Gələcək nəsilləri narkomaniyadan qoruyaq  

 

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Təbii ki, bu xatırlatmamız səbəbsiz deyil. Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı. Qeyd etidyimiz kimi, narkotizmlə mübarizə böyük maliyyə vəsaiti tələb edən prosesdir. Ölkənin maliyyə imkanlarının artırılması üçün isə təbii ki, iqtisadi qüdrət artırılmalıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək üçün əsasını qoyduğu neft strategiyası bu gün də uğurlarımızın davamlılığına zəmin yaradır. Azərbaycan çox qısa zamanda iqtisadi qüdrətini artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı daha da artdı. Bir əsas məqam da hər zaman önə çəkilir ki, ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi mütləqdir. Bunun üçün ayrı-ayrı sahələr üzrə Dövlət Proqramları qəbul edilir və uğurlu icrası təmin olunur.

Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 26 avqust 1996-cı il tarixdə müvafiq fərman imzalamış və problemin həlli istiqamətində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında 2000-ci ilə qədərki dövr üçün narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Bu sənədlərin qəbulunda ümumi məqsəd Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyasını, narkotik vasitələrin və psixotrop maddələrin istehsalını, dərman preparatlarının və xammalın hazırlanmasını qanunla qadağan etməkdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu sənədin başlıca məqsədi ölkədə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün araşdırmaların aparılması, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasına yardım edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.

Son dövrlərdə təhsil müəssisələrində narkotik vasitələrdən istifadənin və satışının geniş yayılması narahatedici məqamlardan biridir. Bu sahədə təhsil orqanları və müəssisələri tərəfindən yerlərdə narkomaniyaya qarşı mübarizə və bununla bağlı tərbiyə sahəsində təbliğat və maarifləndirmə işləri daha da gücləndirilməli, bu məqsədlə şagird və tələbələr arasında təşviqat xarakterli görüşlər, “dəyirmi masalar”, müsabiqələr və digər tədbirlər təşkil edilməli, eyni zamanda sərhəd məntəqələrinə şagirdlərin ekskursiyaları təşkil olunaraq, burada narkotik maddələrin, qaçaqmalçılığın cinayət əməli olması, xüsusilə də narkotiklərin istifadəsinin ağır nəticələri barədə uşaq və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumat verilməlidir. Bunlarla yanaşı, Təhsil Nazirliyi sistemindəki valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil aldığı müəssisələrdə müxtəlif vaxtlarda narkotik vasitələrin insan orqanizminə zərərli təsirləri barədə maarifləndirici təlimlər təşkil edilməli, İnternat məktəblərində yuxarı sinif şagirdlərinə narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş mühazirələr keçirilməlidir. Azərbaycan əhalisi nisbətən gəncdir, təhsil müəssisələrində narkomaniya, siqaret və pis vərdişlərə qarşı ölkənin gələcək inkişafı üçün prioritet sahələrindən olmalıdır.

Asim Musayev,

Zaqatala Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə mayoru

Şərh Yaz