Nə yaxşı ki, Teymurumuz var

Onun səsində Talıstanın suyunun ahəngi var, torpağının gücü var, insanlarının duaları var.

 

Elə bil qələmim daşa ilişib. Sözlər, cümlələr xəyal kimi perik düşüb. Qəlbim sanki ağır bir yükün altında əzilir. Hansı kəlməni demək, yazmaq istəyində bulunsam da, söz adlı möhtəşəm bir məfhumun açarını tapa bilmirəm. Qəribədir ki, belə hallarda zümzümə köməyimə çatır. Lirik mahnıların, klassik musiqilərin ahəngində qəlbimi sıxan ağırlıqdan, yükdən xilas oluram. Amma bu yazını günün elə vaxtında yazıram ki, həmin zümzüməni də edə bilmirəm. Gəl indi bu yazını yaz görüm necə yazırsan?!. Heç bir köməyim də yoxdur. Elə bil məni daxildən kimsə kənara – köklənmək istədiyim məqamdan başqa səmtə çəkmək istəyir…

Ruhumun sakit olması üçün əlacsızlıqdan yenə musiqiyə köklənirəm. Elə haqqında yazmaq istədiyim sənətçinin toyda səsləndirdiyi musiqini asta səsdə qoyub qulaq asıram. Sanki bununla məni çulğalayan o hiss və duyğulardan kənarlaşıram. İçimi tərpədən yad duyğuları musiqi ilə özümdən uzaqlaşdırıram.

 

“Teymuram, sizin Teymur Əzizli”

 

Bu səsi xeyli vaxtdır eşitmişəm, sahibini isə ötən il həmyerlimiz, istedadlı şair Turac Hilalın “Yerlə göy arasında” adlı kitabının təqdimatından yaxından tanımışam. Tədbirin sonunda dost və tanışlar əl-ələ verib görüşərkən kənardan bir cavan, yaraşıqlı oğlan da mənə yaxınlaşıb “Əmi, necəsən?” deyə salam verdi. – “Tanıdınmı?” sualı ilə qarşılaşdım. Bir az tərəddüd etmək istəyəndə “Teymuram, sizin Teymur Əzizli” deyə məni vəziyyətdən çıxardı. Düzü, bir az qızardım, amma bunu büruzə vermədim. Hal-əhvallaşdıq, bir-birimizdən xəbər tutduq. Ürəyimdə Teymurun bu ağayana hərəkətinə “Bərəkallah” deyə bildim. Birlikdə dost-tanışlar dayanıb xatirə şəkli də çəkdirdik. Bu tədbirdəki təsadüfi (mənim üçün) görüşdən sonra mütəmadi olaraq tədbir və el məclislərində rastlaşdıq və bir-birimizə doğmalaşdıq.

Bir xeyli müddət əvvəl tanıdığım, ifasını sevə-sevə dinlədiyim, yanıqlı avazı ilə içimi tərpədən Teymur Əzizli haqqında yazmaq istəyi keçdi beynimdən. Amma bu fikrimi ona necə deyim, izah edim? Jurnalist dostumuz Yusif Məhəmmədoğlu ilə məsləhətləşdik ki, bu işdə mənə yardımçı olsun. İş elə gətirdi ki, Teymurun özünü bir başqa şair dostumuz Bəhruz Məmmədovun “Xəzan yarpağı” kitabının təqdimatında və 50 illik yubiley məclisində gördüm, ifasını dəfələrlə dinlədim. Sözümü üzünə dedim və fikrimi özünə çatdırdım. Bu təşəbbüsümdən çox məmnun qalıb mənə aid olan, maraqlandıran məlumatları və bir də bir neçə şəklini mənə göndərdi. Məlum oldu ki, Gülyaz və Gülyanaq Məmmədova bacılarının tələbəsi olmuş, onlardan çox şeyləri əxz etmiş Teymur Əzizli bu sənətə elə belə gəlməyib. Yaxşısı budur ki, onun tərcümeyi-halına nəzər yetirək, bundan sonra onun kim olduğunu dəqiq anlaya bilərik.

 

Ömürnaməsindən

 

Teymur Abbas oğlu Əzizli 27 iyun 1991-ci ildə Azərbaycanın mirvarisi sayılan İsmayıllı rayonunun füsunkar, cazibədar Talıstan kəndində doğulub. O, 1997-ci ildə rayonun E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. Dediyinə görə, uşaqlıqdan musiqi həvəskarı kimi qəlbində çox arzu gəzdirib. Ailələrində musiqiçi olmasa da, onun bu sənətə gəlməyini istəməsələr də, Teymur inadından dönməyib.

