndlərə getdim.
Gördüm ki, burada insanlar əzizi dünyasını dəyişəndə dana axtarmağa, çeşidli meyvələr, konfetlər, portağal, naringi, banan, biologiya kabinetlərindəki mulyajlara oxşar alma, armud almağa qaçmırlar. Diqqət vəfat edənin islam dininin tələblərinə uyğun dəfn olunmasına yönəlir.
Dəbdəbəli ehsan verməklə kimisə şöhrətləndirmək, hörmətə mindirmək mümkün deyil. Adam var ki, sağlığında adamlara yarımayıb, son mənzilə ardınca getməyə də kimsə tapılmır. Adam da var ki, insanlara həmişə gərəkli olduğunu dərk edib. Özü, valideynləri, övladları sevincdə və kədərdə onların yanında olublar. Belə bir ailənin üzvü əbədi dünyaya köçəndə onu yola salmağı, məzarına bir ovuc torpaq atmağı özünə borc bilirsən. Toy məclisi səviyyəsində bəzənən masalarla, mağarı böyüdüb, səsgücləndiricilər vasitəsilə Yasin oxutdurmaqla kimsə əhaliyə özünü hörmətli insan kimi tanıda bilməz.
Hüzr məclislərini “yola verən” mollalara da demək istərdim ki, belə məsələləri inzibati yolla yönünə qoymaq olmaz. Kiməsə təzyiq göstərilməməlidir ki, ehsan verməsin. İcra orqanları bu sahədəki israfçılığa son qoymağa sərəncamçı deyildir. Ziyalılarımız, sözü keçərli, özü qəbul edilən ağsaqqallarımız, hüzr məclislərinə dəvət olunan mollalar, məscidlərin dini icma sədrləri, el arasında hörmətli insanlar şəxsi nümunə göstərməklə bu sahədə təbliğat və maarifləndirmə işlərini düşünülmüş qaydada, dinimizə uyğun formada, müasir həyatımızın tələbləri baxımından aparmalıdırlar. Hüzr məclislərinin sadələşdirilməsi imkanından asılı olmayaraq hər bir kəsə ən böyük kömək, dünyasını dəyişənə isə ən dəyərli ehsandır.
V.Salehov,
İsmayıllı rayon İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri

Şərh Yaz