Şəhid ailələri hər zaman diqqətdədir

 

Antiterror əməliyyatları zamanı şəhid olan Cahan Xəqani oğlu Qasımovun qız övladı dünyaya gəlib.

Antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə yüksələn,  İsmayıllı rayonunun Qalınçaq kəndindən olan döyüşçümüz Cahan Qasımovun 19 fevral 2024-cü il tarixində qız övladı dünyaya gəlib. Körpəyə Zərifə adı verilib.

22 fevral 2024-cü il tarixində doğum evindən şəhidimizin evə yola salınan ailəsini xəstəxana önündə İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin məsul əməkaşşları qarşılayıblar.

Söylənilənlər bir daha göstərir ki, şəhid ailələri və müharibə iştirakçıları hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. İsmayıllı Rayon İcra Hakimiyyəti şəhid övladlarını hər zaman diqqətdə saxladığı kimi, yeni doğulan körpə balamızı da daim qayğı ilə əhatə edəcəkdir.

Qeyd edək ki, Qasımov Cahan Xəqani oğlu 19 mart 2001-ci ildə İsmayıllı rayonunun Qalınçaq kəndində anadan olub. 2007-2018-ci illərdə orta təhsilini doğma kənd məktəbində alıb. Məktəbi bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra yenidən orduya qayıdaraq müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. 2023-cü ilin 19 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı Xocavənd istiqamətində gedən döyüşlər zamanı yaralanmış və döyüş meydanında bir müddət köməksiz vəziyyətdə qalmışdır. Daha sonra Cahan döyüşçü yoldaşları tərəfindən tapılaraq hərbi hospitala yerləşdirilib.

Həkimlərin çalışmalarına baxmayaraq 10 gün davam edən müalicələr nəticə verməmiş, oktyabr ayının 1-də müalicə aldığı klinikada vəfat edib.

Cəsur döyüşçü, Qalınçaq kənd qəbiristanlığında dəfn edilib. Cahan Qasımov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidimizin yadigarı Zərifə balamızın sağlam və xoşbəxt böyüməsini arzu edir, cənnətməkan Cahan Qasımova Allahdan rəhmət diləyirik.

Şərh Yaz