AŞPA-nın ikili standartları və müstəqil Azərbaycan      

AŞPA qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təklif olunmuşdu. Göstərilən səbəblərin sırasında ölkədə insan haqlarının pozulması halları birinci göstərilsə də, əslində, Avropalıları narahat edən erməni terrorçularının Qarabağdan çıxarılması və 35 il ərzində Qarabağ ermənilərini siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır. AŞPA-nın bu qərəzli addımı Avropa deputatlarının Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsinə etirazının təzahürüdür.

20 ildən çox AŞPA-da fəaliyyətimiz bu qurumun əsl məqsəd və məramını anlamaq üçün kifayətdir. 20 il ərzində Azərbaycan nümayəndə heyətinin bütün səylərinə baxmayaraq AŞPA Ermənistanı qonşu dövlətin torpaqlarını işğal etmiş təcavüzkar kimi tanımadı. Bu müddət ərzində Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın işğalçı siyasəti ilə bağlı irəli sürülən təkliflər eşidilmədi. Ermənistanın işğalçılıq siyasətini pisləyən, Ermənistanda 1998-ci ildə parlamentin və 2013-cü ildə dinc nümayişçilərin gülləbaran edilməsi heç müzakirəyə belə çıxarılmadı. Ermənistanda başdan ayağa korrupsiyaya uğramış, vətəndaşları və dövlət büdcəsini qarət edən və hər cür insan haqlarını tapdalayan Köçəryan – Sarkisyan hakimiyyətinə qarşı heç bir ittiham irəli sürülmədi. Azərbaycan nümayəndə heyətinin bu məsələlərlə bağlı irəli sürdüyü müzakirə təşəbbüslərinin qarşısı dərhal alındı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səylər və təşəbbüslər aparıcı dövlətlərin deputatları tərəfindən bloklandı.

2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə son 30 il müddətində böyük güc mərkəzlərinin dəstəyi ilə Qarabağda yuva salmış separatçı qüvvələrin təslim olması və nəhayət 35 ildən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış öz qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə və bütövlükdə Cənubi Qafqaz bölgəsinə təsir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin etməyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil siyasətini aparmağa çalışan yeganə dövlət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir.

Azərbaycan xalqı artıq anlayır ki, demokratiya, insan haqları, ədalət kimi yüksək pafoslu “Avropa dəyərlərinin” arxasında məkrli niyyətlər və güc mərkəzləri hesab edilən dövlətlər tərəfindən Afrikanın, Asiyanın və bütün zəif dövlətlərin əsrlər boyu əsarət altında saxlanmasını təmin edən neo-imperializm siyasəti dayanır. Avropa siyasətinin əsl mahiyyəti irqçilik, etnik-dini təəssübkeşlik, qızışdırıcılıq və sümürgəçilikdir. Bütün bunlar Azərbaycanın öz ərazisində təmin etməyə səy göstərdiyi azadlıq, istiqrar və ləyaqətli həyat məqsədləri ilə daban-dabana ziddir. AŞPA-nın yürütdüyü siyasət Azərbaycanın öz milli maraqları çərçivəsində aparmağa çalışdığı siyasətlə uzlaşmır, əksinə toqquşur.

Lakin AŞPA öz qərarını vermədən əvvəl Azərbaycan nümayəndə heyəti öz qərarını artıq elan etdi və AŞPA çərçivəsində öz fəaliyyətini dayandırdı. Torpaqlarımız azad olunduqdan sonra, bütün ərazimiz üzərində suverenliyimiz təmin edildikdən sonra Azərbaycanın AŞPA-ya heç bir ehtiyacı yoxdur. Dünyada 200-ə yaxın müstəqil dövlət var və onlardan yalnız 46-sı bu qurumun üzvüdür. Belə olan halda “AŞPA hansı qərarı qəbul edəcək?” sualı yoxdur, indi belə bir sual var: AŞPA Azərbaycana lazımdırmı?

Vasif Cabbarov,

İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi

 

 

 

Şərh Yaz