“Dağ çiçəkləri” 

Dövlət, sənət

 

Biri şair, biri dövlət adamı,

Biri hörmət, biri izzət adamı.

Biri şərəf, biri şövkət adamı,

Heydər oldu, Rəsul oldu dünyada,

Cığır oldu, bir yol oldu dünyada!

 

Hər ikisi Haqqa tərəf yollandı,

Bu gedişdə nə yoruldu, usandı.

Ancaq çatıb zirvələrdə dayandı,

Şahin oldu, qartal oldu dünyada,

Arzu oldu, amal oldu dünyada!

 

Hər ikisi sənətiylə ucaldı,

İlhamını ana Vətəndən aldı.

Ağlı ilə ərzi heyrətə saldı,

Hikmət oldu, sehir oldu dünyada,

Bilən oldu, mahir oldu dünyada!

 

Mövlud deyir. Siyasətdə Heydərin,

Ağlasığmaz şöhrəti var, çox dərin.

Şeriyyətdə oldu Rəsul da zəngin,

Hər ikisi düha oldu dünyada,

Günəş oldu, şüa oldu dünyada!

Mövlud Teymur

 

Şirin nəğmədir

 

Qara saçlarıma dən düşübsədə,

Ürəyim yamyaşıl bahar kimidir.

Hər anım, hər günüm, hər ayım, ilim,

Budaqdan dərilən nübar kimidir.

 

Həm yurd sevgisi var, Vətən sevgisi,

Çopur daşlarına çəkirəm sığal.

Mənim qalacağım, öləcəyim yer,

Elə bu məkandır, elə bu dağlar!

 

Əvvəli, ya sonu, nə fərqi varmış?

Ömrün nağılları bitib-tükənməz.

Baharı bənövşə, payızı xəzan,

Durnalar köç edər, qışa güvənməz.

 

Hələ ki, dünyada nə qədər varam,

Boylanır qəlbimdən yorğun sevdalar.

Eh, mənzil başına sürət götürüb,

Yamanca tələsir, şütüyür qatar!

 

Sönübmü, qalıbmı o bəxt ulduzum,

Bilmirəm, ayrılıq nədəndir, nədir?

Neyləyim, əzizim, hələ bu yaşda,

Adına yazdığım köz nəğmələrdir!

Murad Məhərrəm

 

Payız yağışı

 

Demək istəyirəm, yetər, dayan, dur,

Nə yaxşı, hardasa yol azıb külək.

Narın yağış yağır, hava soyuqdur,

Deyəsən bu yağış qar gətirəcək.

 

Damcılar birləşib, arx olub axır,

Payızın deməyə sanki sözü var.

İlk qarın yoluna gözaltı baxır,

Budaqdan sallanan sarı yarpaqlar.

 

Sükut ağuşuna alıb aləmi,

Təbiət utanır sökük donundan.

Çəmənlər, dağ-dərə unudub qəmi,

Ağ dona bürünmək istəyir bu an.

 

Bir toya hazırlıq gedir elə bil,

Gördüyüm eşqimi payızla qışın?

Məqsədi gülləri sulamaq deyil,

Bir yaz nisgili var yağan yağışın.

Şahməmməd Dağlaroğlu

 

***

…Millətimin Polad kimi

oğulları olsun deyə,

Şişirtməyin hər yerindən duranları,

Öz-özünü tərifləyib,

yalan, xülya quranları…

…Bər-bəzəksiz, sadə dildə

başa salın balanıza,

Sevdiyi bir oyuncağı

heç kimsəyə vermirsə o

Deyin, o cür keşik çəkib

Vətən adlı qalamıza.

…Qoy yetişsin yurdumuzun

Polad kimi oğulları,

Gerçək olan qəhrəmanlar

unutdursun nağılları…

 

***

Dərman məndə, dərd məndə,

Qəm əynimə biçilib.

Qədəh qalıb əlimdə,

kədər su tək içilib.

Əkmədim şər toxumu,

Yay dartmadı oxumu,

Yozan yoxdu yuxumu,

Qismətim də seçilib.

Keçdi, ötdü yaşım da,

Ap ağardı başım da,

Çox yol vardı qarşımda,

Baxdım hamsı keçilib.

Mənə qalan söz oldu,

O da yandı köz oldu,

Təsəllim bir -döz, oldu,

Səbrim yaman kiçilib.

Bəhruz

 

Qayıt,  gəl, deyirsən

 

Qayıt, gəl, deyirsən, necə qayıdım,

Necə qayıdım ki, getmişəm səndən?

