Yaddas kitabcasi

Fizika fənnində idrak maraqlarının formalaşdırılması yolları

Fizika fənnində idrak maraqlarının formalaşdırılması yollarıTəhsil haqqında Azərbaycan Respublikasının Qanununun pedaqoji ictimaiyyət qarşısında qoyduğu vəzifələrdən biri yeni insan şəxsiyyətinin hərtərəfli və ahəngdar inkişafını təmin etməkdir.
Təhsil sahəsində əsas prinsiplər aşağıdakılardır. Ümumibəşər dəyərlərin önəmliyini, şəxsiyyətin sərbəst inkişafı, təhsilin humanist xarakteri, təhsil sisteminin səviyyəsinin şagirdlərin inkişaf xüsusiyyətlərinə və hazırlığına adaptasiya edilməsi.
Hazırda fizika elmi-texniki inqilabın özülündə durur. Bu fənn vasitəsilə məktəblilər həyata hazırlanmalıdırlar. Bu mənada məktəblilərin idrak fəaliyyətlərinin yüksəldilməsi və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi zəruridir.
Fizikanı şagirdlərə necə sevdirməli? Bu suala cavab vermək üçün şagirdlərdə fənnə qarşı marağın yaranması üçün ilk növbədə onlara informasiya verilməlidir. Bununla sadə maraqdan, oradan da biliyə doğru şagird fəaliyyətinin formalaşması başlayır.
Bəs, görəsən, bu marağı nə vaxtdan oyatmaq lazımdır? Fizika fəninin tədrisi hazırda VII sinifdən başlayır. Milli Kurikulum islahatına görə isə VI sinifdən başlayacaq.
Fənnə qarşı şagird marağının formalaşması üçün fənnin tədrisinin başlanmasını gözləmək lazımdırmı?
Mənə elə gəlir ki, yox! Məlumdur ki, ibtidai siniflərdə “Həyat bilgisi” fənni tədris olunur. Bu fənn daxilində fizika, kimya, coğrafiya, biologiya və digər elmlərin sadə elementləri verilir. Başqa sözlə, təbiət elmlərinin əsası qoyulur. Deməli, adı çəkilən fənlərə qarşı marağın formalaşdırılmasını elə buradan başlamaq olar. Lakin, bunu ibtidai sinif müəllimi yox, fənn müəllimləri etməlidirlər.
Bu məqsədlə Sumağallı kənd tam orta məktəbində “Fizika günü” keçirdik. Bu tədbir məhz ibtidai sinif şagirdfləri üçün təşkil olunmuşdu. Tədbiri mənim rəhbərliyim altında Məktəb Kiçik Akademiyasının (MKA) üzvləri olan yuxarı sinif şagirdləri hazırlamışlar.
Aydın məsələdir ki, ibtidai sinif şagirdinə fizikadan nəyisə, nəzəri olaraq izah etmək onun marağına səbəb olmayacaq. Bu səbəbdən də biz laboratoriya avadanlığından və şagirdlərin əllə hazırladıqları cihaz və ləvazimatlardan istifadə etməklə fizika eksperimentlərini nümayiş etdirdik. Bu nümayişləri seçəndə ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətlərini, onları gündəlik həyatda düşündürən sualların cavablandırılmasını və yeni düşündürücü sualların yaranmasını nəzərə aldıq.
Tədbirdə RTŞ-nin metodisti Cavanşir Həsənov, məktəbin direktoru Mahmud Şirinov, dərs hissə müdiri Asif Seyidov, tərbiyə işləri üzrə direktor müavini Seymur Rəsulov,məktəbin psixoloqu Əlyar Davidov, MKA-nın prezidenti Azər Mirzəyev, I, II, III, IV siniflərin şagirdləri sinif rəhbərləri və məktəbin digər müəllimləri iştirak etmişlər.
