Yaddas kitabcasi

Milli Qəhrəmanın anım günü keçirildi

Ölüm sevinməsin qoy, ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirə tək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.
S. Vurğun
İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz bu müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona “Ana Vətən!” deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlığı və istiqlaliyyəti yolunda xalqımız əsrlər boyu vuruşmuş, canlarını belə qurban verməkdən çəkinməmişdir. Azərbaycan xalqı tarixdə öz sözünü deyən, qəhrəmanları, qəhrəmanlıqları ilə öyünən və öyünməyə layiq olan bir xalqdır. Bu qəhrəmanlar xalq tərəfindən sevilmiş, mahnılarda, cild-cild əsərlərdə, filmlərdə yaşamışlar.
Tarix bizi çox sınaqlara çəkmişdir. Əsrlər boyu davam edən erməni-müsəlman münasibətləri bizə qənim kəsilən, xalqı faciələrə sürükləyən bir bəlaya çevirmişdir. Bu haqsız münaqişəyə cəlb olunduğumuz vaxtdan etibarən torpaqlarımızın 20 faizinin erməni qəsbkarları tərəfindən işğal edilməsi xalqımızı daha mübariz olmağa məcbur etdi. İgid oğul və qızlarımız ölümdən belə çəkinmədilər. Belə qəhrəman oğullarımız minlərlədir. Vaxtilə məktəbimizdə təhsil alan Ağahüseyn Aslanov, Dilqəm Şirinov, Mayıl Hacıyev belə qəhrəmanlarımızdandır. Məktəbimizin müəllim və şagird kollektivi qəhrəman oğullarımızın xatirəsini həmişə yad edir, onların qəhrəmanlığını, vətənpərvərliyini əks etdirən tədbirlər keçirir. Fevral ayının 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü keçirildi. Tədbirdə qəhrəmanın həyatından, döyüş yolundan söhbət açıldı. Məktəbin direktoru R. Dadaşov Mübariz haqda daha geniş məlumat verdi. Qeyd etdi ki, keçən ilin may ayında bir qrup müəllim və şagird onun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndinə getdi. Onlar Milli Qəhrəmanın valideynləri və müəllimləri ilə görüşdülər. Bu görüş bizim xatirəmizdə əbədi yaşayacaq.
Fevralın 7-də keçirilən tədbirdə həmin görüşdə çəkilən video şəkillər də nümayiş etdirildi. Məktəbimizin bütün müəllim və şagirdləri həmin görüş-xatirələri ilə tanış oldular. Tədbirdə məktəbin şagirdləri, müəllimləri çıxış edərək qəhrəmanın vətənpərvərliyindən, hamıya örnək ola biləcək döyüş hünərlərindən danışdılar.
Hamıya belə bir fikir aşılandı ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, yenə də üçrəngli bayrağımız işğal olunmuş torpaqlarımızda dalğalanacaq, şəhid olmuş övladlarımızı dönə-dönə xatırlayacaq, onlar qəlbimizdə əbədi yaşayacaq.
Sədaqət İsazadə,
A. Aslanov adına şəhər 2 saylı tam orta məktəbin sinif müəllimi

Şərh Yaz