Gələcək nəsillər üçün böyük töhfə     

Fevral ayının on ikisində Lahıc qəsəbə kitabxanasında filologiya üzrə fəlsəfə doktoru, alim, Lahıc tam orta məktəbinin direktoru Dadaş müəllim Əliyevin “İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” adlı monoqrafiyasının işığına toplaşmışdıq. Sevindirici hal odur ki, Dadaş müəllim monoqrafiyada İsmayıllı mühitindəki azsaylı xalqların folklor ənənələrinin özəlliklərindən, tarixi-mədəni, inzibati-cografi, sosial-iqtisadi, milli-etnik dəyərlərini səciyyələndirmiş, rayonumuzun milliliyini əks etdirən folklorun mövzu və janr rəngarəngliyi ilə oxucunu əyani olaraq daha yaxından tanış edir.

Dadaş müəllim azsaylı xalqların folklor nümunələrini sistemli şəkildə toplamış,mədəni həyatımızda bu gün də hökm sürən adət-ənənələrimizi formalaşdirilmış bir şəkildə tərənnüm etmişdir. Alimimiz demək olar ki, hətta unudulmaqda olan folklor örnəkləri, adət-ənənəni, mərasimləri bu kitabda yenidən canlandırmış və yaddaşlara həkk etməyə çalışmışdır. Heç də sirr deyil ki, müasir dövrumüzdə ölkəmizdən əlavə beynəlxalq səviyyədə Azərbaycanda yaşayan azsaylı xalqların dil və mədəniyyətinə, yaddaşlarda qalan folkloruna maraq ildən-ilə artır.

Monoqrafiyanın o qədər mövzu genişliyi var ki, insan sanki kitabla tanış olduğu andan Tanrıdan möhlət istəyir ki, möhlət versin, İsmayıllı təbiətinin, tarixi keçmişinin, təbii imkanlarının, bölgələrin adət-ənənələrinin, gündən-günə zənginləşən folklor nümunələrinin bir daha şahidi olsun. Monoqrafiyada İsmayıllı etnomuhitində özünəməxsus yer tutan azsaylı xalqların mədəniyyəti, yas mərasimləri, toy mərasimləri, atalar sözləri, sınamalar, məsəllər, ailə qaydaları, bir sözlə, İsmayıllıda yaşayan azsaylı xalqların folklor mühitinin başlıca özəllikləri qeyd olunur. Kitabda tat dilində, eləcə də Azərbaycan dilində tərcüməsi ilə birgə rəvayətlər, nağıllar, lətifələr, maraqlı əhvalatlar, o cümlədən Qulu Seydanın lətifələri geniş yer tutmuşdur.

İndiki dövrümuzdə mənbələri vərəqlədikcə, regional folklorun nümunələri ayrı-ayrı nəşr olunmasının şahidi oluruq. Lakin bu monoqrafiyanın zənginliyi, aliliyi ondadır ki, müxtəlif xalqlara məxsus folklor nümunələri kompleks halında tədqiqatlara əsasən alimimiz tərəfindən dəqiqliklə tərtib olunmuşdur. Bir sözlə, kitabı oxuduqca folklorumuza olan hörmət və sevgi birə min artır. AMEA Folklor İnstitutu Elmi Şurasının 22 iyun 2023-cü il tarixli iclasının 4 saylı qərarına əsasən çap olunan “İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” monoqrafiyası Dadaş müəllimin gələcək nəsillərə olan ən böyük töhfəsidir. Bir mədəniyyət isçisi olaraq, bitib-tükənməz zəhməti sayəsində ərsəyə gətirdiyi monoqrafiyanın çap olunması münasibəti ilə alimimizi ürəkdən təbrik edir, ona uzun ömür və işlərində müvəffəqiyyətlər arzu edirəm.

Gülxar Cəbiqızı,

Ərəgit kənd klubunun mədəni təşkilatçısı, “Aşıq Pəri” məclisinin fəxri üzvü, şairə

Şərh Yaz