Novruz – el bayramı

 

Bayramların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir… Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar Novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar.

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünyagörüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.

Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyinər, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar.

Novruz bayramının  Novruz  süfrəsi, Novruz  xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirniyyatlar bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir.

Bayram süfrəsində  adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və sair çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddiliyin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.

Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi – sin “s” hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax (bərəkət), sikkə (varlıq), saat ( uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur. Səməninin şəninə mahnı oxunur:

Səməni, saxla məni,

İldə göyərdərəm səni.

Səməni sazana gəlmişəm,

Uzana-uzana gəlmişəm.

Azərbaycanda lap qədimlərdən Novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə bu bayramda “Kəndirbaz”, “Masqara” tamaşaları da hazırlanır.

Bu oyunların içərisində ən geniş yayılmışı “Kosa-kosa” oyunudur. Cavanlar bir yerə toplaşıb, zirək, hazırcavab bir oğlana dəri kürkü tərsinə geydirib, başına uzun motal papaq qoyub aşağıdakı mahnını oxuya-oxuya gəzirlər:

A kosa-kosa, gəlsənə,

Gəlib salam versənə.

Çömçəni doldursana,

Kosanı yola salsana.

 

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər.

Yığar bayram xonçasın,

Hər yerdə düyün eylər.

Bayram şənliyində  keçirilən bu oyunlar özünəməxsus yer tutur. Novruz bayramının çərşənbələrində həyətlərdə tonqal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələr də oxuyarlar.

Ağırlığım-uğurluğum odlara,

Yazda mənlə hoppanmayan yadlara.

Yaxud:

Ağrım-uğrum tökülsün,

Oda düşüb kül olsun.

Yansın alov saçılsın,

Mənim bəxtim açılsın. 

Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. İlk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.

Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq sallamaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.

Onların qurşaqlarına qovurğa, boyanmış yumurta, alma, armud, ərik, gavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi Şəhriyar da “Heydərbabaya salam” əsərində  qurşaq sallamanın təsvirini olduqca gözəl verib:

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu.

Ay nə gözəl qaydaydı şal sallamaq,

Bəy şalına bayrampayı bağlamaq.

Novruz bayramında kin-küdurət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.

Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.

Bu əziz bayram ərəfəsində ölkənin hər bir vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edir və uğurlar diləyirik.

 

Novruzun mənşəyi və tarixi

 

Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20, 21, 22-də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa Şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın – yeni ilin gəlişini şənliklərlə qarşılamışlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimi üzrə ilin ilk günüdür.
Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramının ayr-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin (Əfsanəvi İran şahları Kəyumərs (Avestada Qaye Mərdan), Cəmşid və başqaları) adı ilə bağlamağa çalışmışlar. İslam dini  Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta, bəzi din xadimləri belə bir fərziyyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki, imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamla bağlı deyildir. Əksər xalqlar, o cümlədən azərbaycanlılar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar. Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir. Nizamül Mülk (XI əsr) “Siyasətnamə” əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik şərq, o cümlədən, Azərbaycan poeziyasında geniş yayılmış bahariyyə adlı lirik şerlərdə də təsvir və tərənnüm edilir.
Hər bir xalq bu bayramla bağlı etnik, yerli milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm və mərasim nəğmələri yaratmışdır.

Ümumilikdə, Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada çox təntənəli şəkildə qeyd edilir. İran və Azərbaycandan əlavə, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda bu bayram xüsusi təntənə ilə qeyd edilir. Albaniyada Sultan Nevruz bayramı dini bayram kimi Bəktaşilik təriqətinin davamçıları tərəfindən qeyd edilir.
Ümumiyyətlə, Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən iranlılar və azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.
Novruzu kürdlər İraqda və Türkiyə ərazisində qeyd etdikləri kimi, farslar da Hindistanda və Pakistanda qeyd edirlər.

Novruz Azərbaycanda

Azərbaycanda adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı (“Gün çıx!” nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır.
Novruz bayramı qabağı adətən, evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir və s. Novruz bayramında şirniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi və s.) və plov bişirilir. Rəngbərəng yumurta boyanır,  məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edirlər. Oğlan və qızlar təzə paltar geyib çalıb-oynayır, “Yallı” gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında “Haxışta”, “Bənövşə”, “Kosa-kosa” oynayırlar.

 

Novruzun özünəməxsus, çoxsaylı adətləri vardır:

Novruza hazırlıq görərlər.
Novruzda həyət-bacanı təmizləyərlər.
Novruza qədər ağacların dibini belləyərlər.
Novruza qədər ağacların quru budaqlarını kəsib atarlar.
Novruzda səməni göyərdərlər.
Novruzda səməni halvası bişirərlər.
Novruzda niyyət edərlər.
Novruzda Novruz süfrəsi açarlar.
Novruzda tonqal yandırarlar.
Novruzda üzərrik yandırıb tüstüsünü mal qaraya, oğul-uşağa, ev-eşiyə verərlər.
Novruzda təzə paltar alarlar.
Novruzda qız-gəlini təzə donla sevindirərlər.
Novruzda Novruz xonçası bəzəyərlər.
Novruzda yumurta boyayarlar.
Novruzda səməni göyərtmək düşməyən evə səməni apararlar.
Novruzda təzə paltar geyinərlər.
Novruzda küsülü qalmazlar.
Novruzda qohum-qardaşa qonaq gedərlər.
Novruzda nişanlı qıza Novruz payı apararlar.
Novruz axşamı qarğış eləməzlər.
Novruz günü vəfat etmiş ata-ananın qəbrini ziyarət edərlər.
Novruz günü evin sahibi evdə olar.
Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.
Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona novruz xonçasından pay qoyarlar.
Novruz günü xəstə yatanlara pay göndərərlər.

Onu da qeyd etməliyəm ki, 2024-cü ilin Novruz bayramı xalqımız üçün əvvəlki analoji bayramların hər birindən qürurverici, təmtəraqlı olması ilə tamamilə fərqlidir. Builki bayram suveren Azərbaycanın bütün yaşayış məntəqələrində böyük coşqu, ruh yüksəkliyi ilə qeyd edir. Daha təmtəraqlı bayramlar niyyəti ilə elimə, obama qalib və mübariz xalqıma xoşbəxt həyat, parlaq gələcək arzulayıram.

Şahməmməd Dağlaroğlu,

şair–publisist, Prezident təqaüdçüsü

Şərh Yaz