“Dağ çiçəkləri”

 

Səs verin

 

Bu seçkilər, seçimlər,

Olmalıdır, bilirəm.

Amma sabahlarımı,

Yenilməz Komandanım,

Zəkası aşıb-daşan,

İLHAMIMDA görürəm!

Mən çağırış etmirəm,

Həqiqəti söyləyib,

İnamıma söykənib,

Nağıl söyləyənlərin,

Arxasınca getmirəm.

Deyirəm ki, uymayın,

Siz xəyala, gümana.

Səs verin zəfər çalan,

Ali Baş Komandana!

Otuz illik həsrətin,

Vüsalına səs verin!

Düşməndən 44 günün,

Qisasına səs verin!

Demokratik ölkənin,

Azad vətəndaşıyıq.

Tikilən bu binanın,

Bünövrə daşlarıyıq.

Qoy olsun namizədlər,

Nə qədər, neçə nəfər.

Görsün insan haqların,

Tanısın bütün bəşər!

Haqqımız, hüququmuz,

Bu seçimdə iştirak.

Azadlıq carçısıyıq,

Ruhumuz parkdan da pak.

Seçilib, seçilməkdə,

Fikrimizdə qətiyik.

Biz Nəsimi, Babəklər,

Mübarizlər nəsliyik!

İkişafdır yolumuz,

Poladdandır qolumuz,

Dünyada şərəfliyik!

Yolumuz HEYDƏR yolu,

Bu yoldadır həqiqət.

Bu yoldadır torpağa,

Yurda böyük məhəbbət!

Keçəcəkdir bu yoldan,

Nə vaxtsa bəşəriyyət!

Bu yol haqqın yoludur,

Bu yol gündoğanadır.

Azərbaycan nur üzlü,

Qəlbi ipək anadır!

Seçmək ayrı məqamdır,

Seçilmək etimaddır.

Xalqın arzu, diləyi,

Pərvazlanan qanaddır!

Tərəqqi, inkişafı,

Görməyənlər var hələ.

Yüksələn AZƏRBAYCAN,

Yıxılmaz innən belə!

Çünki onun qüdrətli,

Siyasi rəhbəri var.

Səbr, inam, təmkinlə,

Düzgün hörülür divar.

Siz ey seçib, seçənlər,

Səs verin bu zamana.

Səs verin zəfər çalan

ALİ BAŞ KOMANDANA!

İnkişafa səs verin!

Dirçəlişə səs verin!

Dünyaya qucaq açan,

Yüksəlişə səs verin!!!

Murad Məhərrəm

 

Xalq onu əziz bilir

 

Öndər quran dövlətin,

Ərşi işıqdı, şamdı.

Gücü, əzmi, qüdrəti,

Şan-şöhrəti İlhamdı!

 

Qurur, tikir, yaradır,

Xalqda inam oyadır.

Xalq da çox gözəl dadır

Bu neməti, İlhamdı!

 

Uğurlu xidmətləri.

Bəzəyir kənd, şəhəri.

Hamı görür hünəri,

Bu zəhməti, İlhamdı!

 

Haqqa haqq deyir ellər,

Can deyir, öyür ellər.

Nəğməyə dönür ellər,

Xoş söhbəti İlhamdı!

 

Dünya bilir, ərz bilir,

Azərbaycan yüksəlir.

Xalq onu əzbər bilir,

Məhəbbəti İlhamdı!

Mövlud Teymur

 

Gör-götür dünyası

 

Gör-götür dünyasıdır,

Nə gördün, nə götürdün?

Tanrı verən bir ömrü,

Boşunamı itirdin?

 

Götürdüyün nə oldu?

Yaradımı işinə?

Lazımlı bildiyini

Öyrətdinmi beşinə?

 

Görüb götürmədiyin,

De, indi yandırırmı?

Səhv yola düşdüyünü

Sənə inandırırmı?

 

Bir arifi görəndə

Əlini sıxdınmı heç?

“Mənəm” – deyən birinin
Önünə çıxdınmı heç?

 

Bir nadanın dilini

Kəsməyə tapdınmı söz?

Ocaqsıza, evsizə

Qış günü verdinmi köz?

 

Bu baş-ayaq dünyada,

De, başına nə girdi?

Yüz fırladıb, bax, demə –

Doqquzla altı birdi.

Şahməmməd Dağlaroğlu

 

Dünya necə var, qalır

 

Bu dünya kimindir, bir sualım var,

Hələ də yaranır “mənəm” deyənlər.

İsgəndər, Çingizxan çox çalışdılar,

Olsunlar dünyaya yeganə rəhbər.

 

İndi bu dünyanın xəritəsində,

Rəngbərəng, neçə cür dövlət yaranıb.

Tanrıdan ərməğan Yer kürəsində,

Sərhədlər, çəpərlər bir-bir uzanıb.

 

Hələ də dəyişir sərhədlər bu gün,

Bölünən bu dünya yenə bölünür.

Niyə heç açılmır vurulan düyün?

İnsanlar çatmayıb ərsə görünür.

