Vətəndaş müraciətlərinə baxılması vəziyyəti

Vətəndaş müraciətlərinə baxılması vəziyyətiİsmayıllı rayon İcra Hakimiyyəti 2011-ci ildə vətəndaş müraciətlərinə baxılmasına, onların qəbuluna diqqətlə yanaşmış, şikayətlərin yaranma səbəblərini təhlil etmiş, narazılıq doğuran, icrası vacib və mümkün məsələləri həll etmişdir.
İcra Hakimiyyətində vətəndaşların qəbul edilməsi, onların təklif, ərizə, şikayət və müraciətlərinə baxılması işi Respublika Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyət orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları”na, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” və “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunlarına uyğun aparılır.
2011-ci ildə rayon İcra Hakimiyyətinə 1724 vətəndaş müraciəti daxil olmuşdur ki, bu da 2010-cu illə müqayisədə 206 ədəd çoxdur. Vətəndaşlar daha çox mənzil (425), fərdi ev tikintisinə icazə (245), əmək və əhalinin sosial müdafiəsi məsələləri (245), həyətyanı torpaq sahəsi (186), enerji və istilik təchizatı (163), kənd təsərrüfatı ilə əlaqədar (60) müraciət etmişlər.
2011-ci ildə Dövlət orqanlarından və digər qurumlardan daxil olan müraciətlərin sayı 584, o cümlədən Prezident Administrasiyasından 441, Milli Məclisdən 11, Nazirlər Kabinetindən 15, respublikanın digər təşkilatlarından 117 olmuşdur.
İcra Hakimiyyətinə rayon sakinlərindən il ərzində 1140 müraciət daxil olmuşdur ki, bu, 2010-cu ildəkindən 85, yuxarı orqanlardan daxil olanlardan 556 ədəd çoxdur. Bu da vətəndaşların İcra Hakimiyyətinə inamının nəticəsidir.
Rayon İcra Hakimiyyətinin saytı yaradılmış, vətəndaşlardan İcra Hakimiyyətinə sayt vasitəsilə də müraciətlər daxil olmuşdur.
RİAİS proqramina uyğun mütəmadi olaraq gündəlik, ayliq, rüblük və illik sənədlər işlənmiş və Prezident Administrasiyasına ötürülmüşdür.
2011-ci ildə daxil olmuş müraciətlərin 905-i müsbət, 330-u qismən həll edilmiş, 235-nə müvafiq izahat verilmiş, 134-ü əsassız sayılmışdır. Daxil olan müraciətlərə əsasən İcra Hakimiyyəti başçısının aparatında baxılmış, 24-ü aid qurumlara göndərilmişdir.
Daxil olan müraciətlərin 1448-i ərizə, 274-ü şikayət, 2-si təklif olmuş, 18 ərizə nəzarətə götürülmüşdür.
Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin fəaliyyətinə aid 40, bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 16 müraciət daxil olmuşdur.
Sahibkarlığın inkişafı ilə əlaqədar 74 müraciət daxil olmuşdur ki, bunlardan yalnız 3-ü şikayətdir.
Azərbaycan Respublikasının Prezidentinə və Respublikanın birinci xanımı Mehriban Əliyevaya ünvanlanmış ərizələrin sayı 2010-cu ilə nisbətdə 78 ədəd artmışdır.
Ötən il 1847 nəfər vətəndaş İcra Hakimiyyətində, onlardan 439 nəfəri başçının qəbulunda olmuşdur. Müraciət edənlərin böyük əksəriyyətinin qanuni istək və arzuları yerinə yetirilmişdir. Başçı yerlərdə keçirilən səyyar-görüş qəbullara üstünlük vermişdir. İnzibati ərazi dairələrində keçirilmiş 42 səyyar görüş-qəbulda 3543 nəfər iştirak etmişdir. Onlardan 291 nəfəri rayon İcra Hakimiyyətinin başçısına müraciət etmiş, həlli vacib 395 məsələ barəsində fikirlərini bildirmişlər. Yerlərdə qaldırılmış məsələlərin həlli xüsusi nəzarətə götürülmüşdür.
2011-ci ildə mavi yanacaq – qazla təmin olunmaq, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, kənd yollarının təmir edilməsi, torpaq, kənd təsərrüfatı, tikinti, mənzil, maddi yardım, qanunsuz tikililər və işlə təmin olunmaqla əlaqədar müraciət edənlərin sayı çoxluq təşkil etmişdir. Qəbulda olmuş vətəndaşların müraciətlərinə qanunla müəyyən edilmiş qaydada baxılmışdır.
Yuxarı orqanlara göndərilən ərizələrin böyük əksəriyyəti şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, ümumi səbəbdən əlil olanlar, qaçqın və məcburi köçkünlər, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, torpaq, mənzil, tikinti, sosial yardım verilməsi, müalicələrinə köməklik göstərilməsi ilə əlaqədar olmuşdur.
İşlə təmin olunmaq üçün 594 nəfər müraciət etmiş, müraciət edənlərin 347 nəfəri Məşğulluq Mərkəzuinin xətti ilə işə düzəlmiş, 17 nəfərə işsizlik statusu verilmiş, 47 nəfər Göyçay Regional Peşə Tədris Mərkəzinə peşə hazırlığı kursuna, 29 nəfər ictimai işə göndərilmişdir.
Müraciətlərdə qaldırılan problemlərin bir çoxu Dövlət, bir qismi Kənd İnvestisiya Proqramları xətti ilə, bir qismi Yaponiya səfirliyinin dəstəyi ilə öz həllini tapmışdır. Problemlərin bir çoxunun həlli üçün Nazirliklərə, Komitələrə, baş idarələrə yazılı və şifahi müraciətlər olunmuş, həlli mümkün məsələlər az vaxtda öz həllini tapmışdır.
İl ərzində vətəndaşların təklif, ərizə və şikayətləri, sənədlərlə aparılan işin vəziyyəti 4 dəfə İcra Hakimiyyəti başçısı yanında Şura iclasında, 3 dəfə isə keçirilmiş müşavirədə müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.
2011-ci ildə 2005-ci ilə aid sənədlər ekspertizadan keçirilərək Dövlət Arxivinin rayon şöbəsinə təhvil verilmiş, 2006-2010-cu illərin sənədləri ekspertizadan keçirilərək sistemləşdirilmişdir. Hazırda 2011-ci ilin sənədləri ekspertizadan keçirilir.
Gələcəkdə də vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması, onların qəbulu, eləcə də sənədlərlə aparılan iş daim diqqətdə saxlanılacaq, mövcud Qanun, Fərman və Sərəncamların tələblərinə uyğun qurulacaqdır.
Adil Şirəliyev,
İsmayıllı rayon İcra Hakimiyyətinin ümumi şöbə müdiri

Şərh Yaz