Bir zaman elə mən səninlə idim,

Ruhumu, hissimi aldın əlimdən.

 

Qatara minmişəm, yola düşmüşəm,

Getmişəm ayrılıb, getmişəm daha.

Əyilməz qəddimi sən idin əydin,

Güclə qurtarmışam əlindən yaxa.

 

De, neçə qayıdım, barı söylə sən,

Köksümün üstündə ocaq çatardın.

Getmişəm gedənlər, yox, dönməyir ki,

Düyğuma, aşıma zəhər qatardın.

 

Çıxarsan yoluma durub sübh-tezdən,

Məni gözləyərsən hər gün, hər səhər.

Özünü günahkar biləndə artıq,

Durarsan fikrindən dönənə qədər.

 

Qatar dönəcəkmi, dönməyəcəkmi,

Sən onu qatarı sürəndən soruş.

Daha qayıtmağa gəlmir gümanım,

Sənə də mənimlə rahatlıq yoxmuş.

 

Bir də qayıtmaram sənsizəm artıq,

Yüyür gəl arxamca çatana qədər.

Mənə də çətindir sənsiz yaşamaq,

Dözüb yaşayaram axır bir təhər.

Rüstəm Məbudoğlu

 

Nəsihətdən qaçanlara

 

Oğul atasına ağıl öyrədir,

Bu nə zəmanədir, gəlmişik hara?

O nə oğuldur ki, bilməyir qədir,

Belə övladların taleyi qara.

 

O da ata olar, əkdiyin biçər,

Bilər nəsihətin nə olduğunu.

Ömrü əziyyətdə, əzabla keçər,

Nadan olduğundan dərk etməz bunu.

 

Ata nəsihətin tutmayan bir kəs,

Başını gəzdirər, baş ola bilməz.

Aş bişirən aşpaz, çalışma əbəs,

Hər yetişən çəltik aş ola bilməz.

Şərqiyyə Balacanlı

 

Qəlbini qırmışam, məni bağışla

 

Bir ağac olub bitdin könlümdə,

Kölgəsi şam olub, yanıb üstümdə.

İndi, o günlərin durub önümdə,

Qəlbini qırmışam, məni bağışla…

 

İllərlə əzaba dözdün hər yaşı,

Səbirli olmusan, sən mənə qarşı.

Gözümdə əksindir hər addım başı,

Qəlbini qırmışam, məni bağışla…

 

Gizlətdin qəlbini acı, o yaşdan,

Qapandı kirpiklər, dondu, o qışdan.

Necə pis olmuşam, ürəyi daşdan,

Qəlbini qırmışam, məni bağışla…

 

Necə sən sevmisən, kor olub gözüm,

Aldanıb şeytanla bir olub sözüm.

Qalmışam, ölmüşəm bilmirəm özüm,

Qəlbini qırmışam məni bağışla…

Qəlbini qırmışam, məni bağışla…

Xəzər Miraj Məsimov

 

Sevgiyə köklənmiş bəndlər

 

Min ildir dünyaya göz açdığım an,

Min ildir qırılan könlüm şüşəsi.

Bilməm nə qalıbdır cavanlığımdan,

Bu yaşdan o yana gözün düşəsi…

 

Ay ilk məhəbbətim, axtar, gəz məni,

Kimsəsiz uşağam, gözü dolmuşam.

Heç bir uşaq evi götürməz məni,

Mən səndən doğulub yetim qalmışam…

 

Üzgü öyrənmişəm göz yaşlarımda,

Dəryalar, dənizlər, batırmaz məni.

Həsrətin yol çəkir baxışlarımda,

Ana laylası da, yatırmaz məni…

 

Elə qırımdayam, elə qırımda,

Çəkib, xəyallardan qoparsan məni…

Fəqət , gizlənmişəm, qırışlarımda,

Axtarsan… çətin ki, taparsan məni…

 

Ruhu ovutmağa bir dəm tapmıram,

Bahara keçid yox ömrün qışından.

Heç köhnə yarama məlhəm tapmıram,

Sən ox düzəldirsən qələm qaşından…

Cəbrayıl Hüseyn

 

Bəsimdir

 

Bəzi var-dövlət hərislərinə

 

Dünyanın dövləti qoy sənin olsun,

Xalqın məhəbbəti bəsimdir, bəsim.

Tanrı sevgisini duyub yaşaram,

Əlimin zəhməti bəsimdir, bəsim.