 

Hələ də insanlar dərk eləmirlər,

Dünyada hər kəsin öz yeri vardır.

Deyəsən tarixlər, həyat göstərir –

Hər gələn gedəcək, bu dünya qalır.

Hafiz Əlimərdanlı

 

Sən ruhumun kölgəsi…

 

Sən ruhumun kölgəsi, sən üfüqün çizgisi,

Şeirimin aşkarı, ürəyimin gizlisi.

Hər kəsin misra-misra axtarıb tapmadığı,

Kimsənin çözmədiyi, kimsənin batmadığı.

 

Dünyanın ən sonuncu, ən sirli möcüzəsi,

Balıqların nəğməsi, kəpənəklərin səsi.

Xəyalımda itirib, gerçəyimdə tapdığım,

Nəfəsimdə, könlümdə, canımda yaşatdığım.

 

Həm dərdim, həm dərmanım, həm Kəbəm, həm niyyətim,

Ən böyük qələbəmdir sənə təslimiyyətim.

Sən Tanrı sərgisinin ən mükəmməl əl işi,

Günəşin qürubudur kirpiyinin enişi.

 

Min cəhənnəm qədərdir bir həsrət qığılcımı,

Qollarından öpərəm sanıb cənnət qucunu.

Səni elə sevdim ki, həsəd qoydum hər kəsi,

Heç bir nağılda olmaz bu sevgidən ötəsi.

 

Məni şair eyləyən eşq sənin əsərindir,

Bütün şeirlərimin ünvanı gözlərindir.

Oxuyanlar Leylidə yoxmuş bu hünər dedi,

Mənə “dəli” deyənlər, sənə “bəxtəvər” dedi.

Turac Hilal

 

20 Yanvar

 

Nəğmələr titrəyib, susdu dodaqda,

Çiçəklər islandı al qan içində.

Soyuq yanvar günü Dağüstü Parkda,

Yüz məzar qazıldı, bir an içində.

 

Papaqlar başlardan uzaq düşdülər,

Çəkmələr yol üstə qalaqlandılar.

Kövrək ürəklərdə yanan arzular,

Torpağın üstündə çıraqlandılar.

 

O nə fərman idi, nə oyun idi?

O nə ordu idi körpəyə qıydı?

Toyun ertəsi gün bəylə gəlini,

Güllə yarasıyla torpağa qoydu?!.

 

…Sonra da böhtanlar …həddini aşdı,

Bu böhtan daşları kimlərə dəydi?

Müşfiqin yarası sağalmamışdı,

Xəlilin sorağı qəddimi əydi…

 

Qəlbim yaş içində, gözlərim quru,

Ey qatil, bu mənim öz vüqarımdır.

Şəhid övladların məzar daşları,

Çiynimdə rütbəmdir – paqonlarımdır!..

Cəbrayıl Hüseyn

 

Güvəndim içi boş, çürük sevgiyə

 

Lal olan su təki, gəldin ömrümə,

Sakitcə şeytan tək, girdin könlümə.

Sən demə sevgisi dağdır sinəmə,

Güvəndim içi boş, çürük sevgiyə…

 

Mənasız sözlərə necə uymuşam,

Xoşbəxtəm mən deyib, yalan udmuşam.

İllərdi bir zülmə bel bağlamışam?

Güvəndim içi boş, çürük sevgiyə…

 

Bahara göz yumub payız gətirdin,

Açılmış bir gülə qənim kəsildin.

Ömrümə astaca zəhər səpirdin,

Güvəndim içi boş, çürük sevgiyə…

 

Cavanlıq bir ömrə, saldın bir ləkə,

Dözürdüm, bilməzdim, o uzun çəkə.

Yaşadım çox acı bəsimdi bəlkə?

Güvəndim içi boş, çürük sevgiyə…

 

Sevindim nur doğub, qismətə necə,

Parlayar sevgisi gündüz həm gecə.

Düşündüm həyatım ötər beləcə?

İnandım mən kimə, sonsuz itkiyə,

Güvəndim içi boş, çürük sevgiyə…

Xəzər Miraj Məsimov

 

A  dağlar

 

Havaya ehtiyac var, suyum üçün gəlmişəm,

Belədə ağrımır baş, sızlamır can, a dağlar.

İlin, günün içində itkin idi gəncliyim,

Cavanlıq yaşamadım olub cavan, a dağlar.

 

Olub mənim yerimdə, çəkərlər mən çəkəni,

Gedər  seyrəngahından, tərk eyləyər çəməni.

Əlimdə qələm görüb, silahlı sanar məni,

Maral gəlməz yaxına, ürkər ceyran, a dağlar.

 

Hasar çəkilməyibdi, yoxdur səndə çal-çəpər,

İgidlər səninlədir, dayanır arxanda nər.

Qoynunda gecələyəm, qalxıb görəm ki, səhər

Günəş boylanıb, baxır, sökülür dan, a dağlar.

