Azərbaycan sülh istəyir 

 

 

Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bəli, bu bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir. Azərbaycan qalib tərəf kimi bu gündə sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmışdır.

2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən beş əsas prinsipi təqdim etməklə Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib.

Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Ermənistana 5 prinsipdən ibarət sülh gündəliyi təklif etmişdir və sülh təklifinin bəndləri aşağıdakılardan ibarətdir:

  1. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
  2. Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
  3. Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
  4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
  5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.

Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkar olunan kütləvi məzarlıqlar erməni vandalizminin, erməni vəhşiliklərinin misli görünməmiş miqyasından xəbər verir. Aşkar olunmuş iki kütləvi məzarlıqda işgəncələrə məruz qoyularaq sonradan qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının və hərbçilərinin basdırılması faktı artıq öz təsdiqini tapıb. Lakin Ermənistan hələ də Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməkdən yayınır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edərək:-“Əfsuslar olsun ki, bu işğal nəticəsində tarixi abidələrimiz məhv edilib, məscidlərimiz yerlə yeksan edilib, qəbiristanlıqlarımız dağıdılıb. İşğal edilmiş ərazilər bu gün tam məhvə məruz qalmış torpaqlardır. ATƏT iki dəfə faktaraşdırıcı və vəziyyəti qiymətləndirən missiyasını işğal edilmiş ərazilərə göndərib. Onların hesabatında aydın şəkildə göstərilir ki, hər şey dağıdılıb.

Bu, işğal edilmiş ərazilərdə erməni vandallığının nəticəsidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Erməni tərəfinin daim istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Qoy Ermənistan rəhbərliyi Helsinki Yekun Aktını diqqətlə oxusun və aydın tərifləri görsün. Bundan başqa, ermənilər artıq öz müqəddəratını təyin ediblər. Onlar əslində Azərbaycanın tarixi torpaqları hesabına yaradılmış Ermənistan dövlətinə malikdirlər.” bildirmişdir.

2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdik. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.

Lalə Yəhyayeva,

İsmayıllı rayonu Topçu kənd tam orta məktəbinin uşaq birliyi təşkilatının rəhbəri

 

 

Şərh Yaz