 

Bağlıyam ürəkdən qara torpağa,

Günəşin nuru qoy düşsün yanağa.

Tanrı varın səpsin bağçaya, bağa,

İlahi sərvəti bəsimdir, bəsim.

 

Ucalsın dünyaya Vətən sevgisi,

Onun şan şöhrəti bəsimdir, bəsim.

Başı uca gəzsin xalqım həyatda,

Elimin qeyrəti bəsimdir, bəsim!

Xuraman Baxış

 

Kim diridir, kim ölü

 

Dinləyirəm gecənin ürək döyüntüsünü,

Yuxum ac pişik kimi gözümü cırmaqlayır.

Sinəm buz qaranlığı basır göyüntüsünə,

Üşüyən kürəyimi həsrətin qucaqlayır.

 

Zülmətə çapıq salır buludların davası,

Mürgüləyən Alabaş kölgəsinə havlayır.

Qovub qorxularını yetim sərçə balası

Qısılıb qaranlığa, gecəni sabahlayır.

 

Oxuyur bayan bayquş, külək tutur ritmini,

Könlümü almaq üçün rəqs edir yarasalar.

Mən səndə unuduldum mində birisi kimi,

Səni məndə taparlar harada arasalar.

 

Bu gecə sənsizliyin tablosunu yaradıb,

Tutunmaqçün sabaha necə səbəb gətirir.

Dodaqlarım vusalı dodaqlarında dadıb,

Uçub sənə gəlməyə ruhum qanad bitirir.

 

Sual düşsə, “darıxmaq necədir?” – imtahana,

Qurban dediyin eşqə qurban olandan soruş.

Gəl, bu sevgi uğrunda sən “şəhid” ol, mən “ana”.

Kim diridir, kim ölü soruş, anandan soruş.

Turac Hilal

 

***

Sirr verməsi bülbülə, ürəyi açması yox,

Bir kərə açan gülün bir daha açması yox.

 

Uçmaq vaxtı gələndə neyləyəcək bilinmir,

Uçmasından ötəri qol-qanad açması yox.

 

Tale, qismət adında qapıda nə görübsə,

Qapını qapı kimi örtməsi, açması yox.

 

Açmaq deyil peşəsi, bağlamaq olduğundan,

Örtülmək istəyəni əl atıb açması yox.

 

Dil boğaza qoymayıb, çığıracaq üstəlik,

Kim deyir ki, dilsizin dilini açması yox.

 

Min yol yaxşı günlüdən əhval, hal soruşanın,

Bir yol irin, qan verən yaranı açması yox.

 

Tamam Nurun gecəsi özü üçün gecədir,

Kimsənin də kimsəçün sabahı açması yox.

Tamam Nur Tağlabiyanlı

 

Aparır

 

Haqq yolunun yolçuları,

Hərəsi bir şey aparır.

Biri etməz yolu yarı,

Biri çəkir, hey, aparır.

 

Hər anı daşdan da ağır,

Yağır, bəxtinə, hey, yağır.

Göz yaşını ürək yığır,

Ömür üçün mey aparır.

 

Yanır canın, gedir huşun,

Hanı yarı vurulmuşun?!

Pərvaz etməz könül quşun,

Tərlan qovur, ley aparır.

 

Səf çəkib yüz xəyal, fikir,

Canına dərd evi tikir.

Ağrıları kaman çəkir,

Dərdi, qəmi ney aparır.

 

Şahlar eşqdən libas geyib,

Olanına şükür deyib.

Cismini torpaq behləyib,

Ruhunu da göy aparır.

Şahlar Hacıyev

 

Bayatılar

 

Əzizim, ara düşdü,

Gül əkdim, qara düşdü.

Hərəmiz bir rəng seçdik,

Bəxtimə qara düşdü.

 

Hamı məndən yan durdu,

Damarımda qan durdu.

Ölsəm, öldü deməyin,

Mənimçün zaman durdu.

 

Ocaqda közüm qaldı,

Közümdə dözüm qaldı.

Özüm qala bilmədim,

Sizlərə sözüm qaldı.

 

Məlahət, əziz balam,

Qarşında bir sualam.

Sənlə dil-dil ötərdim,

Sənsiz cansızam, lalam.

 

Qocaltdı zülüm məni,

Apardı ölüm məni.

Darıxaram, arada,

Gəl yoxla, gülüm, məni.

Sayad Abulova

 

 

Şərh Yaz