Tamam Nur Tağlabiyanlı

 

Ay kəlağayı

 

“Uzundərə”, ” Naz eləmə”, “Mirzəyi”,

“Şahbuta”, “Noxudu”, “Sarı”, “Mixəyi”,

Anamın, nənəmin arzu, diləyi,

Hər sevən ürəyin gülü, çiçəyi,

Sərvətim, ziynətim, xalqın harayı,

Əfsanə, nağıllı, ay kəlağayı.

 

Yeləni naxışdır, düşmən gülləsi,

Muğamı igidlik, dastan qülləsi,

Məhəbbətin, sədaqətin pilləsi,

Telli sazın, “Vağzalının” şən səsi,

Gedək Qarabağda rəqsi, halayı,

Əfsanə, nağıllı, ay kəlağayı.

 

“Gəlinlik”, “Heyratı” vüsal butası,

“Alçagülü” Vətənimin sonası,

“Bəstənigar” gözəlliyin balası,

Nigarın, Həcərin qeyrət qalası,

Baharın gül tağı, payı çəhrayı,

Əfsanə, nağıllı, ay kəlağayı.

Surə Ziyadqızı

 

Unuda bilmərəm

 

Sanma ki, gözümdən uzaqsan bir az,

Fikrimdəsən gündüz, həm də ki gecə.

Unudaram gülüm, bəlkə bir çoxun,

Unuda bilmərəm tək səni bircə.

 

Sənsən hər arzuma ən yaxın adam,

Xainə, qısqanca, fitnəyə yadam.

Mənim ürəyimin həmdəmisən sən,

Səninlə bir ömür inan ki, şadam.

 

Şirin arzularım bağlıdır sənə,

Səni axtarıram mən dönə-dönə.

Unuda bilmərəm inan ki səni,

Gəl, sənlə qovuşaq, əzizim, yenə.

 

Unudaram bəlkə hər dərdi, qəmi,

Çəksəm də nə qədər acı, iztirab.

Qıyma ayrılığı, həsrəti mənə,

Sənsizliyə qəlbim heç eləməz tab.

Xuraman Baxış

 

Dünya, sən açdın gözümü

 

Ovsunammış, tilsiməmmiş,

Sınıq sazda bir siməmmiş.

Sənin üçün heç kiməmmiş,

Belə bilməzdim özümü,

Dünya, sən açdın gözümü.

 

Mən nə səndə əbədiyəm,

Nə sənin kimi gidiyəm.

Dedim elin igidiyəm,

Silah sanardım sözümü,

Dünya, sən açdın gözümü.

 

Ələyə atdın, ələdin,

Xəmirimi kündələdin.

Ta qovdun namərd elədin,

Yalana yozdun düzümü,

Dünya, sən açdın gözümü.

 

Ədəb, ərkan çıxıb yoxa,

Yaxşılığım dönür oxa.

Dəymir uzun yaşamağa,

Arzulamıram yüzümü,

Dünya, sən açdın gözümü.

 

Nə mən oyam, nə sən osan,

Baş çıxarmaq deyil asan.

Yaşasan gərək yanasan,

Söndürərək od-közümü,

Dünya, sən açdın gözümü,

Dünya, sən açdın gözümü!

Tərlan Saleh

 

Onu izləməkdə gözəl bir həyat

 

Şəhid Ramil Musayevin ailəsinə Bakıda mənzil verildi. Püşkü şəhidin adını yaşadan 3 yaşlı oğlu çəkdi

 

Ramilin yepyeni bir dünyası var,

Ona yeni mənzil, ev də verdilər.

Bu eldə tükənmir hörmət, etibar,

Bir şəhid oğlunu əziz gördülər.

 

Vaxt keçir sürətlə, balaca Ramil,

Xoşbəxt yaşayacaq bu evdə rahat.

Min şükür, diqqətdən kənarda deyil,

Onu izləməkdə gözəl bir həyat.

 

Yox hələ xəbəri çox şeydən onun,

Şəhid övladıtək dolmaqda yaşa.

Ondan xəbər alsan, de, nədir arzun,

Deyər, xoşbəxt olum, anamla qoşa.

 

Ramilin ürəyi dünya boydadır,

Söz yox, sığışacaq bu kiçik evə.

Bəlkə də heç nəyi istəməz hazır,

İstəyər ki onu el, aləm sevə.

 

O, evin püşkünü çəkdi əliylə,

Vətəndən alacaq ata dadını.

Ata Ramil canın bəxş etdi elə,

Vətən sevəcəkdir mərd övladını.

Şərqiyyə Balacanlı

 

Bayatılar

 

Bu ilin qışı gəldi,

Qarı, yağışı gəldi.

Dərd güc gələn canıma

Kimin qarğışı gəldi?

***

Qubada xan qalmadı,

Getdi, nişan qalmadı.

Ürəyimdə ağladım,

Gözümdə qan qalmadı.

***

Ovçular dağa getdi,

Ovun vurmağa getdi.

Yolun solunda durdum,

Bəxt gəlib sağa getdi.

***

Bağçada gülüm vardı,

Söz deyən dilim vardı.

Sonda niyə tək qaldım?

Dost-tanış, elim vardı.

Sayad Abulova

 

 

 

 

Şərh Yaz