İbtidai sinif şagirdləri müəllimləri ilə bərabər fizika kabinetinə daxil oldular. Onlara fizika elmi, onun predmeti, qarşısına qoyduğu məqsəd və vəzifələr haqqında məlumat verildi. Masaların arxasında duran yuxarı sinif şagirdləri ibtidai sinif şagirdlərinə fizika eksperimentlərinin müxtəlif nümunələri təqdim etdilər. XI sinif şagirdi Çingiz Salahov, X sinif şagirdləri Araz Mirzəyev, Tamerlan Abbasov, Ülvi Yaqubov, Tərlan Kərimov, Şamil Babayev, Yelmar Süleymanov, Dəmir Xancalı. IX sinif şagirdləri Ülkər Mirzəyeva, Saray Səfərəliyeva, VIII sinif şagirdləri Nigar Xəlilova, Asəf Səfərəliyev balacalarla elektrik dövrəsini, məktəb zənginin işləyən modelini, maqnitlərin bir-birilə, dəmir tozları ilə, maqnit əqrəbləri ilə qarşılıqlı təsirini, cisimlərin üzmə şərtlərini, sualtı qayıq modelini, manometrlə təzyiqin ölçülməsini, linzalarla xəyalların alınmasını, kristalların quruluşunu, cisimlərin tarazlığını, Paskal təcrübəsini, yaylı rəqqas vasitəsilə rəqslərin alınmasını, müstəvi güzgü vasitəsiylə “sirli yazı”ların yazılmasını, yumurtanın maqnitlə “sirli” qarşılıqlı təsiri və s. eksperimentləri göstərdilər.
Bunlar ibtidai sinif şagirdlərinin hədsiz marağına səbəb oldu. Bunu onların verdiyi suallardan (“manometrə su əvəzinə neft töksəydik, nə olardı?), çıxartdıqları nəticələrdən (Göyqurşağı, deməli, təkcə yağışdan sonra yaranmır, onu həmişə görmək mümkin imiş!”, “yumurtanın içində maqnitli nə isə var, yoxsa, maqnit onu cəzb etməzdi”), ən əsası isə uşaqların kabinetini tərk etmək istəməmələrindən başa düşmək olardı.
Tədbirin sonunda RTŞ-nin metodisti Cavanşir Həsənov çıxış etdi.
Tədbirdən sonra ibtidai sinif çagirdlərinin gördüklərini bir-biri ilə necə müzakirə etdiklərini kənardan müşahidə etməklə, onlardan bir çoxunun artıq indidən “fizika maraqlı dərsdir”, “mən fizik olacağam” demələri məqsədə doğru düzgün addım atdığıma məni bir daha əmin etdi.
Tədbirin səhəri daha bir maraqlı halın şahidi oldum:
İbtidai sinif şagirdlərindən məni indiyədək tanımayanlar da mənə, həm də onlara təcrübələri göstərən, izah edən yuxarı sinif şagirdlərinə hörmətlə salam verir, öz məktəbli sinif yoldaşlarına bir qədər də həsədlə baxırdılar. Onları nə isə yenə fizika kabinetinin qabağına çəkirdi. Kabinetin qabağında, divarında hələ bu sözlər qalmışdı: “ Diqqət! Bu gün fizika günüdür!”
Fizika fənnini tədris edən müəllim kimi, hər ilin bir neçə gününü ibtidai sinif şagirdllərinə həsr etməklə “fizika gün”lərinin sayını artırmaq qərarındayam. Belə tədbirlərin digər müsbət təsiri yuxarı sinif şagirdlərinədir. Onlar ibtidai sinif şagirdləri üçün hazırladıqları işlərin elmi izahını əvvəl özləri diqqətlə öyrənirlər. Bununla onların özlərinin idrak və yaradıcılıq qabiliyətləri inkişaf edir, onlarda məsuliyyət hissi artır.
Arzu Mirzəyeva,
Sumağallı kənd tam orta məktəbinin fizika müəllimi

Şərh Yaz