Hər bir sakininin sağlamlığı qorunmalıdır  

   

1948-ci ildə birinci Ümümdünya Səhiyyə Assambleyası Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün Ümümdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib. 1950-ci ildən etibarən Ümümdünya Sağlamlıq günü hər il aprelin 7-də qeyd edilir.  Ümümdünya sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemə həsr olunur. Ümümdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır.

Sağlamlıq Ümümdünya Səhiyyə Təşkilatının Nizamnaməsində yalnız xəstəlikləri, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən edilir. Ümümdünya Səhiyyə Təşkilatı özünün Beynəlxalq Səhiyyə Assambleyası vasitəsilə 194  üzv dövlət tərəfindən idarə olunur. Azərbaycan da bu siyahıya  daxildir.

6 aprel 2021-ci ildə Ümümdünya Səhiyyə Təşkilatının, İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb. Prezident İlham Əliyev videomüraciətində bildirib:

“Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümümdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildən sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksək keyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.

ÜST-nin hesablamalarına əsasən qarşısı alınmayan ekoloji səbəblərin yaratdığı xəstəliklərdən hər il dünyada 13 milyon insan həyatını itirir.

Hazırda Azərbaycanda Səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan İcbari Tibbi Siğorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə Elektron Səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir. Bu arada COVİD-19 pandemiyası bütün dünyada  səhiyyə sistemlərinə böyük təsir göstərməyə davam edir. Azərbaycan COVİD-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüz ilə 2020-ci ilin aprelində Türk Şurasının zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının zirvə toplantısı, 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq vəziyyətinə sadiq olaraq Ümümdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz həmçinin 30-dan çox ölkəyə koronavirus ilə mübarizədə birbaşa hümanitar və maliyyə yardımı göstərmişik”.

Ümümdünya Sağlamlıq Günü diqqəti əsas ictimai səhiyyə məsələlərinə yönəltmək üçün qlobal bir imkandır. Səhiyyə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, xəstəliklərin düzgün müalicəsinin aparılması 2030-cu ilə qədər qarşıda duran əsas məsələlərdən biridir. Uzun və sağlam ömür yaşamağa  nail olmaq və sağlamlığın möhkəmləndirilməsi ictimai səhiyyənin qarşısında duran başlıca vəzifələrdən sayılır. Həmin günün məqsədləri sırasına sağlamlıq qaydalarına düzgün əməl olunması, səhiyyə məsələlərinin həllində dövlət orqanlarına kömək edilməsi, həkimlərin peşəkarlığının artırılması, düzgün qidalanma, idmanın və düzgün həyat tərzinin təbliği, gənclər arasında sağlam vərdişlərin yayılması, yaşlılara və sağlamlıq imkanı məhdud olanlara güzəştli şəraitin yaradılması, tütünçəkmə, alkoqollu içkilər və narkotik maddələrin zərəri, profilaktik prosedurların təyini və s. kimi məsələlər daxildir.

İnsanın sağlamlığı öz əlindədir. Ona görə də yaşayış tərzinə, qidalanmaya, ətraf mühitə qarşı  münasibətə, eləcə də əsəb sisteminin tənzimlənməsinə xüsusi diqqət yetirmək lazımdır. Sağlamlığı  qorumaq üçün  il ərzində  2 dəfə müəyyən müayinələrdən keçmək şərtdir. Əsas da ürək-qan damar sisitemi, tənəffüs və həzm sistemi ilə bağlı müayinələrə üstünlük verilməlidir. Hərəkətliliyin yüksək səviyyədə olmasına da diqqət yetirmək lazımdır. Piyada gəzmək insan orqanizminin gücü və əzələ-sümük sisteminin gəzintyə  davamlılığından asılıdır. Gün ərzində maksimum 5-6 saat piyada gəzmək məsləhət  görülür.

Ümümdünya Sağlamlıq Günü sağlamlığın və səhiyyənin problemlərinə yönələn və planetin hər bir sakininin sağlamlığının qorunması və əmin amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən tədbirdir.

Xanlar Qəmbərov,

İsmayıllı rayon GEM-nin direktoru

Şərh Yaz