Hər yağış yağanda məni xatırla

 

Qocalar evində yaşlı bir qadın pəncərədən baxaraq, yağan yağışın göz yaşı kimi narın damlalarını seyr edirdi.  Bu mənzərədən rahatlıq tapır, gəncliyində olduğu kimi, zövq alırdı. Hətta gəncliyində ən çox sevdiyi hal sarı, ipək saçlarını yağışda islatmaq və yağışdan sonra çıxan günəşin isti şuaları ilə onları qurudub daraması idi. Eh! Nə edəsən? Həyatda hər şeyin bir əksi var. Cavanlığın sonrakı üzü qocalıq olduğu kimi. Yağışı seyr edərkən həmişə ağlayıram. Bu arada xətrini çox istədiyim qadın mənə yaxınlaşıb: Mələk, niyə ağlayırsan? – deyə soruşdu.

– Səmanın qəzəbindən yağış torpağın üzərinə süzülən kimi, bizim göz yaşımız da ürəkdə gizlətdiyimiz fərqli duyğulardan – qəmdən və ya kədərdən asılı olaaq yanaqlarımızdan süzülür. Məncə, insanın gözü dolmuş bulud, yağışı isə göz yaşlarıdır. Elə deyilmi, bacım? Niyə ağladığımı soruşursan.

Mən varlı bir ailənin qızı idim. Valideynlərim məni zorla istəmədiyim biri ilə evləndirmək istədi. Razılaşmadım. Mənim evlənmək istədiyim başqası idi. Valideynlərimin təzyiqi ilə nişanlandığım oğlan: Mənim olmasan, məni sevməsən sevdiyin oğlanı öldürərəm, – dedi.

Bizim sevgimiz odla suyun sevgisinə bənzədi. Su odu sevər, amma onu söndürməmək üçün yaxınlaşmaz. Od da suyu sevər, amma onu buxarlandırıb yox etməkdən qorxar. Sonda ikisi də yox olar…

Günlərin birində məcbur nişanlandığım oğlan yalnız onun olum deyə, sevdiyim oğlanı öldürür…

Bu xəbəri eşidəndə ruhumun bədənimi necə tərk etdiyini aydınca duydum. Ölümündən bir ay əvvəl parkdakı görşümüz zamanı birdən narın yaz yağışı yağmağa başladı. Biri-birinə sıxılsaq da əməlli islandıq. Bəlkə də ürəyinə dammışdı ayrılacağımız. Son dəfə ondan bu sözləri eşitdim: Allahın işidir, ayrılarıqsa, hər  yağan yağışda məni xatırla. Onda indi əllərimlə sığal çəkdiyim saçlarına yağış olub sığal çəkəcəm.

Şərh Yaz