 

İstedadlı uşaqların arasında mən də var idim”

 

İlk səhnəyə çıxışını belə xatırlayır: – O an belə yadımda qalıb, təxminən beşinci sinifdə oxuyurdum. Elşad Bayramov adına Talıstan kənd tam orta məktəbində 20 yanvar şəhidlərinin anım günü keçirilirdi və mən də orda “Şəhidlər” mahnısını ifa etdim. İfam hər bir dinləyiciyə xoş təəssürat bağışladı. Ondan sonra mənə şərait yaradıldı ki, məktəbin bütün tədbirlərində çıxış edim. Və bir gün rayondan gəlmiş münsif heyətinin seçdiyi istedadlı uşaqların arasında mən də var idim.

Rayondakı Heydər Əliyev adına Mədəniyyət mərkəzində keçirilən böyük tədbirə mən də dəvətli idim. Burada “Ay Vətən oğlu” mahnısını ifa etdim. Alqışlardan hiss etdim ki, çıxışım çox uğurlu oldu, alqışlarla qarşılandı. Bu çıxışdan sonra məni rayon Uşaq Yaradıcılıq Mərkəzinə dəvət etdilər. Mərkəzdə qarmon ifaçısı Teymur müəllimin rəhbərliyi altında Azərbaycan xalq və bəstəkar mahnılarını istedadlı uşaqlardan ibarət ansamblla məşq etdik, öz üzərimizdə çox çalışdıq. Məqsədimiz rayonda keçirilən dövlət tədbirlərində iştirak etmək idi. Və bizi həmin tədbirlərə çağırmağa başladılar. Bir müddət Fazil Əzimov adına Uşaq İncəsənət Məktəbində Qalib Salmanovdan muğam dərsi aldım.

 

Ömürnaməsinə əlavə

 

Teymur Əzizli 2008-ci ildə Elşad Bayramov adına Talıstan kənd tam orta məktəbinin onbirinci sinfini bitirdi. Respublikanın Xalq artisti Gülyaz Məmmədovanın təkidi ilə Bakı şəhərinə gələn T.Əzizli ondan muğamın ilk sirlərini öyrənib, dərinliklərinə baş vurub. Gülyaz xanımla İsmayıllıda Novruz bayramına həsr edilmiş tədbirdə ilk dəfə tanış olub. Və Bakıda Gülyaz xanımı tapmaqda əmisi Sahib Əzizov böyük köməklik edib. İstedadlı xanəndə G.Məmmədova onu qabiliyyət imtahanına hazırlayıb. İmtahanları uğurla verərək 2011-ci ildə Şuşa Musiqi Kollecinin Xanəndəlik ixtisasına qəbul olunub. Şuşa Musiqi Kollecində təhsil aldığı illərdə Əməkdar artist Sevinc Sarıyevadan və istedadlı ifaçı Aytən Məhərrəmovadan da dərs alan T.Əzizli bununla kifayətlənməyərək Gülyaz Məmmədovanın dərslərində fəal iştirak edib. Onun Teymurun üzərində çox böyük əziyyəti olub, formalaşması üçün əlindən gələni əsirgəməyib. Onu da qeyd edək ki, Teymur Əzizli Gülyanaq Məmmədovanın da onun kamil ifaçı və xanəndə kimi yetişməsində oynadığı rolu xüsusi olaraq qeyd edir.

Təhsil illərində bir çox ansambların solist kimi müxtəlif məkanlarda keçirilən tədbirlərdə öz bacarığını nümayiş etdirib. Folklor İnstitutunda tanınmış sənətçi Sidqi Mustafayevin rəhbərlik etdiyi “İrs” folklor ansamblında da solist kimi fəaliyyət göstərib.

Bundan sonra Murad Rzayevin rəhbərlik etdiyi “Qarabağ bülbülləri” ansamblına da yol açıb, solist kimi ifası rəğbətlə qarşılanıb. Bir çox dövlət tədbirində, hərbi hissələrdə təşkil edilmiş konsertlərdə maraqlı proqram ilə çıxışı indi də bir çoxunun yadındadır. Teymur Əbilov adına Mədəniyyət Mərkəzində Xalq artisti tarzən Zamiq Əliyevin rəhbərlik etdiyi ansamblın üzvü kimi zəngin, yaddaqalan çıxışlarla tamaşaçılar qarşısına çıxıb.

O, 2014-cü ildə Şuşa Musiqi Kollecini bitirib. 2014-cü ildə Prezident Yanında Gənclərə Yardım Fondunun Sumqayıt şəhərində keçirdiyi Muğam festivalının laureatı adını qazanıb.

Uğur dalınca uğur gəlib. Belə ki, T.Əzizli artıq ölkə xaricində keçirilən tədbirlərə də dəvət almağa başlayıb. 2015-ci ildə Türkiyənin Kültür Bakanlığının dəvəti ilə bir çox şəhərdə konsert proqramı ilə çıxış edib. 2016-cı ildə “Qafqaz” Media İctimai Birliyinin, “Qafqazpress” qəzetinin, www.qafqaz.media.az İnformasiya portalının keçirdiyi sorğuya əsasən “Musical fires of Baku” layihəsində “İlin xanəndəsi” nominasıyasında qalib olub. 2017-ci ildə Heydər Əliyev adına Respublika Sarayında keçirilən müsabiqədə ən çox tamaşaçı alqışı qazanıb 1-ci yerə layiq görülüb. Yenə həmin ildə Hacı Bektaş Vəli Kültür dərnəyinin dəvəti ilə Türkiyənin Nev şəhərində konsert proqramı ilə çıxış edib. O, 2018-ci ildə Türkiyədə keçirilən “Caspi art Uluslararası muzik” yarışmasının qalibi kimi Vətənə dönüb.

T.Əzizli 2018-ci ildə Space TV-də keçirilən “Musiqili meydan” musiqi yarışmasının laureatı adını qazanıb. O, 2019-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik ixtisasına daxil olub. Burada Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədovadan təhsil alıb. Gülyanaq xanım ilə ilk duet oxumağa başlayıb, “Ay qız” xalq mahnısını ifa edib. Bu ifadan sonra uğurları çoxalıb. 2023-cü ildə universiteti müvəffəq qiymətlərlə başa vurub, ali təhsilli xanəndə kimi fəaliyyət göstərməyə başlayıb.

O, ailəlidir, 2 övladı var.

 

O, heç kəsi yamsılamır

 

Tanıdığım ilk gündən deyə bilərəm ki, çoxunda duymadığım qeyri-adi məziyyətləri, insanlıq xüsusiyyətlərini, mənəvi zənginliyi əks etdirən ədəb-ərkanı, əlbəttə ki, ilk növbədə mahir ifaçılığı, sənət mədəniyyətini məhz Teymurda görmüşəm. Bu da onun sənətinə olan həvəs və marağından, hörmət və sayğısından irəli gəlir. O, eyni zamanda dostcanlı, yurdsevər, etibarlı, qürurlu, məğrur, sözübütöv, daim öz üzərində çalışan, bütün ambisiyalardan uzaq bir gəncdir.

Hər dəfə onun ifasına qulaq asanda duyğuların qanadında nələri fikirləşmirəm, İlahi?!. Ata yurdu Talıstan vaxtilə Azərbaycanın gözəl təbiəti, flora və faunası olan bir məkan kimi şöhrət qazanıb və bu gün də o xüsusiyyətləri qoruya bilib. Təsadüfi deyil ki, xalqımızın ustad şairi vaxtilə İsmayıllıya gələndə məhz Talıstanın qonağı olub və onun şəninə şeir yazıb. Məhz bu torpaqdan Bakıya üz tutan Teymurun da səsində adamın ruhuna sanki bir od ələnir. Onun ifasına özünəməxsusluq var, bir çoxundan fərqli olaraq heç kəsi yamsılamır. Teymurun şənlik və məclislərdəki ifası təbii və inandırıcıdır.

 

Səsinə bütün İsmayıllı məftundur

 

Yaşının az olmasına baxmayaraq o, musiqi aləmində istedadlı xanəndə, özünəməxsus ifaçılıq qabiliyyəti və məharətinə malik gənc sənətkar, muğam və xalq mahnılarının ifasına, həm də təbliğinə geniş meydan verən musiqişünas kimi də özünü doğruldub. T.Əzizli ifa etdiyi hər bir mahnı və melodiyanı o qədər dərindən dərk edir, səhnədə elə məharətlə yaşadır ki, həmin mahnı yalnız onun ifasında əbədiləşir. Dəyərli dostumuz bədii qiraət ustası, tamada Məhəbbət Etibarlının övladının toyunda mən bunun bir daha şahidi oldum.

Qəribədir ki, kimə üz tutub Teymur haqqında ürəyindən keçənləri, fikirlərini öyrənmək istədimsə, eyni münasibəti, sevgini gördüm. Hamının diqqətində və dilində bir söz təkrarlanırdı: “Teymurun səsində Talıstanın suyunun ahəngi var, torpağının gücü var, insanlarının duaları var”. Xanəndənin adını pərəstişkarlarının dilindən eşidəndə sifətlərindəki məmnunluğu da görürdüm. Onun ürəklərdə yaratdığı sevginin, xoş duyğuların arxasında saf məram var – insanlardan aldığı mənəvi güc, mənəvi qida, mənəvi münasibət. Bax bu cəhətlər onu daha da ruhlandırır, gözəl mahnıların mahir ifaçısına çevirir. Və mən də sevinirəm ki, nə yaxşı, sənətə məsuliyyətlə yanaşan, onu göz bəbəyi kimi qoruyan, belə mükəmməl biliyə, istedada, xüsusi səs tembrinə malik Teymurumuz var. Səsinə bütün İsmayıllı məftundur.

Daşdəmir ƏJDƏROĞLU

Şərh Yaz